Modern.az

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI

25 Sentyabr 2018, 17:25

“Müəllim çatışmazlığı şagirdlərə çox çətinlik yaradır. Dərslərə məcburən özümüz giririk. Boşda olan başqa fənn müəllimlərini göndəririk ki, dərsi bacardıqları qədər idarə etsinlər”.

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Sabunçu rayonu 255 saylı məktəbin direktoru Mətanət Məmmədova deyib.  O, məktəbdə böyük problemlərə yol açan müəllim çatışmazlığı haqda danışarkən qeyd edib ki, burada  ən azı 5-6 müəllimə ehtiyac var.

 

“Vakansiya ilə bağlı məlumat versək də, yolun uzaq olması səbəbindən məktəbə gəlmək istəyən yoxdur.

Məsələ ilə bağlı nazirliyə də müraciət etmişik. Bayaq da bir müəllimə zəng vurdum. Dedi ki, yol uzaqdır, gələ bilmirəm. Elə indi gedirəm ki, məktəbdən imtina edəm.

Məktəbə İngilis dili, Azərbaycan dili müəllimləri qəbul olunmuşdular. Amma imtina etdilər. Yeni gələn rəsm müəllimi də cəmi 3 gün işlədi. Sonradan ailə qurub Lənkərana getdi. Beləcə onun da yeri boş qaldı”.

 

“Heç nə edə bilmirəm, ancaq müəllim gözləyirəm...”

 

Direktorun sözlərinə görə, bu, şagirdlərə çox çətinlik yaradır:

 

“Dərslərə məcburən özümüz giririk. Boşda olan başqa fənn  müəllimləri göndəririk ki, dərsi bacardıqları qədər idarə etsinlər.

Təhsil Nazirliyində bu problemi aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Amma nə edə bilərlər ki? Axı, müəllimlər özləri yalnız şəhərin mərkəzində dərs demək istəyirlər. Mən də heç nə edə bilmirəm. Çünki bunun üçün səlahiyyətim çatmır, ancaq müəllim gözləyirəm...

Burada bal məsələsi var. Ancaq müəyyən balı toplayan müəllimlər işə qəbul oluna bilərlər. Mərkəzi məktəblərdə intellektual uşaqlar çoxdur və zəif müəllimlər onları qane etmir. Beləcə ən yüksək ballı müəllimləri mərkəzi məktəblərə salırlar. Problem də bundan qaynaqlanır”.

 

“Şagird çoxdur, müəllim isə az...”

 

O qeyd edib ki, kadr çatışmazlığı olan fənləri hazırda başqa müəllimlər aparır:

“Burada 700 yerlik olsa daŞ  1700 uşaq təhsil alır. Bizə mütləq yeni bina lazımdır. Rayonlardan köçənlər adətən bu tərəflərə köçürlər. Biz də məcburuq ki, həmin uşaqları məktəbə qəbul edək.

Yol problemi çoxdur. Uzaqdan gələn müəllimlər var. Nə etsinlər? Başqa yerdə iş yoxdur. Əsas iş elə Bakı kəndlərindədir. Məcburdular ki, gəlib burada işləsinlər.  Biz də bunu nəzərə alıb onlara maksimum şərait yaratmağa çalışırıq. Dərslərini Birinci saata salmırıq ki, yolu uzaq olanlar çata bilsinlər. Birinci  dərsə bu kənddə yaşayan müəllimləri  salırıq. Fənn müəllimləri gələnəcən sinfi idarə edirlər”.

Direktorun sözlərinə görə, Təhsil Nazirliyindən yaxın günlərdə müəllim göndəriləcəyini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır