Modern.az

Müslüm Maqomayevin xatirəsi yad olundu - FOTOLAR

Müslüm Maqomayevin xatirəsi yad olundu - FOTOLAR

17 Avqust 2018, 21:08

Bu gün görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ili tamam oldu. Modern.az xəbər verir ki, bu münasibətlə I Fəxri xiyabanda dünya şöhrətli musiqiçinin məzarı ziyarət olunub, abidəsi önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

 

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov, Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, eləcə də tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirib.

 

Tədbirdə çıxış edən kinorejissor, Xalq artisti Eldar Quliyev bildirib ki, bu gün mədəniyyətimiz üçün əlamətdar tarixdir: “Azərbaycan və Rusiya mədəniyyətinə böyük töhfələr vermiş unudulmaz Müslüm Maqomayevin doğum günüdür. O öz ifası ilə milyonlarla insanın qəlbində yaşayır. Biz fəxr edirik ki, belə bir sənətkarın müasiri olaraq onun yaradıcılıq yolunu izləmək şansı qazanmışıq, ifalarından zövq almışıq. Onunla dost olmaq mənim üçün şərəf idi. Müslümlə bir vətəndaş, bir musiqiçi kimi fəxr edirəm”.

 

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşüb. Müğənni ilə Bülbül adına Orta ixtisas musiqi məktəbində birgə təhsil aldıqları illərə nəzər salıb. Dünya şöhrətli musiqiçinin populyarlıq qazanması və ulduz kimi bütün dünyada parlamasından söz açıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxışı zamanı diqqətə çatdırıb ki, bir sənətkar haqqında nə qədər çox danışırıqsa, onu bir o qədər də yaxından tanıtmağa nail oluruq: “Müslüm Maqomayev milyonlarla insanın sevimlisi idi və hər iki ölkəni sevərək tərənnüm edirdi. Onu sevirdilər, sevirlər və sevəcəklər”.

 

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya unudulmaz ifaçını yad etməyə gələn hər kəsə dərin təşəkkürünü bildirib: “Mənim üçün Müslüm haqqında danışmaq çox çətindir. Çünki onu bir an belə unutmuram. Hər il onun ad günündə bura gələn, Müslümü unutmayan insanlara minnətdaram. Siz onun xatirəsini özünüzlə evlərinizə və bütün Bakıya ötürürsünüz. Ondan danışır, gənc nəslə tanıdırsınız. Bu isə Müslümün xatirəsinin əbədi yaşaması deməkdir”.

 

Bakı Nobel İrsi Fondunun rəhbəri Toğrul Bağırov, Özbəkistandan gəlmiş müğənni Xurşənd Serov çıxışlarında Müslüm Maqomayevin unikal şəxsiyyət, təkrarsız ifaçı olduğunu vurğulayıblar.

 

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

 

O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.

 

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar,  Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutub. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq  məhəbbəti qazanıb.

 

O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.

 

Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu