Modern.az

Elmar Məmmədyarov BMT nümayəndəsi ilə müzakirələr apardı

Elmar Məmmədyarov BMT nümayəndəsi ilə müzakirələr apardı

14 Sentyabr 2018, 20:42

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nixil Seti qəbul edib. Xarici İşlər Nazirliyindən (XİN) Modern.az-a verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov bildirib ki, bu səfər Azərbaycanla UNİTAR arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

 

UNİTAR-ın icraçı direktoru N.Set səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək təmsil etdiyi İnstitutun yaranma tarixi, fəaliyyəti və bir çox ölkələrdə həyata keçirdiyi proqramlar və layihələr haqqında ətraflı məlumat verib.

 

E.Məmmədyarov XİN-nin nəzdində olan ADA Universitetinin fəaliyyətinə toxunaraq bu təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim proqramlarının təşkil edildiyini nəzərə çatdırıb. O, həmçinin, Azərbaycan Dövlət Neft Akademiyasında ənənəvi olaraq digər ölkələrdən olan çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldığını qeyd edərək Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrdən olan tələbələrə təhsil təqaüdlərinin ayrıldığını bildirib.

 

Görüşdə Azərbaycan və UNİTAR arasında perspektiv əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi