Modern.az

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

25 Sentyabr 2018, 22:30

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında budəfəki təqdimatı iki istedadlı mərhum aktyor – Xalq artisti Fuad Poladov və Əməkdar artist Vəfa Fətullayevanın əks olunduğu foto ilə bağlıdır.

Zaman - Ötən əsrin təxminən 70-80-ci illəri... Məkan - Lənkəran rayonu...

Fotoşəkil Akademik Dram Teatrının akytorları Lənkəranda qastrolda olan zaman çəkilib.

İki gənc sənətkar ovaxtkı “Komsomolun 50 illiyi” sovxozunun çay plantasiyasına baxmağa gediblər. Aktyorlar fürsətdən istifadə edib sovxozun çaybecərən qadınları ilə şəkil də çəkdiriblər.

Bu şəkildə onlar xoşbəxt görünürlər... Hələ Vəfanın başına gələcək bədbəxt hadisədən xəbərsizdirlər...

Fuad Poladov 24 may1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Vəfa Fətullayeva ilə də ilk dəfə məhz “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşıb.

Vəfa Fətullayeva 1945-ci il avqust ayının 25-də Bakıda dünyaya göz açıb. Vəfa xanımın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ xalq artisti, aktrisa Hökumə Qurbanova olub.
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Onun həyatı acı və  çox kədərli olub. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə - qan xərçənginə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. 

Bəzi məlumatlara görə, eyni səhnəni paylaşan Vəfa və Fuad sonradan tədricən həyatlarını, sevgilərini, hisslərini də bir-biri ilə paylaşıblar. Amma bu sevginin sonu olmayıb. Ailə qurmayıblar. Deyilənlərə görə, onların qovuşmasına V. Fətullayevanın anası Hökumə Qurbanova icazə verməyib. Vəfanın Zaur adlı şəxslə evliliyi uğursuz olmuşdu. Zaur Vəfanın səhnəyə çıxmasına qarşı olub. Deyirlər guya, H.Qurbanova qızının növbəti belə bir hadisə yaşamasını istəmədiyi üçün Fuadla onu ayırıb.

Fuad Poladov Vəfa Fətullayevanın ölümündən 31 il sonra, onunla eyni ayda –mayda (2018-ci il), eyni xəstəlikdən – xərçəngdən vəfat edib.

Uzun illər gizli qalmış bu sevgi barədə söz-söhbətlər bir neçə ay öncə Fuad Poladov dünyasını dəyişəndə bəzi KİV-lərin gündəminə gəlmişdi...

Allah hər iki sənətkara rəhmət eləsin...

 



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?