Modern.az

“Sakaryaya 22-ci gün” pyesində Atatürk obrazı  

“Sakaryaya 22-ci gün” pyesində Atatürk obrazı   

29 Avqust 2018, 11:20

Abid Tahirli
[email protected]

 

(Mühacirət ədəbi irsindən)

       
Ən uzun meydan müharibəsi kimi dünya hərb tarixinə düşən və 21 gün- 1921-ci il 23 avqust – 12 sentyabr  tarixləri  arasında baş verən Sakarya döyüşü türk xalqının tarixində və taleyində, Qurtuluş savaşında həlledici rol  oynamışdır. Bu döyüşün nəticəsində  silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü  yunan ordusu üzərində parlaq qələbə qazanılmış, işğalçılar  Sakarya çayının qərb hissəsindən qovulmuş, düşmənin Qurtuluş savaşının simvolu və dirəniş mərkəzi hesab edilən Ankara arzusu birdəfəlik puç olmuşdur. Təsadüfi deyil ki, Sakarya dastanı uzun illər boyu türk ədəbiyyatının aparıcı mövzularından birinə çevrilmişdir.

        
Mühacirət ədəbiyyatımızda bu qəbildən olan nümunələr kifayət qədərdir.  Tanınmışmühacir  dramaturq Abay Dağlı da (Ağayev Cəmil İbrahim oğlu, 1906- Şuşa-1975-İstanbul)  dəfələrlə Sakarya zəfərini vəsf etmiş, bu mövzuda bir neçə dram əsəri qələmə almışdır. O, «Sakaryada 22-ci gün» pyesinədək  «Sakarya» (1965), «Sakarya çetəsi» (1969), «Malazgirtdən Sakaryaya» (1971) pyeslərini yazmışdır. Eyni ideyaya xidmət edən bu əsərlər məzmun, mövzu baxımından   bir-birinə bənzəsə də,  hətta bəzi obrazlar, ayrı-ayrı epizodlar, səhnələr bəzən  bir-birini təkrarlasa da, pyeslərini hər birinin ayrıca süjet xətti, özünəməxsus kompozisiyası, bədii quruluşu vardır. Əsərlərdə oxşar talelər, hadisələr olsa da, qəhrəmanların həyəcan və iztirabiarı, onların düşüncə və əməlləri, həyata, cəmiyyətə, cərəyan edən ictimai-siyasi, hərbi olaylara münasibətləri pyeslərin hər birinə ayrı-ayrılıqda marağı artırır və onların oxucu rəğbətini, məhəbbətini qazanmasını şərtləndirir. Bütün bu rəngarənglik,  mövzu və problemlərlə bağlı xarakterik səhnələr müəllif ideyasının daha qabarıq çatdırılmasına yardım edir. Adları çəkilən pyeslərdə, o cümlədən Abay Dağlının   “şanlı Sakarya savaşlarının 50 illiyində şəhidlərin əziz ruhlarına və ölməz qazilərə ithaf “ etdiyi «Sakaryada 22-ci gün» pyesində istiqlal  və vətən sevgisini,   xalqın azadlıq ruhunu, şanlı, zəngin tarixinə məhəbbəti, düşmənə, kölə həyatına, satqınlara və xəyanətə  nifrət hissini, qələbəyə inamını təsvir və tərənnüm edir.

    
 İki pərdədən, 7 şəkildən ibarət   «Sakaryada 22-ci gün» mənzum pyesinin adından yalnız bir gündə- sentyabrın 12-də baş verən hadisələrin əks olunacağı təəssüratı yaranır. Amma əslində belə deyil. Pyesdə cərəyan edən hadisələr həm tarix, həm də coğrafiya baxımından daha əhatəlidir. Dramaturq kitaba yazdığı “Ata pyesi konusunda təşəbbüslər” adlı ön sözündə də bu məsələyə toxunur: “Şanlı bir zəfər gününün olayları içində Atanın gəncliyini və Sakaryadakı Başkomutanlığını da bir neçə səhnədə canlandırmağa çalışdım. Yəni bu pyes tam bir Ata pyesi deyildir, böyük Atanın sadəcə bəzi həyat səhnələrini canlandırır... Anasının gənc Mustafa Kamal ilə evləndirmək istədiyi Əminə də pyesin qəhrəmanları arasındadır.

       
Pyesin mövzusu istiqlal mücadiləsinin, qurtuluş savaşının, Sakarya uğrunda döyüşün baş qəhrəmanı Atatürkün həyat və fəaliyyətinin müəyyən məqamlarından götürülsə də, bu obraz yalnız pyesin ortalarında Gənc hərbiyyəli kimi səhnədə görünür.  O, anasının Əminə ilə evlənmək təklifinə etiraz edir və

 Ruhumu sarmışdır yeni bir həvəs,

 İrəli- söylüyor içimdən bir səs

- deyir, idealsız, ülküsüz insanın nəsibi olmadığını, yeni həyat uğrunda mücadiləyə başladığını qətiyyətlə bildirir. İstər anası, istərsə də Yaşlı  Paşa ilə olan dialoqları Gənc hərbiyyəlinin-  gələcək Qazinin xarakterini, əqidəsini, həyata baxışını  sərrast ifadə edir, dəqiq səciyyələndirir. O, türk milliyətçiliyin ilham qaynağı,  türk ədəbiyyatına yurdsevərlik, hürriyyət, millət anlayışlarını gətirən Namıq Kamal, mübariz, azadlıq, humanizm ruhlu şeirləri, zülmü, fanatizmi, istibdadı qətiyyətlə qamçılayan əsərləri ilə tanınan Tofiq Fikrət poeziyasının aşiqidir, cəmiyyətin elmə, mədəniyyətə, təhsilə böyük ehtiyacı olduğunu dərindən anlayır, cəhalətə, cahilliyə nifrət edir.

     
Sakarya döyüşü ərəfəsində hərbi taktikanı və hərb elmini dərindən bilən istedadlı  sərkərdə kimi yetişən Qazi Paşa  “Xətti-müdafiə yoxdur,  vaz keçdim, Səthi-müdafiə yolunu seçdim, O alan bütün vətəndir” - deyir və bu ifadələrlə reallaşan taktiki gedişlə hərb tarixinə bir yenilik gətirir.

     
Qazi Paşanın Aşıqla, çetecilərlə, dilənçi cildinə girmiş xəfiyyə ilə  görüşləri də istiqlal qəhrəmanının böyük zəka sahibi, müdrik, humanist və uzaqgörən insan kimi xüsusiyyətlərini üzə çıxarır. Əsir düşən Dilənçi əfv  olunması üçün  Gazi Paşaya yalvarır:


Əvət, silah almış, para almışam.

Etitaf ediyorum, aldadılmışam.

Beni İstanbulda kiraladılar.

Paşa ölsün deyə qərar aldılar . 


Qazi Paşa “nə ip, nə edam”-deyərək Dilənçini azad edir, bununla da, həm humanizmini nümayiş etdirir, həm də digər xainlərə öz əməllərindən nəticə çıxarmaq, aqibətləri haqqında düşünməyə şans vermiş olur:


Xainlər bizlərə nifrət edərlər.

Böylə cahilləri alət edərlər.

Başqa mürşidləri məğlub edərək,

 Məsum müridləri əfv etmək gərək. 

     
Pyesdə Aşıq obrazı xalq sözünün, xalq hərəkatının, xalq iradəsinin ifadəçisi kimi verilir. İstiqlal arzulu  Aşıq-xalq Ərzurumdan  Sakaryaya Qazi Paşanı ziyarət etməyə, bu müqəddəs savaşa öz töhfəsini verməyə gəlmişdir. Pyesdə  qəzetçilər də diqqət çəkən obrazlardandır. Abay Dağlı qəzetçilərin inadkarlığını, ilkin, mötəbər mənbədən operativ və obyektiv informasiya toplamaq  cəhdini, onların təəssübkeşliyini, Atatürk  və vətən sevgisini  məhəbbətlə tərənnüm edir.  Çavuşun və minbaşının müqavimətinə, bütün cəhdlərinə rəğmən “millət onu duymaq, bilmək istəyir”- deyən qəzetçilər Qazi Paşanı görməkdə israrlıdır:


Qazi hüzurundan kim qovar bizi,

Sizdə silah vardır, bizdə qələm var .

       
Qəzetçilər qorxmaz və vətənpərvərdirlər. Onlar Sakarya  zəfəri xəbərini işğal altındakı İstanbulda duymuş, dərhal da hadisə yerinə, Qazi Paşanın qərargahına gəlmişlər. Qəzetçilər qələbə sevincini xalqla paylaşmağı  məslək və vətəndaşlıq borcu hesab edirlər:


Qələmlər hayqırır, gur səsimiz var,

Sakarya coşarkən biz susamazdıq.

İyirmi iki gündür, çıx xəbər yazdıq,

Şimdi də görüşüb Paşamızla biz,

Bir mülakat yapıb, yazmaq istəriz .

    
Əsərdə ziyalı obrazları da eyni sevgi və məhəbbətlə təsvir olunur. Onların  Qazi Paşanı ziyarəti  qəzetçilərin görüş səhnəsinə bənzəsə də, ziyalıların məramı başqadır. İxtiyar 1-ci Aydının “Yenə cəbhələrə, savaşa gəldik”, orta yaşlı xanım 2-ci Aydının “Həm yardım edərəm, həm savaşaram”, orta yaşlı 3-cü Aydının “Bir əsgərəm, Paşam, əmrinizdəyəm” - deyə Paşaya müraciətləri ziyalıların məqsədi, istəyi barədə tam təsəvvür yaradır. Vətənin işğaldan azad olunması üçün bütün xalq kimi ziyalılar da səfərbər olmuş, silaha sarılmışlar. Yadellilər tərəfindən ayaqlar altında inləyən İstanbuldan gələn aydınlar şəhərin intizarla Paşanı gözlədiyini, özlərinin də istiqlal savaşına hazır olduqlarını bildirirlər.

     
Qazi Paşanın qəzetçilərə, ziyalılara diqqəti və həssas münasibəti onun  aydınlarla görüşündə də qabarıq nəzərə çarpır. Paşanı ziyarətə gəlmək istəyən aydınlar haqqında  xoş sözlər deyir:


Mühərrirlər, mühərrirlər...

Aydınlıq yolunda hünərlidirlər.

Aydınlar millətin düşünən başı,

Aydınlada bilir hər vətəndaşı.

     
Abay Dağlı pyesin birinci səhnəsində maraqlı və uğurlu ədəbi priyomla- düşmənin öz dili ilə türk mücahidlərinin cəsurluğunu, işğalçı yunanların  isə əzazilliyini diqqətə çatdırır. Sakarya döyüşlərinin sonuncu-22-ci günüdür. Yunan zabitlər qorxu içində sağa-sola vurnuxur, çətəcilərin əsgərlərdən geri qalmadığını etiraf edir, onlar   tərəfindən əsir götürüləcəklərindən ehtiyatlanırlar:

 Bizi məğlub etdi o cəbhəçilər,

Onlardan yamandır bu çətəcilər.


Yunan  zabitlər eyni zamanda türklərə qarşı törətdikləri cinayətləri sadalamaqla özlərini ifşa edirlər. Onlar  yaxşı bilirlər ki, əsir düşdükləri zaman türklər onları sorğu-suala tutacaq, çirkin əməllərinə görə  haqq-hesab çəkəcəklər. Yunan zabitlərdən biri  digərinə deyir:


Niyə yaxdın, niyə yıxdın diyorlar,

Öldürdün diyorlar silahsızları.

Götürdün diyorlar qadın, qızları.

Yanan köylərini göstəriyorlar

Bizlərə hər yerdə suç arıyorlar.

 
Digər yunan zabiti yuxarının əmrini yetirdiyini deməklə, guya özünə, öz vəhşi əməllərinə  bəraət qazandırmış olur:

 
Vur, dedi, vurduq.

Yax, dedi, yaxdıq.

Yaxdıq, yıxdıq...

      
Pyesdə yunan əsgərlərinin  qəddarlığı, dinc əhaliyə qarşı amansız rəftarı və lovğalığı ilə yanaşı, onların  qorxaqlığı, xəyanəti də xarakterik cizgilərlə təqdim olunur.1-ci yunanlı  guya  əsir olmaqdansa, ölməyi, intihar etməyi, əsgərlik şərəfini  üstün tutduğunu hay-küylə dilə gətirir, elə ki, əsir götürülür, “öldürməyiniz, öldürməyiniz”- deyə yalvararaq çətəcilərin ayaqlarına sarılır.

       
Biz yazının əvvəlində Abay Dağlının Sakarya savaşı mövzusunda bir neçə pyes yazdığını qeyd etmişdik. Bu mövzu nə qədər zəngin, əhatəli olsa da, eyni müəllifin eyni janrda  müxtəlif süjetli əsərlər yazması yaradıcılıq prosesinə və onun nəticəsində ərsəyə gələn əsərə  təsirsiz ötüşmür. “Sakaryaya 22-ci gün” pyesi də bu baxımdan istisna deyil. Buradakı bəzi obrazlara, onların iştirakı ilə cərəyan edən olaylara dramaturqun əvvəlki pyeslərində də bu və ya digər dərəcədə rast gəlinir. Məsələn, çobanla həmşirənin “məhəbbət” macərası “Sakarya çətəsi” pyesinidə də təsvir olunur. Doğrudur, “Sakaryaya 22-ci gün” pyesində çoban-həmşirə münasibətləri daha geniş və bir qədər də fərqli verilir, amma hər halda mahiyyət qalır: həmşirə çobana cəbhəyə getməyi, ondan sonra sevgi haqqında düşünməyi tövsiyə edir.  Aşıq, Aydın obrazları, onların xarakterik cizgiləri əvvəlki pyeslərdəkinə çox bənzəyir, bəzi hallarda demək olar ki, eyni ilə təkrarlanır. “Sakarya çətəsi” pyesinidə 1-ci Aydının dediyi-


Mülki Osmaniyə pək xarab olub,

Müsəllah eşkiya hər yerə dolub.

Məsum münafıklar gəzir ortada,

Mümtaz münəvvərlər artıq Maltada.

Həyatda var olmaq, yaşamaq çətin,

Məlalı dərindir bütün millətin-

misraları “Sakarya çətəsi” pyesində  2-ci Aydının dili ilə olduğu kimi təkrarlanır. Bütün bunlar əsərin ədəbi- bədii dəyərinə, estetik siqlətinə, sənətkarlıq səviyyəsinə təsir edən amillərdir.  Bu  kimi kiçik  kəm-kəsirlərə baxmayaraq, pyes bir tərəfdən ideyasının aktuallığı ilə, digər tərəfdən mühacirət  ədəbi irsi problemlərinin, o cümlədən Abay Dağlı yaradıcılığının araşdırılması baxımından  mühüm əhəmiyyət kəsb edir. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir