Modern.az

Ən yaxşı 5 universitetin rektoru mükafatlandırıldı - FOTOLAR  

Ən yaxşı 5 universitetin rektoru mükafatlandırıldı - FOTOLAR  

12 Sentyabr 2018, 14:50

AzEdu.az kollektivi portalda keçirilən Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusunun qaliblərini mükafatlandırmaq üçün, beş qalib ali məktəbdə rektorlar və prorektorla görüşüb.

AzEdu.az təhsil portalının məqsədi hər insanı daim izləyən təhsil, elm, maarif  anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə problem və perspektivlərin üzə çıxarılmasıdır. 

Portal  jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli informasiya təqdim etmək və Azərbaycan təhsil arenasında ən etibarlı mənbə, bütün sualların cavablarının toplandığı baza olmağı hədəfləyib.

Bu missiya və məqsədimizin həyata keçməsindən ötrü AzEdu.az inkişafa istiqamətlənmiş layihələrini davam etdirir.

AzEdu.az-ın “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” sorğusu yekunlaşıb. Bildirək ki, sorğu 15  universitet arasında 6-30 iyul tarixlərində davam edib.

Xatırladaq ki, nəticələrə əsasən, 16.000 nəfərin iştirak etdiyi sorğuda ilk beşlikdə ADA Universiteti, UNEC, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi  və Azərbaycan Dövlət  Pedaqoji Universiteti qərarlaşıb. 

AzEdu.az bu məqsədlə qalib gələn 5 universitetin rektor və rəhbər şəxsləri  ilə görüşərək, təltifnamə və rəmzi hədiyyələrini onlara təqdim edib.  

4 rektor və 1 prorektor AzEdu.az təhsil portalının keçirdiyi bu sorğunun vacibliliyindən, təhsilə olan sosial marağın nə dərəcədə ciddi faktor olmasından danışıblar.

Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmov media və təhsil tandeminə toxunaraq, bu cür layihələri daha çox  keçirməyi tövsiyə edib:

“Məsələn, Tibb Universiteti və ya Texniki Universitet bir  istiqamət üzrə kadr hazırlayırlar. Bakı Dövlət Universitetində isə 23 min tələbədən təxminən, 11 min nəfəri təbiət elmləri, 12 min nəfəri isə humanitar elmlər üzrə təhsil alır. Humanitar sahə özü isə çox rəngarəngdir. Bunun jurnalistləri, sosioloqları, hüquqşünasları və s var. Lakin bunların arasında jurnalistika cəmiyyət üçün çox vacibdir. Buna görə, bu cür layihələrin təşkilini genişləndirmək və aktivləşdirmək lazımdır”. 

Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov AzEdu.az saytına təhsilin inkişafına yönəlmiş addımlar attığına görə öz təşəkkürünü bildirib:

“İnanıram ki, Azərbaycan Dövlət İqtisad Universitetinin potensialı imkan verir ki, bu universitet dünya təhsil məkanında rəqabət apara bilsin. Bizdən asılı olan çox az şey var ki, o potensiala uyğun tədbirlər keçirək və hər bir şəxsin – müəllim və tələbə heyətinin - öz potensialını ortaya qoymasına şərait yaradaq. Əminəm ki, Cənab Prezident İlham Əliyevin bizim qarşımıza qoyduğu əsas vəzifəni - İqtisad Universiteti dünya səviyyəli universitetlər sırasına çıxmalıdır -  icra edə biləcəyik. Biz bunun yolunu bilirik və hesab edirik ki, seçdiyimiz yolla buna nail olacağıq”.  

ADA universitetinin prorektoru Fariz İsmayılzadə də öz növbəsində obyektiv sorğuya görə təşkilatçılara  təşəkkürünü bildirib:

"Hesab edirəm ki, təhsil sahəsindəki müəyyən boşluqları doldurmaq üçün belə layihələrə ciddi ehtiyac var”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  sorğuda ilk beşlikdə yer almalarının sevindirici hal olduğunu vurğulayaraq, portal kollektivi və təşkilatçılara öz təşəkkürünü bildirib:

“Əslində, BANM – ın tələbə kontigenti digər böyük universitetlərə nisbətdə çox azdır. Buna görə, sorğuda BDU və bunun kimi tələbə-müəllim heyəti çox olan digər universitetlərlə rəqabət aparmaq bizim üçün böyük uğurdur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovbildirib ki, sorğuda qalib gəlmək universitet üçün builki nəticələrə görə, növbəti sevindirici xəbərdir:

“Bu il qəbul imtahanlarının nəticələri də bizi çox sevindirdi. Ümumiyyətlə, universitet tarixində yüksək ballı uşaqların ADPU-nu seçməsi çox az hallarda baş verərdi. Bu il isə 500 nəfərdən çox 500-600 bal arası toplayan abituriyentlər bizim universiteti seçiblər. Hətta müalicə-profilaktika ixtisasını seçmək imkanı olan bir sıra tələbənin də seçimi bizdən - kimya-biologiya müəllimliyindən yana olub. Yəni, burada universitetlərin müqayisəsindən söhbət getmir, bu, həm də şüurlu şəkildə müəllim peşəsinə olan marağın artması, cəmiyyətin intibahıdır.  İndi isə sorğuda iştirak edərək qaliblər arasında yer almaq, belə demək mümkünsə, kollektivin gecə-gündüz çalışmasının nəticəsidir. Bu, o deməkdir ki, bizim əziyyətimiz boşa getməyib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?