Modern.az

Kütlə haqda bir neçə söz

Kütlə haqda bir neçə söz

12 Sentyabr 2018, 18:58

Səbəbləri araşdırmadan qorxuya düşən yalnız kütlədir. Fərd heç vaxt kor-koranə qorxmur. Qorxu lazımlı hiss olsa da bəzən yersiz istifadəsi fəlakətə gətirir.

 

Bir gün dovşan manqo ağacının altında yatırmış. Gurultuya ayılıb qorxur.Qorxudan qaçmağa başlayır. Yolda dovşanlar onu saxlayıb sorğu suala tutur. Dünyanın dağıldığını deyən dovşana digər dovşanlar inanır. Hamı bir yerdə qaçırlar. Yolda ayı, canavar,şir, kərgədan və digər bütün heyvanlar dovşana qoşulub qaçırlar. Axırda bir insana rast gəlirlər.İnsan səbəbi araşdırmağı təklif edir.

 

Bütün heyvanları sual atəşinə tutandan sonra növbə dovşana çatır :

 - Hadisə baş verəndə harada idin.

- Manqo ağacının altında yatmışdım. İnsan gülümsəyib deyir :

- Çox güman manqo meyvəsi yerə düşərək möhkəm səs çıxarıb. O səsdən qorxub qaçmısan. Dünya dağılmır.

 

Kütləni əldə saxlamaq üçün qədimi zamanlardan əyləncəli proqramlar yaradıblar. O vaxt Kalizeydə qladiatorlar dalaşırdısa indi Marakanada futbolçular qol vurmağa çalışırlar. Kütlə isə hər zaman əsəbidir. Futbolçuları söyərək stressini azaltmağa çalışır. Bütün idman yarışmalarına baxmaqla əsl zövq yaşamaq mümkün deyil. Əsl zövq özün oyunun içində olarkən olur. Anı yaşamaq lazımdır.Anı yaşayanlar, məsələn, Ronaldo, Messi bir çox insanların qəhrəmanına çevrilir. Kütlə olmayan yerdə şou olmur. Şou kütlə üçün nəzərdə tutulub. Şou proqramlara baxanda bunu hiss etmək olar. Öncədən lentə alınmış alqış, gülüş, təəccüb səsləri lazımi anda səsləndirilir. Kütləyə harada gülmək lazım olduğu bildirilir. Fərd isə heç vaxt ona gülməli gəlməyən mövzuya gülməz. Bir insan kənarda oturub kitab oxuyanda ona deyirlər :

 

- At onu kənara. - Gəl bizə qoşul - Görürsən söhbət edirik,hörmətsizlik etmə.

İnsanı kütləyə salmağa çalışırlar. Özləri kimi zombiyə çevirmək istəyirlər. Kütlə sözündən çox istifadə etdiyim üçün üzürlü sayın, amma hamımız kütləyə çevrilirik. Bunun qarşısını almaq üçün yalnız 1 üsul tətbiq etmək olar. Fərdi şəkildə incəsənətlə məşqul olmaq. Özün üçün , tək qalanda hər hansı bir musiqi alətində ifa etmək, rəsm əsəri çəkmək, şeir, hekayə yazmaq. Ancaq özün üçün. "Baş nə qədər aşağı əyilsə, yuxarı hoppanmaq bir o qədər çətin olur." " Səsini kəs otur " , " sus, danışma " , "susmaq qızıldır " deyənlər öz hüquqlarından xəbərsiz insanlardır. "Bar verən ağac başını aşağı salar" atalar sözünü düzgün mənada anlamırlar.

 

Onlar üçün susmaq bağışlanmaq, şərtlərin yüngülləşməsidir. Çətinliyə düşmək istəməyənlərdir.Onlar heç vaxt yağışdan sonrakı günəş doğuşunu görməyəcəklər. Qul təfəkkürlü insan üçün təkcə gələcək zaman mövcuddur. " Hər şey yaxşı olacaq " ,

 

"Bir kimsə köməyə gələcək " . Əslində onlar azadlığını başqasından umanlardır.Yalnız özün öz azadlığına sahib çıxanda azad ola bilərsən. İş yerlərində işçi ilə rəhbər şəxs arasında səmimi münasibət olmur. İşçi rəhbər şəxsi adı ilə çağıra bilməzmi?

 

Ad ilə çağıranda xəbər göndərilir ki, mənə müəllim desin. Ona görə işdə bir hadisə olarkən işçi ürəyini açıb danışmağa məsul şəxs tapmır. Onu gizlətməyə çalışır. İş işdən keçəndən sonra hamı xəbər tutur. Problemlər böyüyür. Kütlənin şablon yanaşma tərzi var. Yaxşı və pis. Vəssalam. Ya Tolstoyu bəyənirlər, ya da yox. Ya Şakira gözəldir ya da yox. Konkretika kütlənin silahıdır. Həssaslıq yoxdur. Ona görə Qustav Le Bön yazır ki, Roma imperiyasını incəsənət dağıtdı. Roma imperiyası çiçəklənən dövrdə güclü orduya malik idi. İncəsənət geniş meydanı ələ keçirəndən sonra insanlar təkcə döyüşməklə əylənmirdilər. Biri şəkil çəkirdi, biri musiqi bəstələməyə çalışırdı, digəri yazırdı. İncəsənət Roma imperiyasını dağıtdı. Bəli , təkcə Roma imperiyasını deyil, bütün kütləviləşməyə meyilli qurumları dağıtdı.

 

Nemət MƏTİN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi