Modern.az

Baş direktor: “Söz verirəm ki, İctimai Televiziyada...”  

Baş direktor: “Söz verirəm ki, İctimai Televiziyada...”   

Media

29 Avqust 2018, 10:58

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin yarandığı gündür. Belə ki, 13 il bundan qabaq, yəni 2005-ci ilin 29 avqustunda İctimai Televiziya ilk yayıma başlayıb.

Modern.az saytı  İctimai televiziyanın baş direktoru Balakişi Qasımovla əlaqə saxlayaraq özəl günlə bağlı təəssüratlarını öyrənib. B.Qasımov bildirib ki, hazırda televiziyada qızğın iş gedir.


“Bu gün İctimai Televiziyada bayramdır. Bir-birimizi  anlamağa başlamışıq. Artıq bir komandaya çevrilmişik. Ümid edirəm ki, qarşımızda duran hədəflərə, vəzifələrə layiqincə nail olacağıq. Çünki İctimai Televiziya həm seçilir, həm də baxılır. Hazırda qızğın iş prosesi gedir. Yeni layihələr üzərində çalışırıq. Ümidvaram ki,  ilin sonuna qədər tamaşaçıya təxminən  12-14 arası yeni, maraqlı layihə müasir formada təqdim olunacaq. İş prosesi elədir ki, orada daim yenilik olur. Kimsə gedir, kimsə də gəlir. Bu normal haldır. Söz verirəm ki, İctimai Televiziyada  tamaşaçının istədiyini görməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu, bizdə alınacaq”.

Baş direktor televiziya mühitində kadrların formalaşmasından da söz açıb:

“Kimisə işə dəvət edəndə, yaxud da hansısa yeni layihəyə başlayanda yaşa yox, insanın işini nə qədər yaxşı mənimsədiyinə, peşəkarlığına üstünlük veririk. Peşəkarların arasında həm gənc, həm də yaşlı nəslin nümayəndələri  ola bilər. Yaxşı işin ortaya qoyulması peşəkarlıqdan, təcrübədən, dünyagörüşündən asılıdır. İnsan istənilən yaşda ola bilər. Əsas odur ki, özünü gənc hiss edə bilsin. Bu halda mütləq hədəflərə doğru addımlaya biləcəyik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!