Modern.az

Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib

4 Sentyabr 2018, 18:57

Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, ərizələrin onlayn qeydiyyatı (www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə) Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.

Sentyabrın 4-dək Sumqayıt şəhəri üzrə 2364, Abşeron rayonu üzrə 1765, Gəncə şəhəri üzrə 1745, Mingəçevir üzrə 447, Yevlax üzrə 932, Şirvan üzrə 393, Samux üzrə 459, Naftalan üzrə 107 nəfər olmaqla ümumilikdə 8212 nəfər elektron ərizələrini təsdiq edib.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 16 795 ərizənin onlayn qeydiyyatı (04.09.2018-ci il tarixinə saat 15:00-a olan məlumata əsasən) aparılıb.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

 

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apellyasiya Komissiyalarına müraciət etmək olar.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir