Modern.az

Azərbaycanın Riqadakı səfiri: “Latviya İpək Yoluna qoşulmağa  maraq göstərir” - MÜSAHİBƏ

Azərbaycanın Riqadakı səfiri: “Latviya İpək Yoluna qoşulmağa  maraq göstərir” - MÜSAHİBƏ

İqtisadiyyat

6 Avqust 2018, 12:14

Cavanşir  Axundov: “Azərbaycan – Latviya münasibətləri tarixi köklərə əsaslanır”


Hələ ötən əsrin əvvəllərində Azərbaycan-Latviya  arasında geniş siyasi, iqtisadi və mədəni təmaslar qurulmuş, iki ölkənin dövlət müstəqilliyinə qarşılıqlı dəstək ifadə edilmişdir. Bu il hər iki ölkə  dövlət müstəqilliyinin 100 illiyini qeyd edir. 


Dövlət müstəqilliyimizin bərpa edilməsindən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni bir səhifə açılıb, siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrimiz uğurlu inkişaf yoluna qədəm qoyub.

Bu gün ikitərəfli siyasi əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirmək olar. Qeyd etməliyik ki, Latviya istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib. Həmçinin, ölkələrimiz arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda sıx əməkdaşlıq həyata keçirilir.


Bütün bunlara Azərbaycanın Latviyadakı səfiri  Cavanşir  Axundovla söhbətdə də toxunduq. Modern.az saytı səfirlə müsahibəni təqdim edir:


- Cənab səfir, bu gün Azərbaycan-Latviya əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində hansı işlər görülür?


- Hazırda iki ölkənin dövlət başçıları, parlament, hökumət və digər dövlət qurumları arasında sıx əməkdaşlıq həyata keçirilir. Təkcə son 2-3 ildə ölkələrimizin prezidentləri, parlament sədrləri, xarici işlər nazirləri, ədliyyə nazirləri və digər mühüm dövlət rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, Hökumətlərarası Komissiyanın iki iclası baş tutmuş, ölkələrimiz  arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş  əhəmiyyətli qərarlar qəbul edilmiş və mühüm sazişlər imzalanmışdır.

Son dövrdə ikitərəfli əlaqələrimizin inkişaf dinamikası həm yüksək siyasi təmasların artması, həm də iqtisadi-ticari, mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələrimizin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2017-ci ilin mart ayında Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonisin V Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfərini, həmçinin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına rəsmi səfərini misal göstərmək olar. Qeyd edilən səfərlər zamanı keçirilmiş yüksək səviyyəli görüş və müzakirələrdə ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin təşviqinə qarşılıqlı maraq ifadə edilmiş və əhəmiyyətli razılaşmalar əldə olunmuşdur. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti və təhsil sahələrində əməkdaşlığa dair sazişlərlə yanaşı, “Strateji tərəfdaşlığın yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması ikitərəfli əlaqələrimizin əhəmiyyətini bir daha nümayiş etdirir.

Səfər çərçivəsində Latviya-Azərbaycan biznes-forumu da keçirilmişdir. İki ölkənin prezidentilərinin iştirak etdikləri bu tədbirdə əhəmiyyətli  danışıqlar aparılmış və bir sıra mühüm razılaşmalar əldə edilmişdir.

İki ölkənin XİN rəhbərləri arasında da istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində görüş və müzakirələr, siyasi məsləhətləşmələr müntəzəm xarakter daşıyır. 2017-ci ilin 13-14 fevralında Latviya xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı bir sıra ikitərəfli məsələlər müzakirələr edilmiş, Azərbaycanla Latviya hökumətləri arasında xidməti pasportlara malik şəxslərin viza rejimindən azad edilməsi haqqında saziş imzalanmışdır.

Ümumilikdə, indiyə qədər ölkələrimiz arasında 40 sənəd imzalanmışdır.

Parlamentlərarası əlaqələrimiz də uğurlu inkişaf yolu keçmiş, iki ölkə arasında aktiv parlament diplomatiyası həyata keçirilmiş, qarşılıqlı səfər və görüşlər intensiv xarakter almışdır. Hazırda hər iki ölkənin parlamentində əməkdaşlıq üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. 2015-ci ilin 26 fevralında Latviya Seyminin Azərbaycan--Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edilmişdir. Azərbaycan-Latviya Parlamentlərarası Dostluq Qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilmiş bəyanatda bu faciə insanlıq əleyhinə cinayət olaraq tanınmışdır.

İki ölkənin parlament sədrləri arasında yaxın işçi və dost münasibətlər yaranmışdır. 2016-cı ilin oktyabr ayında Latviya Seyminin sədri xanım İnara Murnietse Azərbaycana, 2017-ci ilin may ayında isə Milli Məclisinin sədri Oqtay Əsədov  Latviya Respublikasına səfər etmişlər. 

Son dövrlərdə iki ölkənin ədliyyə orqanları arasında da sıx əməkdaşlıq həyata keçirilir. 2017-ci il sentyabrın 13-dən 15-dək Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun geniş nümayəndə heyəti ilə Latviyaya səfəri və iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, həmçinin  oktyabrın 18-də Latviyanın  ədliyyə naziri  Dzintars Rasnaçsın yüksək səviyyəli nümayəndə heyəti ilə ölkəmizə səfəri hüquqi sahədə əməkdaşlığımızın dərinləşdirilməsinə öz töhfəsini vermişdir. Səfərlər çərçivəsində keçirilmiş məhsuldar görüş və müzakirələrdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşılığın inkişafına qarşılıqlı dəstək ifadə edilmişdir. Qeyd olunan  Memorandum imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan vermişdir. Hazırda Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədris tədbirləri keçirilir, qarşılıqlı müsbət təcrübələr öyrənilir. Bu əməkdaşlığın davamı olaraq Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2018-ci ilin iyul ayında Latviyaya səfər etmişdir. Səfərin məqsədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsi və bu sahədə xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur. 


- İki müstəqil dövlətin  hazırki iqtisadi-ticari əlaqələri barədə nə deyə bilərsiz?


- İkitərəfli iqtisadi-ticari əlaqələrimiz də uğurlu inkişaf yolu keçmişdir. Coğrafi məsafəyə baxmayaraq, Latviya və Azərbaycanın paytaxtlarını 6 aylıq mövsümi uçuşlar birləşdirir və hazırda müvafiq reysləri  Latviyanın “AirBaltic” aviaşirkəti həyata keçirir. Bu isə öz növbəsində iki ölkə arasında sərnişin, tranzit yük daşımaları, ticarət və turizmin inkişafına öz təsirini göstərir və nəticədə aviareyslərin gələcəkdə bütün il boyu həyata keçirilməsinə geniş imkanlar açılır.

2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 72 faiz  artaraq 15 milyon, cari ilin 1-ci yarısında isə 3,6 dəfə artaraq 15,1 milyon ABŞ dolları həcmində  olmuşdur. Bütün bunlar ötən dövr ərzində görülmüş məqsədyönlü işlərin  nəticəsidir.

Ölkələrimiz beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində də əməkdaşlığa xüsusi maraq göstərir və hazırda bu istiqamətdə davamlı iş aparırlar. Həmçinin biznes və sərmayələrin qarşılıqlı təşviqi istiqamətində fəaliyyətimiz davam edir. Hazırda iki ölkə arasında  iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir və 2017-ci ilin iyun ayında Bakıda komissiyanın 7-ci iclası keçirilmişdir. İclasda Latviya tərəfindən komissiyanın həmsədri, yollar naziri Uldis Auqulis iştirak etmişdir. İclas zamanı bir sıra iqtisadi məsələlər barədə  vacib qərarlar qəbul edilmişdir. Latviya  Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir. Hazırda Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40-a yaxın Latviya şirkəti fəaliyyət göstərir.

Həmçinin müasir logistika, tranzit və regional bazarlara çıxış imkanları baxımından əlverişli coğrafi məkanlarda yerləşən Azərbaycan və Latviya müvafiq olaraq Cənubi Qafqaz və Baltik regionunda strateji əməkdaşlığa böyük maraq göstərir. 2017-ci ilin oktyabr ayında MDB və Baltik ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində iki ölkənin sərnişin və yük daşımaları sahəsində əməkdaşlığının inkişafına qərar verilmişdir. Latviya Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də istifadə etmək niyyətindədir. Həmçinin Latviya ZUBR dəmir yolu xətti layihəsi üzrə də Azərbaycanla əməkdaşlığa və İpək Yoluna qoşulmağa  maraq göstərir.

Hazırda iqtisadi-ticari sahədə yüksək təmaslarımız davam etdirilir. 2018-ci ilin 23-24 iyulunda  tarixlərində Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına işgüzar səfər etmişdir.  Səfər çərçivəsində nümayəndə heyəti Latviya Respublikası Baş nazirinin müavini – iqtisadiyyat naziri Arvils Aşeradens, nəqliyyat naziri, Azərbaycan – Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfində həmsədri Uldis Auqulis və Latviya Respublikası İqtisadiyyat Nazirliyinin parlament katibi Yānis Upeniks ilə görüşmüşdür.

Həmçinin səfər çərçivəsində Riqada Azərbaycan Ticarət evinin rəsmi açılış mərasimi keçirilmişdir.  Bununla da yüksək keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Latviya və regional bazarlara çıxarılması üçün geniş imkanlar açılmışdır. Bu layihə iki ölkə arasında ticarət dövriyyəsinə də böyük töhfə verəcək və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqinə geniş imkanlar açacaq.

 

Cənab səfir, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində hansı işlər görülür?


- Bu gün Latviyada ölkəmizin tarixi-mədəni irsinin təbliği istiqamətində də fəaliyyətimiz davam edir. 2018-ci ilin 25 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar səfirliyimiz tərəfindən rəsmi qəbul keçirilmişdir. Latviya Milli Simfonik Orkestrinin binası – “Böyük Gildiya” Sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycandan dəvət edilmiş “Emil Əfrasiyab və dostları” musiqi qrupunun  ifasında möhtəşəm konsert proqramı təqdim olunmuşdur. Etno-caz janrında keçirilən konsertdə Latviya ictimaiyyətinin tanınmış nümayəndələri, Riqa şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və Azərbaycan icmasının üzvlərindən ibarət 500 nəfərə yaxın qonaq iştirak etmişdir.

Elm, təhsil və mədəniyyət sahələrində də əlaqələrimiz uğurla inkişaf edir. Hazırda Latviya ali məktəblərinə hər il orta hesabla 150 azərbaycanlı tələbə qəbul olunur.

Mədəniyyət sahəsində əlaqələrin davamlı inkişafına yönəlmiş tədbirlər sırasında xalqlararası mədəni təmasların gücləndirilməsi və bu istiqamətdə Azərbaycanın tarixi və mədəni irsinin Latviya ictimaiyyəti arasında  təbliği işinə geniş yer verilmişdir. Bunlardan misal olaraq 2016-cı ildə səfirliyimiz tərəfindən Latviya Respublikasının milli-mədəni mərkəzlərindən biri sayılan Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzi-- “Azərbaycan guşəsi” nin açılmasını göstərmək olar. Hazırda bu mərkəzdə Azərbaycana dair təqdimat xarakterli silsilə tədbirlər həyata keçirilir. 2017-ci ilin 11 dekabrında burada  Latviya ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İnkişafın analogiyası: Azərbaycan və Latviya inkişaf yolunda” mövzusunda “dəyirmi masa”, 2018-ci ilin mart ayında isə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar toplantı keçirilmişdir.  

Latviya Respublikasının sabiq prezidentləri - xanım Vayra-Vike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, cənab Valdis Zatlers isə həmin  mərkəzin üzvüdür.

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi