Modern.az

Həyat etüdləri

Həyat etüdləri

21 Avqust 2018, 10:24

Akif Cabbarlı

 

“BƏS, KEFLİLİYİMİ KİM GÖRƏCƏK, AXI?..”

 

Paytaxt yaxınlığındakı ucqar dağ kəndlərinin birində məclislərdə yeyib-içən, arada bir “Şirvan şikəstəsi” oxuyan cavan oğlan – şərti olaraq Hafiz adlandıraq – günlərin birində toy məclisində möhkəmcə dəmlənir. Görünür, arzulamadığı adamla üz-üzə oturubmuş, ya da ki, kimsə naqolay bir sözlə xətrinə dəyibmiş. Nə isə... Bunun səbəbini Hafizdən savayı dəqiq bilən yəqin ki, yoxdur. Sözümüzün canı başqadır.

Hə, bu Hafiz toyda möhkəmcə sərxoş olur. Anası bu vəziyyəti qıraqdan müşahidə edirmiş. Arvad dözmür, oğluna yaxınlaşır:

 

-Ay bala, başuva dönüm, gəl gedək məhləmizə. Anan sənə yaxşı bir çolpa çığırtması hazırlasın, dükandan da bir şüşə araq aldırım, ye, iç, uzan yat balkonumuzda. Sərinlən özün üçün. Bu qarışıqlıqda ürəyin sıxılacaq, vallah.

 

Hafiz anasının sözünü dərindən, içindən gələn hıçqırıqla qarşılayır:

 

-Ana, mən sənin başuva dönüm, gedərəm ey, amma hələ camaat indi-indi yığılır. Tutaq ki, getdim evə, sən yemək-içmək verdin, mən də bala-bala vurub, yıxılıb tir-tap yatdım. Noolsun ee, axı, onda kim görəcək ki, bu qara lələş, sənin birdənən, kəndin yaraşığı Hafiz dəmdür, hə?.. Piyanluğuvu ki, görmədilər, daha nə ləzzəti, a başuva dönüm sənin?...

 

BİZƏ “XADİMƏÇİ” LAZIMDIR, YOXSA?..

 

Kafe-çayxana işlədən bir həmyerlim obyektin qapısına bir elan yazdırb vurdurmuşdu ki, bəs, təcili bura bir “xadiməçi” (?) qadın tələb olunur. Həmyerlimi başa sala bilmirdim ki, bu “tələb olunur” ruscadan tərcümədən gələn xoşagəlməz bir ifadədir. Əgər sənə işçi lazımdırsa, elə “lazımdır”, “ehtiyacımız var” və s yumşaq ifadələrdən istifadə daha xoş olmazdımı? Sonra da ki, necə yəni “xadiməçi”? Xadimə sözünün sonluğuna zorla “çi” şəkilçisi yapışdırmağa lüzum varmı? Bu da ona oxşayır ki, birindən soruşursan işləri necə gedir, qayıdıb cavab verir ki, heç nə, “zəifçilikdir”. Bax, dilimizin başına oyun açanların arasında belə nadan işbazlar da az deyil.

Nə isə... Həmyerlimizdən soruşdum ki, atan vaxtilə kolxozda nə işləyib? Cavab verdi ki, traktorçu. Dedim yox, yaxşı fikirləş, o kişi traktorçuçu işləyib, mənim rəhmətlik əmim də ömür boyu neftçiçi olub mədənlərdə. Kişi təəccüblə gözlərini döydü. Mən də ki, deyilənə görə, yazıçıçı-publisistəm sözləri onu az qala lap dəli eləyəcəkdi. Amma səbrini basmalı oldu. Sonra divara yapışdırılmış elanı cırıb, administratora təpindi:

 

-Ay uşaq, mənə “xadiməçi” yox, “xadimə” lazımdır, başa düşdünüz?!

 

“BƏLKƏ YALAN DEYİRƏM, HƏ?..”

 

Həyətdə bir qonşumuz var. Bu tösmərək adam heyvərəliyi, çənədən möhkəmliyi ilə əməlli-başlı ad çıxarıb. Yaxandan yapışdı, əl çəkən deyil. Təcili nə işin varsa, təxirə salmalısan. Söhbətin birini kəsir, o birini başlayır. Hər dəfə də “bəlkə yalan deyirəm, kişi?” deyə qarşısındakını dilemma qarşısında qoyur. Nə biləsən, haradan öyrənəsən ki, yalan deyir, yoxsa düz? Şəxsən mən mızıldayıram hər dəfə, qeyri-müəyyən cavabla canımı qurtarmaq istəyirəm. Bəzən alınır, bəzən yox. Həyətdəki adamların hamısı elə mənim vəziyyətimdədir. Yaxamızı bu adamın əlindən necə qurtarmaq yollarını çox axtarsaq da, bir əlac tapmırdıq.

Bir gün həyətimizdə bir taksi maşını peyda oldu. Məlum oldu ki, sürücüsü ailəsi ilə bizim binada kirayədə qalacaq. Adama yovuşmaz, az danışan, konkretliyi sevən insan təsiri bağışlayırdı. Heyvərə adam (yəni ki, baltun – A.C.) yeni ov yeri eləmiş ovçu kimi bu kişiyə cumdu, nə cumdu. Hər sözün başında “bəlkə yalan deyirəm, kişi?” müraciətini eşidən taksi sürücüsü bir gün həyətdəki talvarın altında bütün olub-keçənlərə əməlli-başlı bir nöqtə qoydu.

 

-A kişi, sənə fikir verirəm, neçə vaxtdır bu camaatın zəhləsini tökmüsən. Bilmək istəsən, qoy deyim, mən bura gələndən, sən elə bir ucdan yalan deyirsən. Məndən zorla söz qoparma ki, guya düz danışırsan. Qaldı ki, əvvəlki dövrə, qoy, bu camaat açıq desin, desinlər ki, sənin bircə sözünə də varsa, inanıblar, yoxsa yox?

 

Heyvərə adam o gedən getdi. Görünmür. Bilmirik evini dəyişdi, yoxsa xəstəxanadadır?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır