Modern.az

Etimad İsmayılovu öldürən Gözəl Dəmirovun Sabirabadda qohumu qalmayıb

Etimad İsmayılovu öldürən Gözəl Dəmirovun Sabirabadda qohumu qalmayıb

20 Sentyabr 2018, 14:02

Xəbər verdiyimiz kimi, dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.

 

Modern.az saytı  Gözəl Dəmirovun ailə üzvlərini axtarmağa çalışıb. Onu  yaxından tanıyan yerlisi Həsən Həsənov  saytımıza açıqlamasında Gözəl Dəmirovun hazırda Sabirabadda heç bir qohumunun qalmadığını bildirib.

 

“Gözəl Dəmirov Sabirabadda anadan olub. Atası Böyükkişi Dəmirov uzun illər rayonda aptek müdiri kimi çalışıb. Anası isə evdar qadın olub. Özü də çox imkanlı ailə olublar. Hazırda Sabirabadda onun ailə üzvlərindən kimsə qalmayıb. Çünki atası, anası rəhmətə gedib. İki qardaş olublar. Anası atasından əvvəl dünyasını dəyişmişdi. Sonra atası ikinci dəfə ailə həyatı qurmuşdu”.

 

Gözəl Dəmirovun həmyerlisi onun çox təmkinli olmağından da söz açıb.

 

“Rayonda onların ailəsini hamı çox mədəni, tərbiyəli ailə kimi tanıyıb. Onlar evlərini satıb Bakıya köçmüşdülər. Gözəl Dəmirov isə Türkiyədə böyük iş qurmuşdu. Hətta bir dəfə rayona gəlib məscidin həyətində atasına ehsan da vermişdi. Rayondakı evlərini satdıqlarından ehsanı məsciddə verməli olmuşdu. Onun belə bir cinayət əməli törətməsinə çox üzülürük. Gözəl çox təmkinli biri olub. Həmyaşıdları Gözəli çox yaxşı xatırlayır. Bu cür insanın belə cinayət törətməsi çox qəribədir”.

 

Qeyd edək ki, Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.

 

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır