Modern.az

İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ZİYA

İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ZİYA

Mədəni̇yyət

25 Sentyabr 2018, 16:09

Təkcə coğrafi deyil, düşüncə anlamında da Azərbaycan Qərblə Şərqin qovşağında yerləşir.

XIX əsrin sonu - XX əsrin əvvəllərində min bir əzab hesabına yaşayıb-yaradan dahiləri, aydınları xatırlayaq: onlarda sanki Qərb rasionalizmi ilə Şərqin irrasionalizmi hər zaman vəhdətdə olub... Bu vəhdəti bəlkə də dünyanın heç bir yerindəki aydınlar Azərbaycan ziyalısı kimi özündə yansıda bilməz! 

İşıq hər zaman Şərqdən gəlib. Biz  Şərqin işığını özümüzdən keçirib, bu ziyanın şüalarından möcüzələr yaradan Qərbin təcrübələrini beynimizdə cəmləmişik. Ruhumuzda Şərq, beynimizdə Qərb olaraq, gəzən Azərbaycan olmuşuq!

Amma Şərq qadını haqqında da fikirlər birmənalı olmayıb. Onu adətən, proseslərin, ətrafdakı yeniliklərin kölgəsində düşünüblər. Yalnız Azərbaycanda bu faktı yerlə-yeksan edən xeyli qadınlar olub.

Tarixə qayıtmayaq. İndimizdən danışaq. Hazırda bizi əhatələyən və uğurlu gələcəyi aydınlaşdıracaq İŞIQDAN...

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər bütün dünyaya örnəkdir. O, gördüyü işlər, aktiv mədəni-ictimai fəaliyyəti ilə bütün Qərbin gözündə Şərq qadını modelini dəyişdi. Məhz Mehriban Əliyevanın timsalında dünya böyük  gerçəyi anladı!

“Mən siyasətlə məşğul olmuram, sadəcə, insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin”, – deyə o, təvazökarlıqla bildirir. Amma həqiqət budur ki, xeyriyyəçiliyin, yəni insanlara təmənnasız köməyin özü ən effektli siyasətdir.

Çağdaş Azərbaycan siyasi tarixi artıq 10 ildir ki, hakimiyyətin vacib atributu hesab olunan “Birinci xanım” statusunun uğurlarına şahidlik edir. Azərbaycan Mehriban Əliyevanın sayəsində Avropanın ona yönəlik ənənəvi “anlaşılmaz Şərq” baxışını kökündən dəyişdirib.

Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr bir prosesin tərkib hissəsidir – Ziya yaymaq, işıq yaymaq...

İşıq yaymaq isə bir xalqın, toplumun keçmişini unutmamaqla, oradan əxz etdiyi qığılcımlarla  gələcəyi aydınlaşdırmaqdır...

Və... bu gün həmin işıq elə işıq sürəti ilə də yayılmaqdadır... Özü də bir İşıq Məkanından – Heydər Əliyev Fondundan...

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olan Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.


Modern
.az saytı Azedu.az-a istinadən bu yazıda Mehriban xanım Əliyevanın təhsillə bağlı gördüyü işlərdən söz açır.

Fond bir çox sahələrdə olduğu kimi, təhsildə  də misilsiz işlər görüb. Paytaxt və regionlarda tikilən məktəblər, bağçalar, elm və maarifçiliyin bərqərar olduğu digər müxtəlif obyektlər buna əyani sübutdur.

Mehriban xanım Əliyevanın fəaliyyətində bir daha vurğuladığımız kimi işıq, ziya yaymaq durduğundan Fondun da həyata keçirdiyi layihələr bir növ buna əsaslanır, bu məntiqi tamamlayır.

Diqqət etsək, görərik ki, Fondun həyata keçirdiyi bir çox layihələr bir-birilə zəncirvari surətdə bağlıdır. İstər mədəniyyət və təhsilə aid layihələr, istər mədəniyyət və təhsilin yayılması üçün hər il tikilməkdə olan tədris müəssisələri Heydər Əliyev Fondunun sözün əsl mənasında Şərq-Qərb düşüncəsini özündə yansıdan, işıqlı bir insan yetişdirməsinə yönəlib. Bu misilsiz fəaliyyət hər bir Azərbaycan gəncinin düşüncə, mənəviyyat, millilik kimi meyarlarının inkişafına yönəlib. 

Onların sayı çoxdur... Amma bu dəfə ikisindən danışaq...

Bəli, onların - yəni Fondun dəstəyi ilə tikilən məktəb, bağça binalarının, mədəniyyət, təhsil mərkəzlərinin sayı çoxdur. Təhsillə bağlı ölçüyəgəlməz işlərə imza atılır . O işlər ki, səs-sorağı on illər sonra daha aydın görünəcək, axı təhsildə bu gün atılan mütərəqqi addım özünü anında göstərmir.

Zaman-zaman onlar barəsində də söhbət açacağıq. Amma bu dəfə onların ikisindən danışaq... Biri Bakı Kitab Mərkəzidir... 


Bu yaxınlarda istifadəyə verildi. Heydər Əliyeva Fondunun dəyərlərini  və Mehriban Əliyeva fəaliyyətinin  fəlsəfəsini, mahiyyətini özündə əks etdirən daha bir məkan – böyüklüyünə, zənginliyinə görə Avropa ölkələrindəki  kitab mərkəzləri ilə yarışa girməyə hazır olan bir mərkəz... 

Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.

Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Kitab satışı ilə bərabər, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir.

Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər. Beləliklə, şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə kitabsevərlərə xüsusi zövq verəcək.

Kitab Mərkəzinin qonaqları burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarını da əldə edə biləcəklər.

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar veriləcək. Eyni zamanda, kitabsevərlər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında da məlumatlar alacaqlar. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

Görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək.

Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri olacaq. Bundan başqa, mərkəzdə uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsi ilə kitablar sifariş edə biləcəklər.

 

Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında biri -birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.

Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə etmək kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq.

Mehriban xanımın möhtəşəm layihələrindən olan Bakı Kitab Mərkəzi hər bir azərbaycanlının düşüncə evidir. Fondun bu layihəsinin nə dərəcədə böyük və humanist bir addım olmasını isə bizlər hələ gələcəkcə görəcəyik. Hacı Zeynalabdin Tağıyevin məşhur ifadəsi var: “Gələcəkdə sadəcə, təhsilli bir insana sahib olmaq istəyirsinizsə oğlunuzu, təhsilli bir ailənin olmasını istəyirsinizsə qızınızı oxutdurun”.

Bu gün dünyada intellektual, dünyagörüşlü xanımların  simvoluna çevrilən Mehriban Əliyevanın xeyir-duası ilə ərsəyə gələn Bakı Kitab Mərkəzi həm də gələcəkdə minlərlə təhsilli ailənin formalaşmasına səbəb olacaq. Eynilə, Mehriban xanımın dəstəyi ilə tikilən məktəblərə də bu sözü aid etmək olar.

Keçək ikincisinə - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa edilən Dəmirçi Arxeologiya Muzeyi...

Şamaxı rayonunun ən qədim kəndlərindən olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi işlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Sakinlərin məşğuliyyəti ilə əlaqədar kəndin də adı dəyişib və Dəmirçi olub. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu kəndin iqlimi mülayimdir, yayı sərin keçir. Kəndin mərkəzi hissəsində turizm infrastrukturu, o cümlədən dəmirçi və misgərlik emalatxanası, kafe, çayxana, təndir, “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib. Dövlətimizin başçısının göstərişi ilə ölkəmizin ən qədim dini məbədlərindən olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Dəmirçi kəndinə səfərləri çərçivəsində kənd məscidinin yenidənqurmadan sonrakı vəziyyəti və burada yaradılan turizm infrastrukturu ilə tanış olublar.


Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb. Yüksək səviyyədə həyata keçirilən tikinti işləri avqustda başa çatdırılıb. Birmərtəbəli bina açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.

 

Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.


Yazının əvvəlində bu cümləni işlətmişdik: İşıq yaymaq - bir xalqın, toplumun keçmişini unutmamaqla, oradan əxz etdiyi qığılcımlarla gələcəyini aydınlaşdırmaqdır...

Bu gün Heydər Əliyev Fondu nə qədər müasir təhsil mərkəzləri, mədəniyyət ocaqları ərsəyə gətirsə də, bir o qədər də xalqı öz kökünə, mahiyyətinə yaxınlaşdıran işlər görür...

İşıq isə dayanmadan yayılır... Hər yerdə.... İstər paytaxtda, istər bölgələrdə....

Təkcə 2018-ci ildə Bakının Səbail, Maştağa, Nərimanov, Masazır, Mərdəkan, Nəsimi, Bilgəh, Binə ərazilərində bağçalar, körpələr evi, orta məktəblər tikilib. Həmçinin, Şirvan, Ağcabədi, Samux, Tərtər, Saatlı, Qax və s. rayonlarda da bu tipli müxtəlif müəssisələr gələcək nəsillərin yetişdirilməsi məqsədilə ərsəyə gətirilib.

Görürsünüzmü, işıq necə yayılır...  Biz hələ görülən işlərin mində birindən danışmadıq... Odur ki...


ardı var

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...