Modern.az

Xəzərlə bağlı sənəddə nələr var? – Neft Şirkətinin keçmiş prezidentindən AÇIQLAMA

Xəzərlə bağlı sənəddə nələr var? – Neft Şirkətinin keçmiş prezidentindən AÇIQLAMA

Hadisə

13 Avqust 2018, 15:39

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar. 

Xəzərin hüquqi statusu ilə bağlı Aktau Konvensiyasının imzalanmasının Azərbaycan üçün siyasi və iqtisadi tərəfləri nədir?

Konvensiyanın imzalanması ilə Azərbaycan tərəfinin maraqları necə nəzərə alındı?

 

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

 

Xəzər problemləri üzrə ekspert Rüstəm Məmmədov Xəzərin hüquqi statusunu müzakirə edərkən siyasi tərəflərini izah etməyə çalışıb.

 

“Xəzər dənizinin hüquqi statusu anlayışı 30 ildən çoxdur ki, gündəmdədir. Xəzər dənizinin hüquqi statusu dedikdə, Xəzər dənizinin hüquqi vəziyyəti  başa düşülməlidir. İlk dəfə 1984-cü ildə bu məsələ ətrafında elmi tədqiqata başlamışam. Tədqiqatlarımın nəticəsi olaraq 1993-cü ildə İran konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişəm. Həmin konfransda Xəzər dənizinin hüquqi status problemini gündəmə gətirmişəm. O zaman nə Türkmənistan, nə də Qazaxıstan, nə də İran tərəfi bunun nə demək olduğunu anlayırdı. Rusiya isə məsələyə biganə yanaşırdı. Artıq Xəzər dənizində yeni hüquqi vəziyyət yaranıb. Bu hüquqi vəziyyət dövlətlərin Xəzərdən istifadə hüququnun dəyişməsi ilə bağlıdır”.

 

Ekspert bildirib ki, Xəzər dənizi Qarabağ kimi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

 

“Geosiyasi vəziyyət tarixi zamanın dəyişməsi ilə bağlıdır. Xəzərdə yeni geosiyasi vəziyyətin yaxın zamanlarda yaranacağına inanmıram. Bu, tarixin hökmüdür. Bu, 20, 30, 40 ya da 50 il çəkə bilər. Azərbaycan üçün gündəmdə duran iki problem var. Biri Xəzər dənizi, digəri isə Qarabağ məsələsidir. Qarabağ Azərbaycanın namus məsələsidirsə, Xəzər dənizi isə çörək məsələsidir. Bəllidir ki, Azərbaycan Xəzər dənizi hesabına maddi durumunu təmin edir. Hər iki məsələ Azərbaycan üçün çox önəmlidir. Ona görə də hər iki məsələdə Azərbaycan bir addım da geri çəkilə bilməz və çəkilmir də”.

 

Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti Sabit Bağırov isə düşünür ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsində iqtisadi yenilik yoxdur.

 

“Sadəcə köhnə razılıqlardır. Yeni sənəd formasına gətirilib. İqtisadi baxımdan hansısa yeni nailiyyətlər, qazanclar gözlənilmir. İqtisadi baxımdan yeni bir şey gözləmirəm. Problemlər də qalmaqda davam edir. Çünki Türkmənistanla Azərbaycan arasında bəzi problemlər həll olunmuş hesab edilə bilməz. Bu məsələdə hər şey iki tərəfin xoş niyyətlərindən asılıdır. Ümid edək ki, bu konfliktlər hansısa problemə çevrilməyəcək. Buna əminəm”.

 

Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi