Modern.az

Yol qəzalarına düşən DÖVLƏT BAŞÇILARI...  

Yol qəzalarına düşən DÖVLƏT BAŞÇILARI...   

11 Sentyabr 2018, 08:53

Yol qəzaları hər il on minlərlə insanın həyatına son qoyur, yüz minlərlə insan isə xəsarətlərlə qurtulur. Bu cür hadisələrdən hamı kimi ən yaxşı qorumalara və imkanlara sahib dövlət başçıları da sığortalanmayıb. Dövlət başçılarının düşdüyü qəzalardan bəziləri ehtiyatsızlıq və ya texniki nasazlıqlar səbəbi ilə baş versə də, digərləri ən yüksəık vəzifə tutan şəxslərə qarşı sui-qəsd məqsədi ilə qəsdən törədilir. Yol qəzalarına düşən rəsmi şəxslər sırasına dünyanın ən güclü təhlükəsizlik xidmətlərinə sahib ABŞ və Rusiya liderləri də məruz qalıb.
 

İki gün öncə Moldova dövlət başçısı İqor Dodonun yol qəzasına düşməsi və ondan az əvvəl isə separatçı Abxaziya rejiminin baş nazirinin yol qəzasında ölməsi dünya mediasında ciddi müzakirələrə səbəb olub.

 

Modern.az saytı bunları nəzərə alaraq, yol qəzalarına düşən dövlət başçılarını araşdırıb.

 

Moldova prezidenti İqor Dodonun korteji sentyabrın 9-da yol qəzasına düşüb. Kortejdəki maşınlardan birinin əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşduğu bildirilir. Qəzada prezidentin xəsarət almadığı qeyd olunsa da, onun anasının yüngül xəsarətlər aldığı söylənilir. Dodon özü qəzanı “müəmmalı” adlandırıb və təhqiqatın bu suala cavab verəcəyinə ümid etdiyini vurğulayıb.

 

Polşa prezidenti Anjey Dudanı daşıyan maşın 2018-ci ilin fevralın 27-də hərəkət zolaqlarını ayıran beton arakəsməyə dəyib. Bəzi məlumatlara görə, prezidentin maşını beton arakəsmənin üzərində ilişib qalıb və hərəkət edə bilməyib. Duda özü xəsarət almayıb və yolunu kortejdəki digər avtomobillə davam etdirib. İlkin məlumatlara görə, yol qəzası maşının təkərinin anidən partlaması nəticəsində baş verib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan kortej 2016-cı ilin dekabrında İstanbulda ağır yol qəzasına məruz qalıb. Bildirilir ki, Ərdoğan həmin vaxt dua üçün etmək üçün məscidə gedirmiş. Hadisədə 4 polis nəfərinin xəstəxanaya çatdırıldığı qeyd edilir. İnsident yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qəza yerini mühasirəyə alsalar da, yolda hərəkət dayandırılmayıb.

 

Ən güclü mühafizə olunan dövlət başçılarından ABŞ prezidenti Donald Trampın korteji də 2017-ci ilin sentyabrın 28-də İndianapolis ştatında qəzaya düşüb. Qəza korteji müşayiət edən motosiklet sürücülərindən birinin idarəetməni itirməsi nəticəsində baş verib. Şahidlər polisin özündə olduğunu qeyd edirlər. Həmin şəxsin xəstəxanaya yerləşdirildiyi və topuğunu sındırdığı qeyd edilib.

 

ABŞ-ın ilk qara dərili prezidenti Barak Obamanı daşıyan kortej isə bir az ağır yol qəzasına tuş gəlib. Hadisə 2012-ci il sentyabrın 9-da prezidentin seçkiqabağı kampaniyası çərçivəsində hərəkəti zamanı baş verib. Yolda hərəkət zamanı Ford markalı pikap avtomobili prezidentin kortejində olan polis motosikletini vurub. Nəticədə polis zabiti həyatını itirib. Prezidentin mətbuat xidmətindən Obamanın qəzanı şəxsən görməsə də, yolda ölü vəziyyətdə qalan zabiti öz gözləri ilə gördüyünü qeyd ediblər. Prezident həlak olmuş polisin ailəsinə baş sağlığı bildirib.

 

Kanada baş naziri Castin Trüdonun maşın korteji 2018-ci ilin fevralın 10-da yol qəzasına düşüb. Hadisənin qonşu ölkədə - ABŞ-ın Kaliforniya ştatında baş verməsi isə ciddi müzakirələrə səbəb olub. Qəza polis motosikletinin Toyota markalı krossoverin anidən qarşısına çıxması nəticəsində baş verib. Nəticə üç nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

 

Konqo Demokratik Respublikasının prezidenti Jozef Kabilanın korteji də 2018-ci ilin fevralın 13-də ölkənin qərbində qəzaya düşüb. KİV-in məlumatına görə, kortejə daxil olan maşınlardan biri idarəetməni itirib və yol kənarındakı maneələrə çırpılıb. Nəticədə prezident qvardiyasının 5 hərbçisi ölüb.

 

İsveç baş naziri Stefan Leven 26 fevral 218-ci ildə yol qəzasına düşüb. Hadisənin pis hava şəraiti səbəbi ilə baş verdiyi bildirilir. Baş nazirin sürücüsü pis görmə şəraitində qarşıda dayanmış maşını görməyib və vaxtında əyləcə basa bilmədiyinə görə qəza baş verib. Hadisədə xəsarət alan olmayıb. Maraqlısı burasıdır ki, KİV-də hadisə zaman baş naziri müşayiət edən digər maşınların adları çəkilməyib. Onun minimum müşayiətlə hərəkət etdiyi bildirilib.

 

Rusiya prezidenti Vladimir Putinin korteji də qəzaya düşüb. Bu qəza xarici KİV-də Putinə mesaj kimi qiymətləndirilib. 2016-cı ilin sentyabrın 2-də prezidentin korteji Moskvada hərəkət edərkən qarşıdan gələn Mercedes markalı avtomobil anidən istiqaməti dəyişərək, yüksək sürətlə kortejin üzərinə hərəkət edib. O, prezidentin avtomobili ilə toqquşub. Lakin həmin an Putin o maşında deyil, kortejdəki digər maşında olub. Nəticədə Rusiya prezidentinin ən yaxşı sürücüsü hadisə yerindəcə həyatını itirib.

 

2012-ci ilin oktyabrın 3-də Zimbabve prezidenti Robert Muqabenin korteji insan itkisi ilə müşayiət olunan yol qəzasına düşüb. 88 yaşlı prezidentin korteji yük maşını ilə toqquşub. Hadisə nəticəsində qarşıda hərəkət edən polis motosikletinin sürücüsü yerindəcə həyatını itirib. Qeyd etmək lazımdır ki, bundan əvvəl də Muqabenin korteji 4 dəfə yol qəzasına tuş gəlib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi