Modern.az

İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

İlahiyyat İnstitutunda dəyirmi masa keçirilib

20 Sentyabr 2018, 11:26

19 sentyabrda Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və institutun müəllimi ilahiyyat üzrə fəlsəfə doktoru dosent Elnurə Əzizova, ilahiyyatçı alim Aslan Həbibov və tədqiqatçı-yazar Natiq Rəhimov iştirak edib.


Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərn təşkil edildiyini bildirən rektor bu günkü dəyirmi masanın Kərbəla hadisəsinə həsr oldunduğunu söyləyərək hadisənin mahiyyəti haqqında fikirlərini bildirib. C.Məmmədov bildirib ki, 680-ci ildə baş vermiş Kərbəla hadisəsi İslam tarixinə yazılmış qanlı səhifələrdəndir. C.Məmmədov qeyd edib ki, İslam peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının faciəvi şəkildə şəhid edilməsi müsəlmanların hər zaman ürək ağrısı ilə xatırlayacağı hadisədir. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bu faciəni tarix boyunca dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar. 

Azərbaycanda son illər həyata keçirilən uğurlu din siyasəti nəticəsində Kərbəla hadisələrinə, Aşura mərasiminə daha mütərəqqi yanaşma müşahidə edildiyini vurğulayan C.Məmmədov bildirib ki, Kərbəla şəhidlərinin xatirəsi ölkəmizdə qan verərək insanların həyatını xilas etməklə yad olunur. Bu işin təşkili ilə belə müqəddəs və tarixi günlərdə insanlıq üçün fədakarlıq dəyərləri aşılanır ki, bu da əsl İslamın mahiyyəti ilə üst-üstə düşür. Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfədir. C.Məmmədov vurğulayıb ki, sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır. Aİİ-nin bu il qanvermə aksiyası təşkil etdiyini və institutut heyətinin də bu qanvermədə iştirak etdiyini deyən C.Məmmədov belə nümunəvi tədbirlərin davamlı olacağını bildirib.

Dəyirmi masada Məhərrəm ayının müsəlman aləmində mühüm dini-mənəvi əhəmiyyət daşıyan, özündə hüzn və mərdlik, qəhrəmanlıq birləşdirən mühüm hadisələr ayı olduğunu söylənilib. Qeyd olunub ki, İmam Hüseynin və tərəfdarlarının şəhadəti İslam adına çox böyük şücaət nümunəsidir. Bütün müsəlmanlar bu faciəni tarix boyunca, dərin kədərlə qarşılayıblar. Məruzəçilər vurğulayıblar ki, təsadüfi deyil ki, klassiklərimizin əksəriyyəti öz yaradıcılığında Kərbəlada baş vermiş hadisələrə xüsusi yer ayırıb, İslam peyğəmbərinə və Əhli Beytə məhəbbətlərini izhar ediblər. Buna bariz nümunə kimi Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əliağa Vahid və digərlərinin əsərləri nümunə göstərilib.

Kərbəla hadisəsinin sosio-psixoloji tərəflərini təhlil edən dəyirmi masa iştirakçıları bu hadisənin yaşadığımız dövrdə İslam dünyası, xüsusən xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Bildirilib ki, Kərbəla hadisəsi özlüyündə düşmənə və zülmkara qarşı mübarizə aparmağı təlqin edir. Torpaqlarımızın 20%-nin erməni işğalçılarının tapdağı altında olduğunu, həmçinin öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox soydaşımızın bu zülmdən əziyyət çəkdiyini nəzərə alsaq, Aşura günü matəmdən çox, qəhrəmanlıq salnaməsi kimi yad edilməli, gənclərimizə İmam Hüseynin mübarizlik məktəbi nümunəsi kimi göstərilməlidir. Təşkil edilmiş təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı, torpaqlarımızın azad edilməsi uğrunda həlak olmuş vətən övladlarının xatirəsinin yad edilməsi təqdirəlayiqdir.

Dəyirmi masa tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.

İlham Cəmiloğlu 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir