ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) arxiv sənədlərində “Azərbaycan” tankeri ilə bağlı məlumat yer alıb.
Modern.az saytının internet axtarışları ilə NSA-dan əldə etdiyi bilgilərə görə, “Azərbaycan” tankeri İkinci Dünya Müharibəsi zamanında dənizlərdə üzüb.
1943-cü ilin iyulun 31-də Nyu Yorkdan Moskvaya ünvanlanan 1262 nömrəli məxfi teleqramda bildirilib ki, “KRUG” “Azərbaycan” tankerindəki insidentlə bağlı məlumat yayıb.
“KRUG” həmin məlumatı göndərən qurumun şərti adıdır.
Qeyd olunub ki, 1943-cü ilin iyulun sonlarında Nyu Orleana yükləmə üçün gedən “Azərbaycan” tankerinin ekipaj üzvü Vasili Suxanov özünü dənizə atıb və ölüb.
Tanker haqqında
“Azərbaycan” PQ-17 konvoyunda iştirak etmiş tankerdir. Bu gəminin inşası üçün 1928-ci ildə “Nikolayev” gəmiqayırma zavoduna sifariş verilib.
Sifarişi verən isə “Neftsindikat” zavodu olub. Tanker 1932-ci ildə istifadəyə verilib. Bu gəmi Qara və Aralıq dənizlərinin limanlarına neft məhsullarının çatdırılması üçün nəzərdə tutulurdu.
Tanker 1942-1943-cü illərdə Şimal donanmasının hərbi dəniz nəqliyyat vasitəsi kimi istifadə olunub. O, iki topla və böyük kalibrli pulemyotlarla silahlanıb.
Tanker 1942-ci ildə PQ-17 konvoyunun tərkibində 6 min ton kətan yağı ilə yüklənərək İngiltərədən yola çıxıb.
Tanker 50 mil getdikdən sonra Ümid adasında torpedo ilə vurulur. Bununla belə tanker gəmi özünü SSRİ-nin “Murman” minadaşıyan gəmisinin müşayiəti ilə Arxangelskə çatdıra bilir. Təmirdən sonra yenidən Sakit okeana qayıdır.
1975-ci ildə gəmi hərbi təyinatlı siyahıdan çıxarılıb və bundan sonra bunkerdə dayanıb.
NSA da tam açıqlamır
NSA həmin teleqramın adını belə təqdim edir: “31 iyul intiharı”. Lakin intiharın səbəbi açıqlanmır.
Bu haqda Rusiya mənbələrində də bir məlumata rast gəlinmir. Sadəcə bəlli olan budur ki, İkinci Dünya Müharibəsində hərbçilərin kütləvi şəkildə intiharı olurdu...