Modern.az

Arif Alışanova minnətdarlıq

Arif Alışanova minnətdarlıq

16 Avqust 2018, 11:23

Mahir Qabiloğlu


Atam Qabil on bir ildir ki, həyatda yoxdur. Bu on bir ildə Azərbaycan Dövlət Televiziyası və Radiosu – atamın iki, mənim isə on bir il çalışdığım AzTV – onun həm doğum, həm də ölüm günündə silsilə tədbirlər verir. İndi deyəcəksiniz ki, “bərəkallah sənin kimi oğula. Zəng edirsən, yada salırsan. Axı indiki zəmanədə ölünün də yiyəsi olmalıdır. Yoxsa yaddan çıxıb gedər”.

Başqa görkəmli, tanınmış mərhumlarda necədir, bilmirəm. Amma şair Qabil üçün heç vaxt zəng edib yada salmamışam. Özləri yada salıb, yeni verilişlər çəkib, özləri də proqrama salıblar.

AzTV-dən uzaqlaşsam da, orda çalışanlara münasibətim heç dəyişməyib. Harda rastlaşsaq, həmin səmimiyyət, həmin mehribanlıqla görüşüb, hal-əhval tuturam. Amma hər yerdə olduğu kimi, AzTV-də də əsas sədrdir. Bəs sədr Arif Alışanovla münasibətim necədir? Onunla heç əvvəldən isti münasibətim olmayıb. Sonralar isə sədr-işçi münasibətlərindən kənara çıxmamışam. Amma atam Qabilə münasibəti tam başqa idi. Sağlığında da, öləndən sonra da... İndi deyəcəksiniz ki, Qabilə kimin münasibəti pis olub ki, o ki qalsın Arif Alışanovun. Düz düşünürsünüz. Bu öz yerində. Amma iki əhvalat Qabili Arif Alışanova daha yaxın etdi. Özü də ki, ömrünün son aylarında.

Arif Alışanova bir sədr kimi münasibətim – pis deməzdim, yaxşı da deyil. Belə hiss edirəm ki, bu qarşılıqlıdır. Amma oğulun hayfını atadan, atanın hayfını oğuldan çıxarlar prinsipi bütün dövrlərdə aktuallığın qoruyub saxlasa da, Arif Alışanovda bu, heç hiss olunmayıb. On bir il idi ki, bir suala cavab axtarırdım ki, niyə mənə xoş olmayan münasibətlərin fonunda, Arif Alışanov atamın xatirəsinə belə xüsusi hörmətlə yanaşır? Tələsməyin. Sandıqda yığılan xatirələri açmağa qərar verdim. Nəvaxtsa da aça bilərdim. Yəni ki, vəzifədən çıxandan sonra. Amma Arif Alışanovun vəzifədə olduğu dövrdə açmağa qərar verdim. Atamın dayısı oğlu Zaurun  telefon zəngi məcbur etdi bunu mənə.  Qərara aldım ki, yazam. Gec də olsa minnətdarlığımı da çatdıraram.

2006-cı il iyun ayı idi. Nizami Xudiyevi sədrlikdən azad edib, sədr vəzifəsinin müvəqqəti olaraq icrasını onun sevimli müavini Arif Alışanova tapşırdılar. Bu məqamdan sonra nələr oldu – onları yazmayacağam. Mövzuma uyğun deyil. Bu məsələlərə  dörd il qabaq yazıb ictimailəşdirmədiyim “Arif Alışanov kimdir?” adlı böyük məqaləmdə geniş toxunmuşam. Niyə çap etdirmirəm? Kəmfürsətəm? Fürsət gözləyirəm? Əsla. Sadəcə, ürəyimi boşaldıb, atmışam “sandığa”. Nə vaxt məqamı çatar çıxar sandıqdan.

Bu vəzifə həvaləsindən sonra atam soruşdu:

–      Mahir, bu Arif kimdir?

–      Papa, gəncliyindən AzTV-də işləyib. Fəhləlikdən bu vəzifəyə yüksəlib. Kollektiv də onu çox istəyir. Prezidentimiz onu sədr təyin etsə, qərarı kollektivin də rəyiylə üst-üstə düşər...

Bu son yazdığım cümlələri oxuyan bir çox keçmiş AzTV-çi, xüsusilə də yaşlı nəsil əllərini dizlərinə çırpıb ovuşdurdular. Tüstüləri təpələrindən çıxdı. Sonra əllərini qaldırıb bir də dizlərinə çırpdılar... Dalını daha saymıram, onların indiki ürək sözlərini yazmıram. Mövzudan kənara çıxmış olaram.

Bu vəzifə həvaləsindən bir müddət sonra, 2006-cı il avqustun 12-də, 80 illik yubileyində atamı “Səhər” proqramına şənbə qonağı çağırmışdılar. Verilişin sonunda atam bir ay əvvəl mən verdiyim xasiyyətnaməyə əsasən, üzünü də görmədiyi Arif Alışanovu təriflədi və onun namizədliyini bəyəndiyini dedi... Bu, sədr əvəzi Arif Alışanov haqqında geniş auditoriyaya deyilmiş yüksək ictimai rəy və qiymət idi. Özü də ki, bunu nə onun özü xahiş eləmişdi, nə də ki, mən.


Üstündən dörd gün keçməmiş sədr təyinatı barədə prezident sərəncamı çıxdı. İşçilərin sevincinin həddi-hüdudu yox idi. Kimisi tort alıb gətirdi, kimisi boyun olduğu qurban qoyunluğu kəsdi. Çox arzulamışdılar “Arif müəllim” yox, sadəcə “Arif”, “Arif, bala...”, “Arif, oğul”... çağırdıqları, kollektivin içindən çıxan Arifin sədr vəzifəsinə keçməsini. Allah da baxdı gördü ki, bu arzular və qurban niyyətləri o qədər böyük, sonsuzdur ki, bircə qoyunla, tortla, alqışla canlarını qurtara bilməzlər.  Sonda özləri qurbana çevrilərək təntənəli surətdə qurbangaha, üzr istəyirəm pensiyaya yola salındılar, yaxud da işdən çıxarıldılar. Yerlərinə Arif Alışanova “Arif müəllim” deyə müraciət və qibtə edən gənclər gətirildi.


2007-ci ilin yanvar ayı idi. Dayım Fikrətin 70 yaşı tamam olurdu. Bacanağım Rəfailin işlədiyi “Lalə” kafesində qeyd edəcəkdik. Həmin gün atamın xalası oğlu Adilin arvadı rəhmətə getmişdi. Əvvəlcə onların həyətinə getdik. Başsağlığı verdik. Ordan çıxıb kafeyə yol almışdıq ki:

–      Papa, səni kafedə qoyandan sonra bir yer var, dəyib gələcəyəm.

–      Hara gedirsən ki? – deyə atam soruşdu.

–      Arif Alışanovun anası rəhmətə gedib. Hüzr elə Nərimanov tərəfdədir. İstəyirsən elə birlikdə gedək. Yarım saat oturub, başsağlığı verək, çıxaq.

–      Gedək, – deyə atam razılıq verdi.


Getdik. Evlərin arasında iki çadır qurmuşdular. Biri dolu idi, o biri yarı boş. Bizi dolu çadıra apardılar. Atamı Arif müəllim və vəzifəlilərin oturduğu stolun arxasına əyləşdirdilər. Mən isə qıraqda oturdum. Başsağlığı verib çıxdıq.


İndi deyəcəksiniz ki, Mahir nə zəvzəyir. İndi atası min dənə hüzr məclisinə gedib, min dəfə də televiziyaya çıxıb. İndi durub bunların hamısını bir-bir yazmalıdır, biz də oxumalıyıq? Day bu, publisistika, sandıq ədəbiyyatı olmadı ki?! Hövsələniz olsun. Məqsədim var.



Üstündən iki ay keçdi. Atam rəhmətə getdi. Prezident İlham Əliyevin adından üç, yeddi, qırx mərasimləri verildi. Üç mərasimində dəfnə gələ bilməyənlər arasında çox yüksək vəzifəli şəxs oldu. Amma sədrim Arif Alışanovun can bir qəlb dostu Qulu Məhərrəmliylə birlikdə çadıra girməsini görəndə təsirləndim. Əyləşdik. Bu dəm bəstəkar Xəyyam Mirzəzadə də gəldi. Qulu Məhərrəmliylə yanaşı oturdu. Qulu müəllim yeni sədrimizi ona təqdim edəndə  – Qulu, tanıyıram. Buxqalter deyildi? – Xəyyam müəllim cavab verdi. Sonra verilişlərin keyfiyyətiylə bağlı bir-iki xoş söz söylədi. Bir az oturub ayağa durdular. Onları maşınacan yola saldım. Bu zaman Arif Alışanov mənə nə desə yaxşıdır? İndi deyəcəksiniz ki, yasda nə deyərlər ki: “Allah rəhmət eləsin”, “Allah o dünyasını versin”, “Qəbri nurla dolsun”... Yasda başqa nə demək olar ki? Tapmadınız. Birinci cümləsi bu oldu ki, “Mahir, bura sənə görə gəlməmişəm...”. Bu sözü eşidəndə lap kövrəldim. Bildim ki, Arif müəllim arxasını nə gətirəcək. Deyəcək ki, “Səni tanımasaydım da gələcəkdim. Çünki Qabil xalqımızın böyük şairi idi” və sairə, ilaxır. Çünki vida mərasiminə gələn Prezident İlham Əliyev, Milli Məclisin sədri, Baş nazir, Prezident Administrasiyasının rəhbəri, yüzlərlə insan da məni tanımırdı. Onlar Qabilin xatirəsinə hörmət əlaməti olaraq başsağlığına gəlmişdilər. Amma sədrim Arif Alışanov arxasını başqa cürə gətirdi: “...Qabil müəllim onda anamın yasına gəlmişdi. Mən buna görə gəlmişəm”.


Düzü, pis oldum. Qabilin yazdığı

 

                       Dirinin şəninədir məclisimiz-ehsanımız,

                                    Dirinin şəninədir tapşırılan Qur`anımız.

                                    Ölüdən yox, dirilərdən utanır vicdanımız,

                                    Gözümüzdən özümüzçün tökülür leysanımız.

                                    Diriyə hörmətimizdir ölüyə hörmətimiz,

                                    Olmasın yasin onun ruhuna qoy minnətimiz.

 

şeirinin üstündən xətt çəkdim.


Bir müddət sonra öz ərizəmlə işdən çıxanda isə atam haqqında verilən verilişlərin də mənə görə, atamın adına-sanına görə yayımlanmadığını dilə gətirdi:
 

–      Mahir, yadındadır da… Qabil müəllim “Səhər” proqramında məni tərifləmişdi, namizədliyimi dəstəkləmişdi. Ona görə…

 

Aylar ötdü, il dolandı. Arif müəllimin atası rəhmətə getdi. Hüzr məslisinə getdim. Qapıda yaxın ətrafından biri qarşıladı:

–      Ay filankəs, Allah rəhmət eləsin. Arif müəllimə deyərsən ki, ona görə gəlməmişəm. O vaxt atamın yasına gəlmişdi…

 

SON

 

O vaxtdan 11 il ötür. Hər il atamın doğum və ölüm günündə AzTV onun xatirəsini ehtiramla anır. Həm televiziyada, həm radioda. Bilirəm ki, bu, sədr Arif Alışanovun şəxsi təşəbbüsüdür. Gec də olsa minnətdarlıqlar. Bir tərəfdən isə özümə əhsən deyirəm. Deyirəm, nə yaxşı ki, o vaxt atam məndən soruşanda sədr əvəzi Arif Alışanovu o ki var təriflədim. Deyirəm, nə yaxşı ki, o vaxt atamı Arif Alışanovun anasının hüzr məclisinə apardım. Bu zaman zəng gəlir. Dəstəyi götürürəm. Atamın dayısı oğlu Zaurdur.

–      Mahir, verilişə baxdın? AzTV-də verirdilər – “Şeirin Qabili”. Çox sağ ol. Yaxşı övladsan. Sən deməsən, yada salmasan unudular Qabil. Heç gör o biri kanallar və ya saytlar verdi. Yaxşı ki, orda işləmisən. Sənə hörmət edib verirlər.

–      Allah ölənlərimizə rəhmət eləsin, – deyirəm. Başqa heç nə demirəm.

Dəstəyi yerə qoyuram. Kompüteri yandırıram. Və bu yazını yazmağa başlayıram – “Arif Alışanova minnətdarlıq”. Çünki minnətdarlıq mənə yox, ona düşür.

 

P.S. Hər yazını yazandan sonra, çapa verməmişdən qabaq dostlara oxutdururam. Onların müsbət fikrindən sonra ictimailəşdirirəm. Budəfəki yazını da keçmiş AzTV-çilərdən birinə göndərdim. Cavabı qısa oldu: “Arif gələn il atan haqqında veriliş verməyəcək, daha yenilərini də çəkdirməyəcək”. Sevindim bu cavabına. Çünki başqa cavab gözləyirdim.  Dostuma “ay filankəs, yadındadır o vaxt “Xəbərlər” proqramı üçün 10 yaşlı oğlan uşağından müsahibə almışdıq. O da demişdi ki, “mən böyüyəndə əsgər olacağam və doğma Qarabağı ermənilərdən xilas edəcəyəm...”. Biz də güldük. Dedik ki, yəni Qarabağ münaqişəsi bu uşağın 18 yaşınacan uzanacaq ki, bu da gedib qisas alacaq?” dedim. Bu xatırlatmama dostum da güldü. Amma mən ondan başqa, daha təhlükəli cavab gözləyirdim. Gözləyirdim ki, desin: “Mahir, yanğın olmaya da bilər. Təsəvvür elə ki, arxivdəki Qabil haqqında videomaterialların qorunduğu bütün kassetlər demə kitayski imiş. Bu yazıdan sonra qarşısıalınmaz, amansız bir virus düşüb. Nəticədə hamısı öz-özünə pozulub”.

Yazını oxuyandan sonra Arifsevərlərin də reaksiyası gəlib dayandı göz önündə: “Mahir, sən nə nanəcib adamsan”.

 

11 avqust 2018

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı