Modern.az

İcbari Tibbi Sığorta tətbiq edilən rayonlar: Qazanan kim, itirən kim...  

İcbari Tibbi Sığorta tətbiq edilən rayonlar: Qazanan kim, itirən kim...  

20 Sentyabr 2018, 08:13

“İcbari Tibbi Sığorta layihəsi çərçivəsində pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər və həmin ərazilərdə məskunlaşan  məcburi köçkünlər icbari tibbi sığortanın baza zərfindən – 1829 tibbi xidmətdən ödənişsiz istifadə edirlər”.

Bunu Modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri  Araz Nəsirov bildirib. O qeyd edib ki, prezidentin fərmanına əsasən, icbari tibbi sığorta pilot layihə olaraq 2017-ci ildən Mingəçevir şəhərində və Yevlax rayonunda, 2018-ci ildən isə Ağdaş, Mingəçevir və Yevlax şəhərlərinin inzibati ərazilərində davam etdirilməsi təsdiq edilib:


“Pilot layihə müddətində əhalidən sığorta haqqı toplanılmır. Lakin baza zərfi ilə yanaşı, Prezidentin Fərmanı ilə təsdiqlənən istisnalar zərfi də vardır ki, həmin xidmətlərdən istifadə ödənişlidir. Bundan başqa, 13 dövlət proqramı çərçivəsində əhaliyə verilən təminatlar qüvvədə qalır. Bu dövlət proqramları üzrə müayinə və müalicələr, dərman təminatı əvvəlki illərdə olduğu kimi Səhiyyə Nazirliyi tərəfindən təmin edilir.

Pilot ərazilərdə səhiyyə sisteminin idarəetmə və maliyyələşmə mexanizmləri yenidən qurulub. Belə ki, xəstəxanalar büdcə əsaslı maliyyələşmədən xidmət əsaslı maliyyələşmə mexanizminə keçib. Xidmət əsaslı maliyyələşmə mexanizmi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşlara göstərilən xidmətlərə görə tibb müəssisələrinə sığorta ödənişləri etməyə imkan verir”. 

Araz Nəsirov pilot tibb müəssisələrində çalışan həkimlərin fəaliyyətinin qiymətləndirilməsində yeni yanaşmaların tətbiq olunduğunu da diqqətə çatdırıb:

“Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb. Belə ki, pilot tibb müəssisələrində çalışan tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını alırlar. Bununla yanaşı,  icbari tibbi sığorta sistemində çalışan həkimlərin əməkhaqları iki hissədən ibarətdir: stimullaşdırıcı və mükafat hissəsi.

Nəticə olaraq, pilot ərazilərdə əmək haqqı fondu ümumilikdə 1.6 dəfə artıb. Təkcə 2017-ci ildə pilot tibb müəssisələrində çalışan həkimlərin maaşı 3 dəfə, orta tibb işçilərinin əmək haqları 60% artıb.

Eyni zamanda, xəstəxanaların idarəçilik sistemi gücləndirilib, xəstəxanalara direktorlar təyin olunub. Baş həkimlər isə yalnız göstərilən tibbi xidmətlərin, müayinə-müalicə prosedurlarının keyfiyyətinə nəzarət edirlər. Tibb müəssisələrində avtomatlaşdırma işləri aparılıb, qəbul şöbəsi yenidən qurulub. Xəstəxana idarəetmə sistemi vasitəsi ilə pasiyentlərin müraciətlərinə, onlara göstərilən xidmətlərə vahid elektron platforma üzərindən nəzarət edilir. Həmçinin, xəstəxana idarəetmə sistemi icbari tibbi sığorta platformasına inteqrasiya olunub. Bu da xəstəxanalara sığorta ödənişlərinin operativ həyata keçirilməsinə imkan verir”.


Aysel Aslan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir