Modern.az

Vüsal Həsrətlinin mühəndislik sevgisi - MÜSAHİBƏ

Vüsal Həsrətlinin mühəndislik sevgisi - MÜSAHİBƏ

21 Sentyabr 2018, 10:34

Modern.az Bakı Ali Neft Məktəbinin mühəndislik fakültəsinin tələbəsi Vüsal Həsrətlinin müsahibəsini təqdim edir.

- Özünüz haqda bir az məlumat verərdiniz?

Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri
Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar
Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit,
səbirli və dostcanlı biriyəm.
- Həkimliyə marağınız nədən yaranmışdı?

Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq
və məktəbin yönləndirməsiylə belə alınmışdı.

- Bəs nə baş verdi ki Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq
qoyaraq hər şeyi kökündən dəyişdi?

Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil
məndə maraq oyada bilməd. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu
barədə danışsam hamı həkimliyi tərifləyirdi, deyirdilər ömürlük işdi, hər zaman qazancın
olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

Jül Vernin “Sirli ada” əsərini oxumuşdum orda bir obraz var - Mühəndis Sayres Smit.
Onun adada gördüyü işlər,etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi.
Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin
adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

11 ci sinifdə bizi universitetlərlə tanış olma məqsədilə BANM-a gətirmişdilər. Elə o
zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib
1-ci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim
ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

BANM digər universitetlərlə müqayisədə yeni olsa da ilk ilindən fərqini ortaya qoymağı
bacarmış bir universitetdir. Məzunları haqqında biraz məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı
böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki ölkəm üçün, xalq üçün böyük işlər
görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

- İki fərqli ixtisasa yüksək balla qəbul olunan tələbənin maraqları nədən
ibarətdir?

İdmanın demək olar ki bütün sahələrinə marağım var, əsasən də döyüş növlərinə.
Futbol və voleybolu yaxşı oynayıram. Müntəzəm idmanla məşğul oluram. Dərs
oxumadığım vaxtlarda film izləyirəm, radio dinləyirəm. Bir də çoxlu bioqrafiya oxuyuram.
Bağ işləri görürəm. Ümumiyyətlə, vaxtımın boşa keçməsini xoşlamıram.

- Hazırlaşdığınız hər 2 ixtisas qrupunda tarix fənni yoxdur. Bəs tarixə marağınız
nə dərəcədədir?

Mən tarixi həmişə oxumuşam. Liseydə oxuyarkən yarışlarda Tarix fənni üzrə kifayət
qədər uğulu nəticələr əldə etmişəm. Amma düzü, 10-cu və 11-ci siniflərdə buna imkan
çox olmayıb.

- Hazırda mühəndisliyə maraq artmaqdadır. Fikrinizcə bu sahənin bu qədər
aktual olmasına səbəb nədir?

- Mühəndisliyə maraq insanlarda əslində həmişə olub. Sadəcə, son dövrlərdə bu sahə
sürətli inkişaf eydiyinə görə təlabat artır, insanlar isə hər şeyin yaxşısını istəyir. Bu
səbəbdən də əvvəlkindən daha çox gəncin mühəndisliyə marağı artır.

- Həkimlik və mühəndislik. Fikrinizcə ölkəmizdə bu 2 peşənin hansında
peşəkarlar daha çoxluq təşkil edir?

Düşünürəm ki, yaxşı həkim çox azdır, ən azından bölgələrdə bu belədir. Son dövrlərdə
mühəndislərin sayı artıb, amma peşəkarlıq səviyyələri haqqında hələki heç nə deyə
bilmərəm.

- Prezident təqaüdçüsü statusunu itirdiniz. Buna görə üzülürsünüzmü?

- Məncə daha çox valideynlərim üzülür.

- BANM-ın 4 maraqlı ixtisası var. Niyə məhz “Kimya mühəndisliyi”ni seçdiniz?

Hazırda “Kimya mühəndisliyi” geniş bir sahədir və mən daha çox emal işinə
yönələcəyimi düşünürəm.

- Növbəti illərdə tələbə adını qazanmaq istəyən abituriyentlərə məsləhətiniz
nədir?


Məsləhətim odur ki, dərslərini müəyyən qrafiklə oxusunlar və smartfon, televizor,
kompüterdən tamamilə uzaq olsunlar.


- Səmimi müsahibəyə görə təşəkkürlər. Dərslərinizdə uğurlar diləyirik.
Mən də müsahibəyə görə təşəkkür edirəm. Maraqlı müsahibə oldu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır