Modern.az

Bizimkilər - Raqif Raufoğlu: “Peşəkar olan hər bir məhsul əvvəl-axır sənə pul qazandıracaq” - FOTOLAR  

Bizimkilər - Raqif Raufoğlu: “Peşəkar olan hər bir məhsul əvvəl-axır sənə pul qazandıracaq” - FOTOLAR    

4 Sentyabr 2018, 09:19

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı Azad Azərbaycan (106.3 FM) radiosunun əməkdaşı Raqif  Raufoğludur.

Raqif Raufoğlu 1984-cü ilin 20 sentyabrda Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2006-2007-ci illərdə hərbi xidmət keçib. Dövrü mətbuatda 2001-ci ildən çıxış edir. Bir müddət "Ənvər Paşa" və "Doqquz iklim" jurnallarının redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyi - "Ölü yazarlar dərnəyi"nin yaradıcılarından biridir. ATV kanalında yayımlanan “Rəsmilər, qeyri-rəsmi” verilişinin redaktoru olub.

2003-cü ildə "Danışa bilsə dünya" adlı şeirlər kitabı nəşr edilib. 2008-ci ildə Barak Obamanın "Atamın arzuları - Dreams from my father" kitabını Azərbaycan dilinə tərcümə edərək, dövrü mətbuatda yayımlayıb. 2009-cu ildə əsər kitab şəklində çap olunub.  2011-ci ildə həmmüəllifi olduğu "Ölü yazarlar dərnəyi" kitabı nəşr olunub (müəlliflər - Raqif Raufoğlu, Mətləb Muxtarov, Asəf Zeynallı). 

2014-cü ildə "Qadağan olunmuş kitab" əsəri çap olunub. Elə həmin ildə müəllifin 101 şeirini və “Çirkinlik” adlı yazılarını özündə birləşdirən "Çirkinlik" kitabı da çap olunub.

Ailəlidir. Leyla adlı qızı, Alper adlı bir oğlu var.



“Bu gün özümü daha çox aparıcı hiss edirəm”

Raqif Raufoğlu 2009-cu ildən Azad Azərbaycan (106.3 FM) radiosunun əməkdaşıdır:


“Bu radioda müxtəlif verilişlərin aparıcısı olmuşam. “Bumeranq” səhər şousunun layihə rəhbəriyəm. Həmçinin, Azərbaycanda ilk dəfə sürücülərin texniki problemlərinin həlli ilə məşğul olan 9192 sms xidmətinin yaradıcısıyam. Müəllifi və aparıcısı olduğum “Masterclass” layihəsi 2013-cü ildən həftə içi hər gün 106.3 FM-də yayımlanır. Bu layihənin “Masterclass Azerbaijan” Facebook səhifəsi və “Masterclass.az” saytı da fəaliyyət göstərir”.


R.Raufoğlu deyir ki, jurnalist ailəsində doğulduğu üçün heç vaxt, yeni sahədə olduğunu hiss etməyib:

“Əksinə, ailəmizdə bu sahəyə ən uzaq adam mənəm. Daxilən daha çox ədəbiyyata bağlıyam və gördüyünüz kimi, ixtisasca iqtisadçıyam. Jurnalistika sahəsindəki fəaliyyətimə jurnallarla başlamışam və daha çox mətbuatda mövqe yazılarımla çıxış etmişəm. Amma mən bu gün özümü daha çox aparıcı hiss edirəm. Dolayısı ilə bu işi də peşəkar görmək istəyən jurnalistikadan keçməlidir”.


“Dünyanın ən bahalı məhsulu da məhz informasiyadır”

Müsahibimiz  fəaliyyəti boyu rastlaşdığı çətinliklərdən söz açıb:

“Özünüz də yaxşı bilirsiniz ki, jurnalistika çox da gəlirli sahə deyil. Bu baxımdan həmişə çətindir. İşini nə qədər sevməlisən ki, bütün bu riskləri gözə alıb bu yola girməlisən. Bir çoxları üçün yaxşı tramplindir. Müəyyən əlaqələr qurmaq, bir az ictimai sima kimi görünmək, vəssalam, qurtuluş. Paradoks odur ki, dünyanın ən bahalı məhsulu da məhz informasiyadır. Yəni jurnalist sanki neftin dəyərinin ona heç bir dəxli olmayan neftçidir.
Amma mən yenə də düşünürəm ki, peşəkar olan hər bir məhsul əvvəl-axır sənə pul qazandıracaq. Sadəcə geci-tezi var. Peşəkarlıq baxımından isə bu gün bizdə vəziyyət təəssüf ki, yaxşı deyil”.

 


R.Raufoğlu  hazırda üzərində işlədiyi layihə istiqamətində planlar qurur:

“Yəni Masterclass layihəsi, avtomobil mövzusu... Paralel ideyalar olsa da, bu gün onlara vaxt ayırmaq çətindir. Jurnalistika bu gün oturub yazı yazmaqdan çox , operativ görüntünü təqdim etməyə işləyir. Okeanın o tərəfindən azdan-çoxdan xəbərim var. Yaxın illərin trendi nə olacaq onu da bilirəm. Hazırda onun üzərində işləyirlər. Qəzeti isə bu gün ancaq bir halda oxuyaram. İçində yaxşı, maraqlı, analitik mövqe yazıları olarsa. Yəni pul qoyub müəyyən eksklüziv məhsullar əldə etmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər