Modern.az

Təbrizdəki İŞIQ

Təbrizdəki İŞIQ

11 Sentyabr 2018, 21:16

Gündüz Kamiloğlu


Məncə, elə bir adam tapılmaz ki, "SƏNİ DEYİRLƏR"ə laqeyid (bitərəf) olsun. Müsbət və ya mənfi hər kəsin öz mövqeyi var. Təqdir edənlərin bir çoxu oynamaqla dəstəkləyir. Mən isə əvvəldən oynamağı bacarmıram. Ona görə də, Təbrizə ilk və hələ ki, son gedişimlə bağlı vaxtı ilə yazdığım, amma indiyədək paylaşmadığım səfər təəsuratımı ixtisarla təqdim edirəm. Bu da mənim münasibətim olsun...

Təbrizdəki İŞIQ

Nə vaxtsa Təbrizi görəcəyimə inanmırdım. Hətta son günə qədər Təbrizə gedəcəyimə şübhəm var idi. Mənə elə gəlirdi ki, bu şəhər başqa planetdir, onu görmək hər adama qismət olmur. Bəlkə də, məndə belə bir qənaət formalaşmasının səbəbi uzun illər – ağlım kəsəndən indiyəcən içimdə və gözümdə böyümüş Təbriz həsrəti idi. Etiraf edim ki, ürəyimdəki bu həsrətin müqəddəsləşməsində böyüdüyüm mühitin, müəllimlərimin, ailəmin, xüsusilə ədəbiyyatın böyük rolu olub. Həmişə bu şəhəri müqəddəs, əlçatmaz saymışam. Düşünmüşəm ki, Təbrizin havası, suyu, insanları tamam başqa cürdür. Orda Günəş fərqli doğulur, insanlar başqa arzularla yaşayır və BAKInın həsrəti ilə dünyadan köçürlər. 

İnanmışam ki, dünyanın harasında və hansı statusda yaşamasından aslı olmayaraq, hər bir azərbaycanlının ürəyinin dərinliyində ayrıca bir Təbriz sevgisi var. Bu sevgi bəzən bizi əzib, bəzən mübarizəyə səsləyib. Amma insanlar ölsə də, bu sevgi ölməyib, əksinə, o daha da böyüyüb dağa – Savalana çevrilib.

Təbrizdə “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilməsi ideyası çoxdan var idi. Hətta bu təklif “Multikulturalizm ili” çərçivəsində keçirilməsi planlaşdırılan və təsdiqlənən Tədbirlər Planına daxil edilmişdi. Üstəlik, İran tərəfi sərginin təşkilinə razılıq vermiş, mümkün köməyini əsirgəməmişdi. Ancaq Azərbaycanın tarixi məscidlərinin, o cümlədən işğal olunmuş torpaqlarımızdakı ibadət evlərinin fotolarından ibarət sərgiyə İranda münasibət birmənalı deyildi. Çünki bəzi məkrli dairələrin İranda Azərbaycanı dinin sıxışdırıldığı ölkə kimi təqdim etməyə çalışması və buna müəyyən qədər nail olması həqiqətdir. 
İranı bizimlə çox şey bağlayır: tarix, din, mədəniyyət və s. Biz bu ölkə ilə bütün sahələrdə, xüsusilə mədəniyyət sahəsində əlaqələrimizi genişləndirməliyik. İranla aramızı vurmağa çalışanlara, Azərbaycanı bu ölkədə dinsiz dövlət kimi təqdim edənlərə fürsət verməməliyik. Bunun əksinin həm İrana, həm də bizə xeyir gətirməyəcəyi şübhəsizdir. 

Beləcə, əvvəlcədən nəzərdə tutulmuş sərgi üçün may ayının seçilməsi təsadüf idi. Amma bu təsadüf təkcə mənim deyil, Təbrizə birgə getdiyim digər həmkarlarımın da həyatında önəmli hadisəyə vəsilə oldu. Çünki biz o şanlı tarixi - 28 May Respublika Gününü Təbrizdə qeyd etmək fürsəti qazandıq. 28 Mayı Təbrizdə qeyd etməyin mənim üçün nə demək olduğunu sözlə izah etməyim qeyri-mümkündür. Sadəcə, onu deyim ki, yuxuda belə görə bilməyəcəyim həmin gün üçün çox şeydən imtina etməyə hazır idim. Bu mənim üçün tarixi şans, hətta deyərdim ki, Yaradanın lütfü idi. Ona görə də Təbrizdəki Konsulluğumuz Respublika Gününü ayın 25-də qeyd edəcəklərini dedikdə və bizim iştirakımızı xahiş etdikdə bu göydən düşmə oldu. 

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirildi və çox şeylərdən danışıldı, Azərbaycan-İran əlaqələrinə aid çox mətləblərə toxunuldu. Eyni zamanda Təbrizin tarixi məkanlarını, muzeylərini və görməli yerlərini ziyarət etdik. Amma şübhəsiz ki, mənim üçün səfərin zirvə nöqtəsi Təbrizdəki Konsulluğumuzun 28 May Respublika Günü ilə bağlı təşkil etdiyi rəsmi qəbul oldu. 200 nəfər qonağın iştirak etdiyi rəsmi qəbulun ən önəmli və əziz hissəsi o idi ki, Təbrizdə Azərbaycan bayrağı önündə himnimiz oxunurdu və onu oxuyanlardan biri də mən idim. Təbrizdə üç rəngli o möhtəşəm hilalın qarşısında gur səslə və qürurla o gözəl himni oxumaq... Aman Allah..! İndiyədək çox az hallarda özümü bu qədər qürurlu və xoşbəxt hiss etmişəm.
 
Təbrizdən qayıtdıqdan sonra dostlarımdan ən çox eşitdiyim sual bu oldu: xəyalındakı Təbrizi və təbrizliləri tapdınmı? Səmimi deyirəm: Təbriz xəyalımdakından daha gözəl, təbrizliləri isə düşündüyümdən daha mehriban və əzmkar gördüm. 

...Şirniyyat almaq üçün Təbrizdəki dükanlardan birinə girmişdik. Danışığımızdan Bakıdan gəldiyimizi bildilər. Bizə şirniyyat çəkən 18-20 yaşlı gənc oğlan gözləmədiyimiz halda, ani bir hərəkətlə mobil telefonunu vitrinin üstünə qoydu. Telefonun ekranında üç rəngli bayrağımız var idi. Onu göstərib dedi ki, bu təkcə o tayın yox, bütün Azərbaycanın bayrağıdır. Hamımız şokda idik. Belə bir şey gözləmirdik. Amma o gənc bizi daha da heyrətləndirdi. Dedi ki, gün o gün olsun Tehrana pasportla, Bakıya azad gedək. Təbrizlilərin bizi gördükdə, Bakıdan gəldiyimizi bildikdə necə sevinclə və şirin Təbriz şivəsi ilə “Xoş gəlmisiniz” dediklərini, mehribanlıqlarını görmüşdük. Amma bu cür təsəvvür etməmişdik.

...Təbriz həddindən ziyadə İŞIQLI ŞƏHƏR kimi yaddaşımda qaldı. Amma Təbrizdəki ən böyük işıq, məncə, şirniyyat dükanında gördüyümüz o gənc idi. O işıq o qədər güclü idi ki, bir gün onun Bakıya qədər bütün yolları aydınladacağına inanıram!

Təbriz eşqdir – alov təki qəlbin varsa,
Təbriz yoldur – bükülməyən dizin varsa,
Təbriz İŞIQdır – gediləcək yolun varsa,
Təbriz arzudur – nə qədər ki, mən, sən, o varsa!!!

İstanbul, 28 may 2016.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir