Modern.az

“Avroviziya” ulduzları sabahdan Bakıya gəlirlər

“Avroviziya” ulduzları sabahdan Bakıya gəlirlər

29 Sentyabr 2011, 17:44

Oktyabrın 2-də İçərişəhərdə, Qoşa Qala Qapısı meydanında  “Caspian Coast Üzüm Yığımı Festivalı” keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq konsert proqramında çıxış edəcək  “Avroviziya” ulduzları – Litva təmsilçisi Saşa Son, Rumıniya təmsilçiləri  Paula və Ovi dueti və Moldovanın “Zdob şi Zdub” qrupu sabahdan etibarən paytaxt Bakıya təşrif buyuracaqlar. Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Konsert proqramında Azərbaycanın “Avroviziya” müsabiqəsində uğurla təmsil etmiş Aysel Teymurzadə və Safura Əlizadə ilə yanaşı Məryəm Şabanova və Milk&Kisses qrupunun da iştirakı gözlənilir.

Festivalda iştirak edəcək Bakı sakinləri və şəhərimizin qonaqları müxtəlif ölkələrin mətbəxləri ilə tanış olacaq, burada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələrinə tamaşa edəcəklər. Ukraynadan gətirilən “canlı heykəllər” festivalda şən abu-hava yaradacaq, qonaqlar təbii üzüm, üzüm şirəsi, yüksək keyfiyyətli  pendir, şərab ala və bu məhsulların dadına baxa biləcəklər.

Qeyd edək ki, “Caspian Coast Üzüm Yığımı Festivalı” üzüm yığımı mövsümünə və üzüm məhsullarına həsr olunub və festivalın keçirilməsində məqsəd əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqətin artırılmasına nail olmaqdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?