Modern.az

Müxalifət İlqar Məmmədovun canlanma yaradacağına İNANMIR

Müxalifət İlqar Məmmədovun canlanma yaradacağına İNANMIR

13 Avqust 2018, 14:14

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb.  Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ. Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub. 

 

Modern.az saytı İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı bir sıra  siyasi təşkilatların  fikrini öyrənib. İlqar Məmmədovun azadlığa çıxması müxalifət düşərgəsində canlanmaya səbəb olacaqmı?

 

Müsavat Partiyasının başqanı Arif Hacılı İlqar Məmmədovun azadlığa buraxılmasını  müsbət hadisə kimi qiymətləndirib:

 

“Onun azadlığa çıxması yalnız İlqar Məmmədovun özü, yaxınları  üçün yox, Azərbaycan üçün  müsbət siyasi hadisədir. İlqar Məmmədovu və  onun rəhbərlik etdiyi REAL təşkilatını  onun azadlığa çıxması  münasibətilə təbrik edirəm  və onlara yeni mübarizə uğurları arzulayıram. İlqar Məmmədov  həbsdə də öz siyasi fəaliyyətini davam etdirirdi. Ona görə  onun azadlığa çıxması ilə əlaqədar hər  hansı bir həlledici  dəyişikliklərin olacağını düşünmürəm. Yəqin ki, o, buna qədər apardığı siyasi  fəaliyyətini bundan sonra da davam etdirəcək. İnanıram ki, İlqar Məmmədovun siyasi mövqeyində dəyişikliklər baş verməyəcək”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə  deyib ki, İlqar Məmmədovla bağlı proses hələ davam etməlidir:

 

“İlk növbədə İlqar Məmmədovu, REAL təşkilatının üzvlərini, o cümlədən doğmalarını-yaxınlarını təbrik edirəm. 

Lakin “indi ədalət zəfər çaldı” deyə bilmirəm. Çünki üzərinə sınaq müddəti qoymaqla şərti cəza veriblər. Proses davam etməlidir, İlqara və  partiya  üzvlərinə uğurlar arzulayıram ki, özlərində güc tapıb mübarizəni davam etsinlər. İlqar Məmmədovun azadlığa çıxmasının müxalifət düşərgəsində hansısa  dəyişikliyə səbəb olacağını  zaman  göstərəcək. Hansı  konfiqurasiyalarda birləşmək, mübarizə aparmaq istəyəcəklər, bloklaşmaya münasibət necə olacaq  və s.  Bu , fəaliyyətdən asılıdır”.

 

Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu deyib ki,  İlqar Məmmədovun  həbsxanaya salınmasının  heç bir  hüquqi əsası yox idi:

 

“Bunu dəfələrlə  demişəm. Onu çox yaxşı tanıyıram – AMİP-də olandan bəri. Onun elə bir qeyri-adi liderlik qabiliyyəti, bacarığı olduğuna inanmıram. Düşünmürəm ki, İlqar Məmmədov Azərbaycan siyasi müxalifətinə hansısa yenilik, dəyişiklik gətirə bilər. Əgər qarşısına belə bir  məqsəd qoyubsa,  arzusuna çatsın. Onun tərəfdarlarına da bu istiqamətdə müvəffəqiyyətlər arzulayıram.  Çünki Azərbaycanda obyektiv söz deyəndə narahat olmağa başlayırlar.  Digər tərəfdən xalqı əsassız ümidləndirmək də  günahdır.  Ölkədə elə liderlər olub ki, siyasətə gələndə böyük ümidlər vəd edib, onun  ətrafında ajiotaj yaradıblar. Amma  faktiki olaraq  fəaliyyətində qısa müddətdən sonra  yenilik olmadığı aşkara çıxıb”.

 

Müasir Müsavat Partiayasının sədri Hafiz Hacıyev, İlqar Məmmədovun azadlığa çıxmağına çox müsbət baxdığını deyib:

 

“Buna görə Azərbaycan qınaq obyektinə tuş gəlmişdi. Çox sayda beynəlxalq təşkilat Azərbaycanı İlqar Məmmədovun həbsinə görə qınayırdı, sanksiya ilə hədələyirdilər. İlqar Məmmədovu azadlığa çıxması münasibəti ilə təbrik edirəm. O, da bir siyasi təşkilatın sədridir, inanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq. Mən də öz müsabihələrimdə İqar Məmmədovun azadlığa çıxması üçün müəyyən dairələrə müraciət etmişəm ki, Avropa məhkəməsi bu haqda qərar çıxarıbsa, bunu reallaşdırmaq lazımdır. Hər halda onun azadlığa çıxması çox normaldır”.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, İlqar Məmməov həbs olunana qədər Avropa Şurası yay məktəbinin Azərbaycan üzrə koordinatoru vəzifəsini icra edirdi. "Bu da onun Avropada tanınmasına gətirib çıxarırdı.  Amma mən düşünmürəm ki, onun azadlığa çıxması Azərbaycanın siyasi müstəvisində ciddi dəyişikliklərə səbəb olacaq. Bəzən mən dəfələrlə şahidi olmuşam ki, hansısa siyasi fiqurun həbsdə olması və ya hansısa siyasi partiyanın qeydiyyata alınmaması onun daha çox inkişafına, tanınmasına təkan verir. Bu baxımdan da hakimiyyət İlqar Məmmədovu həbs etməklə onun Azərbaycanda daha çox tanınmasına, rəhbərlik etdiyi REAL-ın tanınmasına təkan vermiş oldu. Azərbaycanda uzun müddət siyasi fəallıq göstərən şəxslər var, siyasi partiya rəhbərləri var. İndi onlar Azərbaycanın siyasi həyatına çox təsir edirlər. İlqar Məmmədovun Azərbaycanın siyasi həyatına təsiri çox azdır”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi şurasının üzvü Əli Orucov bildirib ki, uzun müddətdən sonra İlqar Məmmədovun həbsdən azad olunması təqdirəlayiqdir.

 

“Onun hazırda azadlığa buraxılması tam azadlıq demək deyil, üzərindən bütün cəzalar götürülməyib və şərti cəzaya çıxıb. İstənilən halda müsbət yanaşılır, çox istərdik ki, günahsız insanlar həbsə atılmasın, siyasi əqidəsinə görə həbs olunanlar da azadlığa çıxsın. Bu, hər halda cəmiyyətimizə bir yumşaqlıq gətirir, həm də Azərbaycana beynəlxalq təzyiqlər azalır. Hər halda düşünürəm ki, həm dünya ictimaiyyəti, həm də ölkə ictimaiyyəti bu addımı çox müsbət qarşılayacaq”.

Ə.Orucovun sözlərinə görə, müxalifət düşərgəsində canlanmanın olması üçün əhalinin fəallığı vacibdir.

“Bunlar   olmadan fərdlər təkbaşına nəyisə etmək iqtidarında deyillər. Hər halda mən düşünürəm ki, üzü payıza doğru ölkədə siyasi canlanma olacaq. Bu həm daxili faktorlar, həm də xarici faktorlarla əsaslandırılır. İstərdim ki, fəallaşma, aktivlik ölkənin  inkişafı istiqamətində getsin. Biz hər hansı bir bir qarşıdurmanı, xaosu istəmirik”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır