Modern.az

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

21 Sentyabr 2018, 20:43

Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib. O, bildirib ki, sentyabrın 24-dən başlayan forum sentyabrın 27-dək davam edəcək.

 

Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilən forum iştirakçıların 120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək.

 

Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi  və digər məşhur idmançılar tədbirə qatılacaqlar. Futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə  yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.

 

Bir neçə gün davam edəcək iclasın proqramına əsasən  gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü - inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər. 

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan  5000-ə yaxın idmançısı var.

 

Qeyd edək ki, forumun açılış mərasimində Gənclər və idman naziri Azad Rəhimov, dövlət rəsmiləri, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev  və digər qonaqlar iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir