Modern.az

Qarabağda müharibə başlasa, Müsavatla Milli Şura barışacaq - AÇIQLAMA

Qarabağda müharibə başlasa, Müsavatla Milli Şura barışacaq - AÇIQLAMA

18 Sentyabr 2018, 11:51

“Müsavat Partiyası bütün siyasi təşkilatlarla və partiyalarla funksional əməkdaşlıq təklifini çoxdan irəli sürüb”.

 

Bunu Modern.az-ın Milli Şura və Müsavat Partiyasının əməkdaşlıq edib-etməyəcəyi barədə sualına cavab olaraq Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan üçün önəmli olan məsələlərlə bağlı siyasi təşkilatlar müraciət edəcəyi təqdirdə məsələyə baxıla bilər:

“Sözügedən müraciətlər, əməkdaşlıq təklifləri partiya daxilində müzakirə edilib, cavab veriləcək. Siyasi situasiya yetişdikdə təşkilatlar bir-biri ilə hər hansı məsələnin müzakirəsini apara bilərlər. Hazırda isə Milli Şura tərəfindən müraciət, əməkdaşlıq təklifi edilməyib”.

Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev isə hesab edir ki, mübarizənin müsbət nəticə verməsi üçün sağlam düşüncəli siyasi qüvvələrlə birlik nümayiş etdirilməldir:


“Müsavat Partiyası Milli Şuranın tərkibində olub və sonradan qurumdan uzaqlaşıb. Hazırda əməkdaşlıq məsələsi nə dərəcədə realdır, deyə bilmərəm. Buna baxmayaraq, əvvəlki mitinqlərdə Müsavat Partiyası və Milli Şura birlik nümayiş etdirib. Ona görə, Milli Şura birliyə gedən yolda indiyə qədər də addımlar atıb və atacaq.

 

Ölkənin siyasi gündəmində gözlənilməz hadisələr baş verərsə, yaxud müharibə təhlükəsi yaranarsa, təbii olaraq, birgə fəaliyyət göstərmək mümkündür. Cəbhədə gərginlik olarsa, müxalifət və iqtidar, ümumiyyətlə, bütün siyasi partiyalar mütləq həmrəylik nümayiş etdirməlidir. Çünki vətən, torpaq, namus məsələsi müzakirə mövzusudursa, fikir ayrılğına yol verilməməlidir”.

 

Qeyd edək ki, Müsavat Partiyası 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra Milli Şuradan ayrılıb. Buna səbəb qurum daxilindəki fikir ayrılıqları olub.

 

Aysel ASLAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır