Modern.az

Bu il ali məktəblərdən 100-ə yaxın tələbə xaric edilib

Bu il ali məktəblərdən 100-ə yaxın tələbə xaric edilib

4 Dekabr 2009, 19:36

Azərbaycandakı dövlət və özəl ali məktəblərdə oxuyan tələbələr sırasından hər il bir qrupu müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Həmin tələbələr təhsildən Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılırlar. Qeyd edək ki, sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin öxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib. Belə ki, tələbə öz arzusu ilə,  başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin  müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən)  ali məktəbdən xaric edilə bilər. Modern.az saytının bir neçə günlük araşdırmaları nəticəsində məlum olub ki, 2009-cu il ərzində dövlət və özəl ali təhsil müəssisələrindən təxminən 100-ə yaxın tələbə təhsildən xaric edilib. Təbii ki, bu araşdırmanı apararkən dövlət və özəl ali məktəblərlə də əlaqə saxlamışıq. Təhsil müəssisələrinin əksəriyyətindən tələbələr sırasından xaric olunmaların baş verdiyi etiraf olunsa da, statistik rəqəmlər açıqamaqdan imtina edilib. Təəssüf ki, bir həftə ərzində Təhsil Nazirliyinin rəsmilərindən heç birinin məsələyə münasibərini öyrənmək mümkün olmayıb. Əməkdaşımızın dəfələrlə etdiyi müraciətə nazirliyin ictimaiyyətlə əlaqələr və Ali və orta ixtisas təhsili şöbələrindən hər hansı cavab verilməyib. Bununla belə, Modern.az-ın əməkdaşı sözügedən məsələ barədə bəzi ali məktəb rəhbərlərinin fikrini öyrənə bilib. Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev saytımıza bildirb ki, tələbələrin universitetdən xaric edilməsi halları onun rəhbəri olduğu təhsil müəssisəsində də baş verir. Bununla bağlı dəqiq rəqəm söyləməyən rektor qeyd edib ki, belə tələbələr əsasən üç dəfədən artıq kəsiri olanlar, ümumiyyətlə, dərsə gəlməyənlər, könüllü şəkildə universitetdən çıxanlar, təhsillərini ayri-ayrı xarici universitetlərdə davam etdirənlərdir. “Amma xaric olunmalarla bağlı rəqəm bizdə çox böyük deyil”-deyə Ş.Hacıyev bildirib. Deputatın fikrincə, ümumiyyətlə Azərbaycanda tələbələr daha çox oxumaq və təhsil haqqı ilə bağlı problemlərə görə ali məktəblərdən xaric edilirlər.

Millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev isə qeyd edib ki, onların tədris müəssisəsindən tələbə xaric olunmur: “Ali məktəbdə tətbiq olunan kredit sistemi belədir ki, tələbə imtahanı verə bilməyibsə, o, həmin fənndən təkrarən imtahan verir. Davranış qaydasını pozduğuna görə bizim təhsil müəssisəsindən heç kim xaric edilməyib. Bu da bizdə nizam-intizamın çox güclü olması ilə bağlıdır”.   Amma rektor tələbə sırasından xaric olunma hallarının əvvəllər, yəni Odlar Yurdu Universiteti  kredit sisteminə keçməmişdən öncə baş verdiyini etiraf edib: “Ümumiyyətlə, mən tələbənin ali təhsil ocağından xaric olunmasının əleyhinəyəm. Çünki tələbələri küçəyə atmaq düzgün deyil. Sadəcə, onları tərbiyə etmək lazımdır”.

Qeyd edək ki, mövcud əsasnaməyə görə, hər hansı bir səbəbdən ali məktəblərdən xaric olunmuş tələbələr yalnız həmin təhsil müəssisəsinə bərpa oluna bilərlər.  Modern.az

 

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?