Modern.az

Suriyada Rusiya təyyarəsinin vurulması Azərbaycanın maraqlarına cavab vermir...

Suriyada Rusiya təyyarəsinin vurulması Azərbaycanın maraqlarına cavab vermir...

18 Sentyabr 2018, 16:27

“Rusiyanın hərbi kəşfiyyat təyyarəsi Suriya səmasında bu ölkənin raketi ilə vurulub, ancaq Moskva İsraili günahkar bilir. Çünki, Moskvanın iddiasına görə İsrail hərbi təyyarələri Suriyanın Hava Müdafiə Qüvvələrini qəsdən çaşdırıblar. İsrail vurulan təyyarəyə görə Moskvadan üz istəməyib, əksinə deyib ki, baş verən hadisəyə görə İran və “Hizbullah” günahkardır”.

 

Modern.az saytının məlumatına görə, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsrail təyyarələri İranın Suriyadakı mövqelərini bombalamaq məqsədilə havaya qalxıblar.

 

Rusiya Müdafiə Nazırliyi açıqlama verərək İsrailə qarşı adekvat addımlar atacağının anonsunu verib.

 

Ekspertin fikrincə, Suriyadakı müharibəyə rəğmən, Rusiya-İsrail münasibətləri bugünə qədər normal idi, Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox görüşdüyü liderlərdən biri İsrailin baş naziri Benyamin Netanyahudur.

 

“Ancaq vurulan təyyarə vəziyyəti qəlizləşdirdi, Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz”.

 

Elxan Şahinoğlu bildirib ki, İsrail üzr istəsə problem olmayacaq. Əks halda isə, gərginlik Azərbaycanın da maraqlarına cavab verməyəcək.

“Əks halda iki dövlət arasında münasibətlərdə soyuqlaşma başlayacaq. Necə ki, vaxtilə vurulan təyyarəyə görə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermirdi, eləcə də yeni vurulan təyyarəyə görə Rusiya-İsrail münasibətlərinin də gərginləşməsi bizim maraqlara cavab vermir. Tərslikdən İsrailin müdafiə naziri 5 gün Azərbaycanda qaldı, indi Moskvada bunun hansı məna kəsb etdiyi ilə bağlı baş sındırırlar”.

 

Xəbər verdiyimiz kimi,  Suriya sahillərində, Aralıq dənizi akvatoriyası üzərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi vurulub. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə təyyarənin vurulmasına görə,  rəsmən İsraili günahlandırıb.

 

Hadisə ilə bağlı rusiyalı nazir  İsrail müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı narahatlığını dilə gətirib.

 

Şoyqunun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallarla İsrail ordusunu Suriyaya zərbələrdən çəkinməyə çağırmışdı.

 

Göyərtəsində 15 Rusiya hərbçisi olan İl-20 kəşfiyyat-radioelektron mübarizə təyyarəsi Hmeymim bazasına qayıdarkən vurulub. Həmin vaxt İsrail qırıcıları Latakiyə və Tartus şəhərlərindəki hədəflərə raket zərbələri endirirdi.

 

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri isə İsrail qırıcılarını vurmağa çalışırdı. Lakin suriyalıların buraxdığı S-200 raketi İsrail qırıcılarına yox, həmin rayonda uçan Rusiya təyyarəsinə dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir