Modern.az

Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursu keçiriləcək

Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursu keçiriləcək

21 İyun 2018, 21:06

Son illər respublikamızda təhsil sahəsində aparılan köklü islahatlar öz nəticəsini verməkdədir. Təhsilin keyfiyyətinin yüksəldilməsi sərbəst düşünmə, qərar vermə bacarıqlarına malik gəncliyin yetişməsinə öz töhfəsini verir. Kəlbəcər rayon 56 saylı tam orta məktəbin Fizika müəlliməsi Gülsarə Həsənovanın Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində icra etdiyi “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi də bu hədəfləri qarşıya qoyub.

 

Layihə rəhbəri Gülsarə Həsənovanın Modern.az-a verdiyi məlumata görə, şagirdlərin hələ məktəb yaşlarında fizikanın qanun və qanunauyğunluqlarına, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırır: “Bu gün sənaye, kənd təsərrüfatı, nəqliyyat,  rabitə, informasiya kommunikasiya texnologiyaları, tibb və insanların məişətinə geniş təbiq olunan texnika və texnologiyalar fizikanın inkişafı nəticəsində yaradılıb. Təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu, xassələrini öyrənən fizika həm də bütün elm, texnika, istehsalat və məişət vasitələrinin iş prinsipinin əsasında durur. Bu mənada cəmiyyətdəki yenilikləri düzgün qavramaq üçün fizikanın təbiətlə bağlı qanunlarını düzgün dərk etmək vacibdir. Fizikanın öyrənilməsi şagirdlərin əqli inkişafı, məntiqi təfəkkürünün formalaşdırılması, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsi, nitqinin inkişaf etdirilməsi üçün də güclü vasitədir. Bu mənada orta ümümtəhsil məktəblərində müasir üsullarla tədris edilən fizika dərsləri elə qurulmalıdır ki, şagirdlərdə fənnə qarşı maraq yaransın. Azərbaycanın gələcəyini həvalə edəcəyimiz bu günün şagirdlərində   tədqiqatlara, yeniliklərə maraq artsın. Beş ay müddətində icra olunacaq bu layihənin də məqsədi məcburi köçkünlərin təhsil aldığı orta məktəbdə əyani vəsaitlər, yeni yazı lövhəsi və proyektorla təmin olunan Fizika kabinetinin qurulması, fizikaya maraq göstərən istedadlı uşaqlar üçün dərsdən kənar kursların təşkili ilə şagirdlərdə məntiqi təfəkkürünü formalaşdırılması, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsi, tədqiqatlara, yeniliklərə marağın artırılmasıdır”.

 

G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində 650-yə yaxın şagirdin təhsil aldığı Kəlbəcər rayon 56 saylı tam orta məktəbdə fizika kabineti qurulacaq: “Fizika kabineti fənnin müasir üsullarla tədrisinə imkan verən əyani vasaitlərlə təmin ediləcək. Həmçinin, sinif otağı üçün proyektor və yazı lövhəsi alınacaq. Bundan başqa “gənc fiziklər” kursunda iştirak üçün müraciət edənlər arasından iştirakçılar seçilərək hər biri 15 nəfərdən ibarət iki qrup yaradılacaq. Daha sonra Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında fizikaya maraq göstərən istedadlı şagirdlər üçün “gənc fiziklər” kursu təşkil olunacaq. Kurslar hər biri 15 nəfər olmaqla iki qrupda aparılacaq.  Dərslər həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək. Kursların sonunda iştirakçılar arasında bilik yarışı təşkil olunacaq. Müsabiqənin sonunda yüksək nəticə göstərən şagirdlərə sertifikat veriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu