Modern.az

Adını özündə, haqqı sözündə saxlayan Musa Yaqub - FOTOLAR

Adını özündə, haqqı sözündə saxlayan Musa Yaqub - FOTOLAR

11 Sentyabr 2018, 09:10

Vüqar Tofiqli


Xeyli vaxt idi ki, görüşə bilmirdim. Sonuncu dəfə özüylə yanvar ayında danışmışdım. “Məni yaddan çıxarma, ay Vüqar”- deməsi isə məni kövrəltmişdi. Şairin o səsi, o deyimi hər adı çəkiləndə qulağımda bu gün də cingildəyir.

Sonradan vəziyyətinin yaxşı olmadığını eşidəndə zənglərimə oğlu  Şəhriyar cavab verirdi. Yayda isə iki dəfə doğma Ağdamıma Buynuza dəyməklə  gedəsi oldum.

Təəssüf ki, hər iki gedişimdə ağsaqqalımı görə bilməmişdim. Axşamdan halının yaxşı olmadığını, gecəni oyaq qaldıqlarını, yalnız səhərə yaxın şairin yuxuya getdiyini demişdilər. Mən isə belə məqamda heç kimə narahatlıq vermək istəmədiyimdən yola düzəlib qayıtmışdım. Təəssüf hissi keçirsəm də, aldığım bir şad xəbər məni xeyli sevindirmişdi. Musa müəllimin daha bir nəticəsi dünyaya gəlibmiş. Adını da Musa qoyublarmış. Allah gözü dolu versin. Bu Allahın Musa Yaquba yəqin ki, bir lütfüdür.

Beləliklə, bu dəfə  Musa Yaqubu yoxlamağa gedirik, “getmək istəyirsənmi”  sualına cavabım anındaca “mütləq gedəjəm” dedim.

Bu görüş isə şairin sədaqətli tələbə yoldaşı, mənim üçün əvəzedilməz insan, millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə təşkil  edilmişdi.  Özü tez-tez tələbə yoldaşını yoluxsa da, bu dəfə onun qəlbini açmaq, müsbət bir aura yaratmaq üçün şairlə eyni kollektivdə çalışan iş yoldaşlarını Buynuz kəndinə aparmağa qərar vermişdi. Bu sırada isə Kamil Səlimov, Oktay Təmrazov, Fuad Babayev, Dəyanət Musayev və mən də var idim.  Beləliklə, yola düzələsi olduq.

 

İki saatın necə keçdiyini hiss etmədim. Hərdən Kamil Səlimovla Fuad Babayevin fəlsəfi diskusiyalarına qoşulsam da, fikrim Buynuzda, Musa Yaqubun yanında idi. Kaş ki, özü xoş əhval-ruhiyyə ilə, həmişə qarşıladığı kimi yanımıza gələrdi.  Danışıb zarafatlaşardıq. Həyətindəki şabalıd ağacının altında oturub çörək  kəsdiyimi isə heç vaxt unutmaram.

Buynuz kəndinin məhşur giriş qapşısını keçirik. Qarşıdakı maşında isə Musa müəllimin tələbə yoldaşı gedir.

Maşınlar Musa müəllimgilin darvazasanın qarşısında saxlayan kimi düşürük. Elxan müəllim ürəkli şəkildə həyətə keçir və Musa müəllimi soruşur.  Musa müəllim isə öz ampluasında idi, divanında oturub, özü demişkən payız çiyələyinin tamına baxırdı. Bizi görcək şairin çöhrəsi dəyişdi. Gözünə elə bil işıq gəldi. Hamımız görüşürük. Hal-əhval tuturuq.

Şükrlər olsun ki, şair özünü pis hiss etmirdi. Dövrə vurub şairin ətrafında otursaq da, köhnə adəti üzrə oğlu Şəhriyara “arabamı  tez gətir”  və  “gəlin süfrə başına” dedi.

Çay sürfəsi  hazırlandı. Elxan müəllim həvəslə söhbətə başladı:

- Pedməktəbdə oxuduğumuz illər yadında, ay Musa?  Bir gün məktəbə dərsə gələndə baxdıq ki, divarda elan vurulub.  Elanda yazılmışdı ki, 3-cü kurs tələbəsi Musa Yaqubun “Qalacıq” poemasının müzakirəsi olacaq.

Musa Yaqub müzakirədə təxminən bir saata yaxın poemasını oxudu, müzakirələr keçirildi. Musa  ilk qələm təcrübəsini texnikumun ədəbiyyat müəllimi, rəhmətlik İlyas Səfiyevdən alıb desəm, səhv etmərəm. 

Musa Yaqub təkcə Göyçay Pedaqoji Texnikumunda deyil, bütün Göyçayda tanınan bir şairə çevrildi. Hələ o illərdə sadə insanlar Musa Yaqub yaradıcılığına necə yüksək dəyər verirdilər, küçədə görəndə onu hörmət və ehtiramla salamlayırdılar.

Göyçay Pedaqoji Texnikumunun çox güclü müəllim heyəti vardı.

Bu arada Musa müəllim də söhbətə qoşuldu:

- İlyas müəllim, Feyzi müəllim, Hacıağa müəllim, Məhəmmədəli müəllim, Emin müəllim, Böyükağa müəllim, Zoya müəllimə, Zakir müəllim yaxşı yadımdadı, onları çox yaxşı xatırlayıram. Yadımdadı ki, məktəbdə işləyən Minirə xala aclıq illərində, çörəyin tapılmayan vaxtında həmişə bizim çörək payımızı saxlayardı.  Oardaş, o illərdə insanları saxlayan gələcəyə olan ümid idi.

- Samballı ziyalılar idi onlar,- Elxan müəllim söhbətinə davam edir:

 - Onlar bütün tələbələr üçün hər zaman əvəzsiz insanlar olublar. Heyf ki, indi o cür müəllimlərə rast gəlmək olmur. Övladlarıma, yaxınlarıma, kollektivimin üzvlərinə həmişə demişəm ki, mən yaddan çıxacağam, mən adi insanam, şair Musa Yaqub isə əbədiyyata qovuşacaq insanlardan biridir. Bir insana ki, Allah vergi, talant verir, demək, o müqəddəs insandır. Mən çox böyük fəxr və qürur hissi keçirirəm ki, mənim qardaşım Musa Yaqub sözün əsl mənasında  Azərbaycanın böyük şairidir...

Söhbətimiz xeyli çəkdi. Nahar vaxtı yaxınlaşdığından ailə üzvlərinə əziyyət verməmək üçün Elxan müəllim qardaşağasını qonaq aparmaq istədi. Topçu kəndindəki restoranda hazırlıqda gördürübmüş.

Etiraf edim ki, Musa müəllimin həvəslə bu dəvətə razı olacağına inanmırdım. Özü  qardaşıoğlunun, gələnlər isə hərə öz maşınında Topçu kəndinə gəldik.

Həmin gün təşkil edilən bu ziyarət sanki Allahın da ürəyincə olduğundan havada qeyri-adi gözəllik var idi. Sərin bir meh əsirdi. Restoranın digər hissəsində həzin musiqi ilə xöşbəxt bir ailənin nişan mərasimi keçirilirdi.

Mən isə dəyərli ziyalılarımızın arasında özümü çox xöşbəxt hiss edirdim…

Musa Yaqub mənim üçün çox əziz  və dəyərli bir insandır. Haqqında  bir sıra yazılar da qələmə almışam. Yaradıcılığına qiymət vermək şansım olmasa da, insanlığına və yoldaşlığına həmişə  yüksək qiymət vermişəm.

Bu yazını da  Musa Yaqubun həyat yoldaşı Zöhrə xanıma həsr etdiyi şeirdən bir parça ilə yekun vurmaq istəyirəm:

Ömrümüz həyəcan, təlaş içində,

Könlüm bir şüşədir bu daş içində.

Belə vurhavurda, savaş içində.

Məni barışıqda saxlayanım var.

Dostlar nə o gücdə, nə o dözümdə

Üzlər gördüm əlim qaldı üzümdə.

Adımı özümdə, haqqı sözümdə

Belə qarışıqda saxlayanım var.

Musa müəllim xöşbəxt insandır ona görə ki, onun saf, təmiz və sədaqətli tələbə yoldaşları və  dəyərli dostları  var.  Musa müəllim xöşbəxt insandır bir də ona görə ki, “belə qarışıqda onu saxlayan” dəyərli övladları var.

Allah dahi şairimizə sağlam ömür versin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir