Modern.az

“Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinin əsasları  

“Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinin əsasları   

31 May 2018, 11:59

“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət daktiloskopik qeydiyyatı daktiloskopik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır. Daktiloskopik məlumat insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında biometrik fərdi məlumatlardır.

 

Dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən genetik məlumatın digər biometrik məlumatlardan üstünlüyü onun fiziki şəxsin hər bir bioloji mənşəli materialından (qan, sperma, tüpürcək, tər və orqanizmin digər ifrazatları, tük, dırnaq, sümük, bədənin xarici örtüklərinin mikroskopik qaşıntısı və s.) istifadə etməklə əldə edilməsi, müxtəlif bioloji mənşəli materialların eyni fiziki şəxsə mənsubluğunun, şəxsin qan qohumluğu, cinsi mənsubiyyəti, bədən hissələrinin eyni şəxsə mənsubluğunun müəyyən edilməsi imkanı, hadisə yeri, meyit, bədən qalıqları və canlı şəxsdən bioloji mənşəli materialın sadə və əlavə vəsait tələb olunmadan götürülməsi, DNT tədqiqatının aparılması üçün tələb olunan bioloji mənşəli materialın uzun müddətdə analizə yararlı olması və daşıdığı informasiyanın itməməsi təşkil edir.

DNT tədqiqatının köməyi ilə şəxsiyyətin eyniləşdirilməsi metodunun əsası 1985-ci ildə ingilis mütəxəssisi A.Ceffris tərəfindən qoyulmuşdur. Yeni metodun kəşfi ilk olaraq kriminalistikada şübhəli şəxslərin cinayətdə iştirakının təsdiq və ya inkar olunmasının sübuta yetirilməsi məqsədilə ekspertizaların aparılması zamanı tətbiq olunmuşdur. Həmin dövrdə ənənəvi daktiloskopiya metoduna (əl-barmaq izlərinə əsasən şəxsiyyətin eyniləşdirilməsi) genetik identifikasiya metodu (az miqdarda tük, ağız suyu, dəri hissəsi, qan damcısı, sümük və diş nümunəsinə əsasən şəxsiyyətin eyniləşdirilməsi) əlavə olundu. Sonradan bu metoddan qohumluq əlaqələrinin müəyyən edilməsi və digər məsələlərin həllində də istifadə olunmağa başlanıldı.

Hal-hazırda ABŞ, Kanada, İngiltərə, Yaponiya, Çin, Rusiya və digər inkişaf etmiş dövlətlərdə cinayətkarlıqla mübarizədə ekspert-kriminalistika təcrübəsində DNT tədqiqatı metodundan geniş istifadə olunur. İngiltərədə   1995-ci ildə əsası qoyulmuş “NDNAD” bankı dünyada ən geniş DNT məlumat bankı hesab edilir. 2015-ci ildə əldə edilən məlumata görə həmin bankda 5,7 milyon şübhəli və məhkum olunmuş şəxsin DNT məlumatı saxlanılır. İngilis kriminalistlərinin məlumatlarına əsasən hadisə yerindən götürülmüş bioloji materialın tətqiqatı hər həftə 2 minə yaxın cinayətin açılmasına imkan verir. ABŞ-da milli genetik məlumatlar bazası 1998-ci ldə yaradılmış və «National DNA Index» bazasında 10 milyondan çox DNT profili saxlanılır. MDB ölkələrinin də təcrübəsi öyrənilərək müəyyən edilmişdir ki, bu sahədə qanunvericilik yalnız Rusiya Federasiyası və Qazaxstanda qəbul edilmişdir.

Respublikamızda ilk DNT təqiqatı laboratoriyası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində 2009-cu il 15 iyun tarixindən fəaliyyətə başlamışdır. Laboratoriya 27 oktyabr 2009-cu il tarixli “DNT tədqiqatının aparılması və DNT məlumat bankının yaradılması qaydaları barədə” Təlimata əsasən fəaliyyət göstərir. Bundan başqa “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 aprel tarixli 154 nömrəli fərmanı ilə Daxili İşlər Nazirliynə ilkin və əlavə məhkəmə tibbi-genetik ekspertizaların keçirilməsi hüququ da verilmişdir. 2016-cı il ərzində hüquq mühafizə orqanlarının 709 sorğusu əsasında hadisə yerlərindən götürülmüş müxtəlif bioloji materialların DNT tədqiqatı ilə naməlum meyitlərin aşkar olunması, oğurluq, qətl, zorlama, quldurluq və digər faktlar üzrə 73 məhkəmə genetik ekspertizası rəyi və 564 arayış tərtib edilmişdir. Nəticədə 58 fakt üzrə şəxsiyyətin eyniləşdirilməsində müsbət nəticələr əldə olunmuşdur.

Eyni zamanda itkin düşmüş şəxslərin və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində respublika ərazisində hər bir itkin düşmə faktı üzrə bu kateqoriyadan olan şəxslərin qan qohumlarından bioloji nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsi təmin edilmişdir. Nümunələrdən əldə edilmiş DNT profilləri DNT məlumat bankına daxil edilərək müqayisəli yoxlama keçirilmişdir. Həmçinin aşkar edilmiş naməlum meyitlərdən bioloji nümunələrin götürülməsinə və əldə edilmiş məlumatların banka daxil edilməsinə başlanılmışdır. Görülmüş işlər üzrə müsbət nəticələr əldə edilmişdir.

Qeyd edilənlər dövlət genom qeydiyyatının məqsədini, prinsiplərini, növlərini, habelə onun aparılması sahəsində yaranan ictimai münasibətləri tənzimləyən Qanunun qəbul edilməsini zəruri edir.

Daktiloskopik və genetik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla, onların dövlət qeydiyyatının aparılmasının məqsədləri, prinsipləri, onlardan istifadə hüququ, qanunvericilik bazası eynilik təşkil edir. Həmçinin qüvvədə olan “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanunun, həm də dövlət genom qeydiyyatı haqqında hazırlanması nəzərdə tutulan Qanun layihəsinin konsepsiyası eynilik təşkil etdiyindən onların “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” vahid Qanun layihəsində birləşdirilməsini məqsədəmüvafiq hesab edirik.

Təqdim edilən layihə hazırlanarkən “İnsan hüquqları və bioloji təbabət haqqında” 1997-ci il 4 aprel tarixdə qəbul edilmiş Avropa Şurasının Konvensiyasının, Azərbaycan Respublikasının 30 sentyabr 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyanın müddəaları nəzərə alınmışdır. Bütövlükdə layihədə insan hüquq və azadlıqlarının müdafiəsi ön plana çəkilmişdir.

Layihədə öz əksini tapmış qüvvədə olan “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanunun mətni 21 dekabr 2010-cu ildə qəbul edilmiş “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq təkmilləşdirilmişdir.

Qanun layihəsi dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini, habelə onların aparılması sahəsində yaranan ictimai münasibətləri tənzimləyir. Layihəyə əsasən daktiloskopik və genetik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi qaydası “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Layihə 4 fəsil və 21 maddədən ibarətdir. 1-ci fəsil ümumi müddəaları müəyyən edir. 2-ci və 3-cü fəsillərdə dövlət daktiloskopik və genom qeydiyyatının aparılması məsələləri öz əksini tapmışdır. Bu fəsillərdə daktiloskopik və genetik məlumatların tətbiqi sahəsi, dövlət daktiloskopik və genom qeydiyyatının növləri, həmin məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri, məlumatların məhv edilməsi məsələləri müəyyən edilir. 4-cü fəsil yekun müddəaları müəyyən edir.

Hesab edirik ki, Qanun layihəsinin qəbul olunması cinayətkarlıqla mübarizənin, ağır və xüsusilə ağır cinayətlərin açılması və istintaqının effektivliyinin əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaradacaq, həmçinin naməlum meyitlərin şəxsiyyətinin və itkin düşmüş şəxsləri müəyyənləşdirməyə yardım göstərəcəkdir. Habelə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və digər cinayətlərə qarşı mübarizənin, miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Qeyd edilənləri nəzərə alaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və norma yaratma texnikasının tələblərinə cavab verən yeni Qanunun qəbul edilməsini məqsədə uyğun hesab edirik.

 

Yazı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi  “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin ictimai müzakirələrinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb.  

 

 

Milli Məclis aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər