Modern.az

“Turistlər Masallı, Lənkəran, Lerik, Astaraya gedə bilmirdilər” - Hadi Rəcəbli

“Turistlər Masallı, Lənkəran, Lerik, Astaraya gedə bilmirdilər” - Hadi Rəcəbli

18 Sentyabr 2018, 14:47

Bu gün - sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun cənub bölgəsinin sosial – iqtisadi həyatında mühüm rolu olacaq:

“Bu yolun istifadəyə verilməsi cənab prezidentin son illər apardığı nəqliyyat infrastrukturu siyasətinin ən bariz nümunələrindən biridir. Çünki yolun keyfiyyəti yüksək səviyyədədir. Burada inqilabi dəyişiklik ondadır ki, yol 30 km-dən çox qısalıb. Həmçinin sürət də saatda 30 km-dən çox artıb. Lənkəranlılar ən yaxşı halda Lənkərana 3 saat yarıma gedirdilər. İndi isə 2 saat 10 dəqiqəyə Lənkərana getmək olar. Burada da əsas məqsəd insanların komfortlu yolla təmin olunması, vaxtının daha az yolda keçirməsi, yanacağa qənaət edilməsindən ibarətdir”.

 

Deputat qeyd edib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsi ilə cənub bölgəsində turizm və istirahət biznesi geniş inkişaf edəcək:

“Çox təəssüf ki, yol bərbad vəziyyətdə olduğundan Lənkərana, Astaraya turistlər  çox az gedirdi. Baxmayaraq ki, Lerikin, Lənkəranın, Astaranın, Masallının təbiəti heç də başqa yerdən zəif deyil. Cənub bölgəsinin görməli, gəzməli, istirahət etməli yerləri çoxdur. İnsanları, mətbəxi və ənənələri də çox zəngindir.  Hesab edirəm ki, bu yolun istifadəyə verilməsi ilə cənub bölgəsinə səfər edən turistlərin sayında kəskin şəkildə artım olacaq”.

H.Rəcəbli qeyd edib ki, yol bərbad vəziyyətdə olduğundan kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsində çətinliklər olurdu:

“Hesab edirəm ki, yeni yolun istifadəyə verilməsi ilə bu kimi çətinliklər aradan qalxacaq. Bu gün mənə cənab prezidentə minnətdarlıqla bağlı çoxsaylı müraciətlər olur.  Bu yol həmişəlik insanlarımızın üzünə açılacaq və Azərbaycanımıza çox böyük faydalar verəcək”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir