Modern.az

“Bakmil” stansiyasına giriş-çıxış məhdudlaşdırılacaq

“Bakmil” stansiyasına giriş-çıxış məhdudlaşdırılacaq

6 Avqust 2018, 17:53

Avqustun 8-də "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi başlanır.

 

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki,  1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil"də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi.

2017-ci ilin yayından aparılan yenidənqurmanın əvvəlki mərhələlərində görülən yüksək təhlükəsizlik tədbirləri nəticəsində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmayıb. Lakin təmirin qarşıdakı müddəti ərzində burada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişin qatarlarının hərəkətinin günün müəyyən saatlarında məhdudlaşdırılması zərurəti yaranıb. Eyni zamanda, görüləcək işlərin mahiyyəti nəzərə alınaraq, bu, təmir prosesinin sürətləndirilməsinə də təsir edəcək.

 

Qeyd edilənləri nəzərə alaraq, 2018-ci il avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Belə ki, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

 

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi məhdudiyyəti stansiyadan istifadə edənlərin monitorinqini apararaq tətbiq edib. "Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq.

 

Məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərəcək.

 

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi