Modern.az

Azərbaycanda üzüm istehsalı daxili tələbatı tam ödəmir

Azərbaycanda üzüm istehsalı daxili tələbatı tam ödəmir

İqtisadiyyat

27 Avqust 2018, 13:29

Hazırda Azərbaycanda 16 min hektardan çox üzüm bağı var. Bu il üçün 160 min tona qədər üzüm istehsalı nəzərdə tutulub. Amma bu rəqəm dəyişə də bilər.

Bunu Modern.az-a Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov bildirib.

 
T.Pənahov qeyd edib ki, üzüm əsasən, Cəlilabad, Samux, Tovuz, Şəmkir, Ağsu, İsmayıllı, Qəbələ və Şamaxıda yetişdirilir:

“Üzümün 30 faizi (45 min ton) süfrə üzümü kimi təzə halda istifadə olunur. Qalan 70 faizi texniki üzümdür. Texniki üzüm şərab istehsalına, eyni zamanda digər məhsulların hazırlanması üçün emal müəssisələrinə yönləndirilir”.


Direktor bildirib ki, istehsal olunan şərab xarici ölkələrə də ixrac edilir:

“Bundan şərab və konyak istehsal edilir. Şərab və konyaklar əsasən, Pribaltika ölkələrinə, Rusiya, Ukrayina, Qazaxıstana ixrac olunur”.


T.Pənahovun sözlərinə görə, ölkə üzrə süfrə üzümünə olan illik tələbat təqribən 180 min tondur:

“Bunun hamısını daxili istehsal hesabına ödəmək hələlik mümkün deyil. Ona görə də xaricdən həm üzümün özü, həm də burada əkilmək üçün müxtəlif sortları gətirilir. Bu gün bazarda qiyməti 70 qəpikdən 2 manat 50 qəpiyədək olan üzüm sortları var. Mən hesab edirəm ki, qiymətləri xaricdən gətirilən üzüm sortları hesabına aşağı salmaq lazımdır. Azərbaycan kəndlisinin istehsal etdiyi məhsulun qiymətini aşağı salmaq yaxşı hal deyil. Əksinə biz çalışmalıyıq ki, qiymət yuxarı olsun, kəndli çəkdiyi əziyyətin qarşılığını ala bilsin. Nəzərə alın ki, hansısa məhsulun qiymətləri aşağı olanda istehsalçı onu əkmək istəmir. Hesab edirəm ki, bu il ümumilikdə üzüm boldur, qiymətləri də münasibdir. Hazırda təbrizi, kişmiş, ağ şanı, qara şanı, sulfanina və s. sortlarına tələbat yüksəkdir”.


Direktor deyib ki, üzümçülüyün inkişafı kənd təsərrüfatı naziri İnam Kərimovun diqqət mərkəzindədir:

“İnam Kərimov üzümçülərlə görüşü zamanı konkret problemlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verdi. Cənab nazirin göstərişilə üzüm sortlarının artırılması nəzərdə tutulub. Həm üzmüçülüyün inkişafı ilə bağlı dövlət proqramı, həm də Azərbaycan Respublikasında 2018-ci ildə üzüm və şərabçılığın inkişafına dair dövlət proqramında üzümçülük müəssisəsinin yaradılması ilə bağlı bir bənd var. Bu proseslərin respublikada təşkil olunması qarşıya qoyulub. Artıq İnam Kərimov tərəfindən tapşırıq da verilib ki, məsələ öz həllini tapsın. Ölkədə Üzümçülük İnstitutunun bazasında calaq ting emalı müəssisəsinin qurulması üçün tapşırıqlar verilib. Məhsulların vegetasiyadan keçirilməsi məsələsinin institutun bazasında yardılması çox mühüm addımdır.

Digər məsələ institutun bazasının möhkəmləndirilməsilə bağlıdır. Əvvala, sərbəstlik verilməlidir ki, hər kəs öz məhsulunu istədiyi kimi yetişdirsin və satsın. Biz təklif vermişik ki, institutun rayonlarda olan təcrübə təsərrüfatlarının bazasında laboratoriyalar qurulsun. Bu, xırda təsərrüfatların inkişafı üçün mühüm məsələdir. Rayonlar üzrə laboratoriyaların yaradılması, tələbatın ödənilməsi və məhsulun keyfiyyətinin artırılması üçün çox vacibdir. Hətta biz təklif etdik ki, xaricdən gətirilən üzümlərin tərkibi də həmin laboratoriyalarda araşdırılsın, vegetasiya aparılsın. Eyni zamanda, texniki komitənin yaradılması təklifi verilib. Hazırda mütəxəssislərimiz onun üzərində işləyirlər. İstehsalçılarımızın məhsullarını bazara çıxarması üçün onlara lazım olan sənədlərini vaxtında hazırlanması vacib şərtlərdəndir. Hesab edirəm ki, ting kompelksinin yaradılması sadalanan problemlərin həllində mühüm rol oynayacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır