Modern.az

Türkiyədə Qarabağ parkı açıldı - FOTOLAR

Türkiyədə Qarabağ parkı açıldı - FOTOLAR

19 Sentyabr 2018, 21:29

Türkiyənin Hatay vilayətinin Belen bələdiyyəsi bölgəsində Qarabağ parkı və Azərbaycan küçəsinin açılış mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Belen bələdiyyə başçısı Adnan Vurucu millət vəkili Qənirə Paşayevanın ötən il Hatayda Qarabağ problemi, Türk dünyası ilə bağlı konfrans keçirdiyini bildirib.  Bələdiyyə başqını qeyd edib ki, həmin Belen bölgəsini də ziyarət edən millət vəkili Q.Paşayeva Qarabağ parkı və Azərbaycan küçəsinin açılması təklifi ilə çıxış edib: “Həmin vaxt bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdik. Bu gün bu parkın açılışını həyata keçirməkdən məmnunuq”.

 

Azərbaycana böyük sevgi bəslədiyini deyən Belen bələdiyyə başçısı Adnan Vurucu  bildirib ki, Qarabağ ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Çıxışında Azərbaycan  haqqında gözəl sözlərlə çıxış edən bələdiyyə başqanı "hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir" deyib və  yeni açılan Qarabağ parkının və Azərbaycan adını daşıyan küçənin Hatayda böyüyən gənc nəsillər üçün önəmindən danışıb. Parkda hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına ümid etdiyini bildirib.

Qarabağ parkının və Azərbaycan küçəsinin açılış mərasiminin 15 sentyabr Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ərəfəsində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını deyən millət vəkili Q.Paşayeva Belen bələdiyyə başqanı və əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

 

Millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü göstərdiyini bildirib: “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı”.

 

Millət vəkili işğal altındakı bölgələrdə ermənilərin törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib. Deputat qeyd edib ki, iki ölkə birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəni daha da gücləndirməlidir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva dosta da, düşmənə də çox önəmli məsajlar verildiyini bildirib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin   Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu qeyd edib: Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədə bu cür parkların, abidələrin, küçələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır. Torpaqlarımızın işğaldan azad olunacağı gün də uzaqda deyil”.

 

Bu gün Türk dünyasının mütəlif  bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara biləcəyimizi vurğulayıb: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Belen adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik".

 

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Belen bələdiyyə başçısı Adnan Vurucu ilə də görüşüb, Belendə Qarabağ parkı və Azərbaycan küçəsinin açılması ilə bağlı təklifini dəstəkləyərək tez bir zamanda gerçəkləşdirilməsinə görə bir daha təşəkkürünü bildirib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirən deputat Belen bölgəsinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib.

 

Belen başçısı Adnan Vurucu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini bildirib. Belen bələdiyyə başçısı qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyib. Belen bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.

 

Azərbaycanı çox sevdiyini deyən Belen bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Q.Paşayeva Hatay vilayətinin qeyri-hökumət təşkilatları, fəal gəncləri, KİV nümayəndələri də görüşüb, geniş fikir mübadiləsi aparıb, Azərbaycanla bağlı sualları cavablandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər