Modern.az

Gürcüstanla sərhəd rayonlara vaksin göndərilib 

Gürcüstanla sərhəd rayonlara vaksin göndərilib 

15 Avqust 2018, 17:55

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması qeydə alınıb. Xəstəliyin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatıt xəstəliyi əleyhinə 15 000 doza miqdarında əlavə vaksin göndərib.

Dövlət Baytarlıq Xidmətindən Modern.az-a verilən məlumata görə, artıq vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Bundan əlavə heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatıt xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.

Peyvəndləmə tədbirlərinin “soyuq zəncir” prinsipinə uyğun qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda qabaqlayıcı tədbir olaraq immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

 

Qeyd edək ki, 2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir