Modern.az

Tanınmış jurnalist nazirlikdən ayrıldı, İTV-yə getdi

Tanınmış jurnalist nazirlikdən ayrıldı, İTV-yə getdi

30 Avqust 2018, 13:59

Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) "Sosial həyat" jurnalının baş redaktor müavini Əmrah Fəqanoğlu İctimai televiziyanın Xəbərlər departamentində fəaliyyətə başlayıb.

 

Ə.Fəqanoğlu Modern.az-a faktı təsdiqləyib. O qeyd edib ki, yeni iş yerindən razıdır:

“Komandamızdan olduqca razıyam. Hər biri öz işinin peşəkarıdır, ən əsası da kollektivdə mehribanlıq, təəssübkeşlik və səmimiyyət hökmrandır. Çalışacağam ki, mənə olan etimadı doğruldum”.

 

Qeyd edək ki, Ə.Fəqanoğlu bir qədər əvvəl "Feysbuk" səhifəsində iyulun 31-dən “Sosial həyat" jurnalının fəaliyyətinin nazir Sahil Babayevin əmri ilə dayandırıldığını və jurnaldakı bütün ştatların, o cümlədən, onun da ştatının ixtisar olunduğunu yazmışdı:

 

"Nazirin qərarına hörmətlə yanaşıram, demək belə məsləhət bilinib. Amma jurnaldakı 1 aylıq maaşımın və nazirin əmri ilə təyin olunmuş kompensasiyamın ödənişi yubadılır. Ümid edirəm ki, nazirlik əmək və sosial təminat hüquqlarımı pozmaz. Axı vətəndaşların əmək və sosial təminat hüquqlarını qorumaq məhz bu quruma həvalə olunub"

 

Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub.

 

“Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

 

İctimai televiziyadakı təyinatına qədər ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktor müavini kmi fəaliyyət göstərib. "Media açarı" mükafatı laureatı və “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı kitabların müəllifidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi