Modern.az

Ərdoğanın ABŞ səfəri başlayıb

Ərdoğanın ABŞ səfəri başlayıb

6 Dekabr 2009, 22:32

Dekabrın 6-da  axşam Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfərə yollanıb. Səfər zamanı Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Amerika prezidenti Barak Obamayla görüşəcəyi gözlənilir. Görüşdə Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma kontekstində Qarabağ məsələsinin də müzakirəsi gözlənilir.

Türkiyənin baş naziri hava limanında jurnalistlərə bildirib ki, Ankara Əfqanıstana əlavə olaraq əsgəri qüvvə göndərməyəcək. Bunu da qeyd etmək lazımddır ki, hazırda Türkiyənin Əfqanıstanda 1700 nəfərlik əsgəri qüvvəsi var və onlar əsasən paytaxt Kabulda patrul keşiyi çəkir. Ərdoğan deyib ki, bugünədək Türkiyə Əfqanıstanda nə etmək mümkün idisə, edib. Baş nazirin sözlərinə görə, əvəzində Türkiyə Əfqanıstan təhlükəsizlik qüvvələrini təlimləndirə bilər.
ABŞ-dakı danışıqlarda Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də geniş yer ayrılacağı gözlənilir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Vaşinqtona yola düşməzdən əvvəl Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı münasibətləri prezident Barak Obamanın sözlərinə istinad edərək “nümunəvi partnyorluq” kimi səciyyələndirib. Ərdoğanın Obama ilə bu günə planlaşdırılan görüşündə iki ölkə arasındakı münasibətlərin perspektivi ilə yanaşı İraq, Əfqanıstan, Kipr, Yaxın Şərq, İranın nüvə proqramları kimi bir çox regional və beynəlxalq məsələyə toxunulacaq. Danışıqlarda Dağlıq Qarabağ məsələsinə də xüsusi yer ayrılacağı gözlənilir.
Ankaradakı müşahidəçilərin fikrincə, Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təsirli addımlar atmasını istəyəcək. Analitiklər hesab edirlər ki, cənab Ərdoğan Obamanın Ermənistana təzyiq etməsi üçün təkid etməlidir. Əks halda Ankara çətin vəziyyətdə qala bilər.
Çünkü Türkiyə-Ermənistan protokollarının parlament tərəfindən ratifikasiya edilməsi üçün beynəxalq birliyin təzyiqlərinin artması gözlənilir. Bu isə Azərbaycanın mövqeyi və Türkiyə müxalifətinin etirazları baxımından indiki şəraitdə mümkün görünmür. Vaşinqtondakı danışıqların digər çətin mövzusunun isə Əfqanıstan məsələsinin olacağı proqnozlaşdırılır. Birləşmiş Ştatlar Türkiyənin Əfqanıstandakı 1700 nəfərlik kontingentindən başqa hərbi əməliyatlarda iştirak edəcək əlavə qüvvə göndərməsini istəyir. Ankara isə buna müsbət yanaşmır. Türkiyədəki icmalçılar Ankaranın son vaxtlar İranla yaxınlaşma siyasəti və iki ölkənin enerji sahəsində əməkdaşlığına dair planlarının da Vaşinqtonda gündəmə gələcəyini proqnozlaşdırırlar.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır