Modern.az

Ulu Öndərin sadiq silahdaşı

Ulu Öndərin sadiq silahdaşı

Ədəbi̇yyat

27 Sentyabr 2018, 14:51

(professor Murtuz Ələsgərovun 90 illik yubileyinə) 

 

Yaddaşımda yaşayan, rəhmətlə anılan, xatirəsi əziz tutulan işıqlı insanlardan biri də görkəmli dövlət və elm xadimi, müstəqil Azərbaycanın parlamentarizm ənənəsinin formalaşmasında dəyərli tövhələr vermiş professor Murtuz Ələsgərovdur.

 

Murtuz müəllimçox fəal və mənalı ömür sürmüş, öz istedadı, intellekti, zəhməti və biliyi sayəsində ad-san qazanmış, bütün ömrünü həsr etdiyi doğma universitetində tələbəlikdən rektorluğa qədər şərəfli bir yol keçmişdir. Respublikanın adlı-sanlı hüquqşünaslarından biri olan professor Murtuz Ələsgərov hüquq elminin müxtəlif sahələrində, xüsusi ilə “Beynəlxalq hüquq”, “Konstitusiya hüququ”, “Dövlət hüququ” sahəsində keçmiş SSRİ məkanında nüfuzlu alimlərdən biri kimi tanınmışdır.

 

Uğurlu elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Murtuz müəllim həm də fəal ictimai xadim, maarifçi ziyalı kimi də uzun illər “Bilik” cəmiyyətinin xətti ilə Respublikamızın müxtəlif bölgələrində, idarə-müəssisələrində mühazirələr oxumuş, cəmiyyətimizin hüquqi, siyasi cəhətdən maarifləndirilməsində xidmətlər göstərmişdir.

 

Professor Murtuz Ələsgərovun maarifçilik fəaliyyətinin bir istiqaməti də Azərbaycan Dövlət Televiziyasının “Beynəlxalq icmal” adlı çox populyar bir verilişində nüfuzlu ekspert kimi iştirakı ilə bağlıdır.

 

1988-ci ildə ermənilərin Qarabağda seperatçılıq fəaliyyətinə qarşı hərəkat başlayanda fəal ictimai xadim kimi professor Murtuz Ələsgərov da bu hərəkatın öncüllərindən biri kimi, dəfələrlə “Azadlıq” meydanında çıxışlar etmiş, xalqı respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə səfərbər etmişdir.

 

1990-cı il 20 yanvar Bakı faciəsi zamanı İttifaq hökumətinə və bu qırğının baiskarı Mixail Qorbaçova qarşı etiraz səsini ucaldan ziyalılarımızdan biri də professor Murtuz Ələsgərov olmuşdur. Müstəqilliyini yenicə elan etmiş Azərbaycanın gələcək taleyi bir hüquqşünas kimi Murtuz müəllimi çox düşündürürdü. Respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə liderin Ulu Öndər Heydər Əliyev olduğunu hamıdan yaxşı dərk edən professor Murtuz Ələsgərov Ümummilli liderin aktiv siyasətə dönüşünü arzulayan milli ruhlu ziyalılarımızla birlikdə “Əlincə” cəmiyyətinin yaranmasında yaxından iştirak etmiş, yaş senzi əleyhinə mitinqlərin təşkilatçılarından biri olmuşdur. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindən biri olan məşhur “91-lər hərəkatı”nın fəal üzvlərindən olan professor Murtuz Ələsgərovun ömrünün sonunadək bütün fəaliyyəti Heydər Əliyev siyasəti kursu ilə bağlı olmuşdur.Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olan Murtuz müəllimə böyük etimad göstərilmiş, o partiyamızın sədr müavini seçilmiş, Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra isə Bakı Dövlət Universitetinin rektoru, I-III çağırış Milli Məclisin deputatı və Milli Məclisin sədri olmuşdur.

Görkəmli ictimai-siyasi xadimin oğlu professor Fuad Ələsgərovun Murtuz müəllimlə vida mərasimində söylədiyi lakonik bir fikir atasının xarakteri və siyasi əqidəsini çox dəqiq ifadə edir: “Atam çox cəsarətli, mərd bir insan olub, prinsipiallığı ilə seçilib və bir yolda olub, onun seçdiyi yol Heydər Əliyev ideyalarının müəyyən etdiyi yoldur. Əlbəttə ki, Murtuz müəllimin övladları Heydər Əliyev ideyaları ətrafında tərbiyə olunub və bu ideyalara daim sadiqdir. ”

 

 

Baş tutmayan tanışlıq 

 

Mən Murtuz müəllimi Azərbaycan Televiziyasının verilişlərindən hələ tələbəlik illərindən qiyabi tanısam da, onu ilk dəfə  1992-ci ilin aprelində, bir küləkli havada görmüşəm. O vaxt mən Bakıda həkim-nevropatoloq işləyirdim. Gərək ki, aprelin 21-i idi. Yaxın qohumum və həmkarım Taməddin Quliyev iş telefonuma zəng vuraraq “Əlincə” cəmiyyətinin yaş senzinin ləğv edilməsi tələbi ilə Ali Sovetin qarşısında mitinq keçirəcəyini xəbər verdi. Mən işdən çıxıb Ali Sovetin qabağına gedəndə mitinq artıq başlanmışdı. Meydanda 400-500 adam olardı (sonrakı günlərdə mitinqçilərin sayı xeyli artdı). Natiqlər bir-birini əvəz edirdi, ciddi təkliflər irəli sürən də var idi, şüar söyləyəndə.

 

Aparıcı elan edəndə ki:-“İndi də söz verilir Azərbaycan Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müdiri professor Murtuz Ələsgərova”, - meydanda bir canlanma və coşqu hiss edildi. Mitinqçilər Murtuz müəllimi AzTV-nin “Beynəlxalq icmal” verilişinin aparıcısı kimi tanıyırdılar və “Azadlıq” meydanındakı mitinqlərdə çıxışlarını da dinləmişdilər.

 

Murtuz müəllim qəhvəyi rəngli enli şlyapasını əlində tutaraq mikrofona yaxınlaşdı. Təmkinli, öyrədici və inandırıcı bir səslə əsas insan hüquq və azadlıqlarından, seçib seçilənin hüququnun yaşa görə məhdudlaşdırılmasının beynəlxalq hüquq normalarına zidd olmasından, insanlara seçim azadlığı verilməsinin zəruriliyindən danışırdı. Heydər Əliyevə gördüyü işlərə görə xalqımızın böyük rəğbəti olduğunu və onun tərəfdarlarının səsinin hakimiyyət tərəfindən eşidilməsinin vacibliyini söylədi. Bu mənim o mitinqdə dinlədiyim ən mükəmməl, hüquqi tərəfdən tam əsaslandırılmış ilk çıxış idi.

 

Əlbəttə, həmin o qarışıq dövrdə Heydər Əliyevin müdafiəsi üçün təşkil olunmuş mitinqdə iştirak etmək bir cəsarət tələb edirdisə, o mitinqi təşkil etmək, o mitinqdə çıxış etmək nəinki cəsarət, hətta qəhrəmanlıq işi idi.

 

Murtuz müəllimlə (daha doğrusu, onun adı ilə) ikinci təmasım təxminən bir il sonra oldu. Artıq Yeni Azərbaycan Partiyası yaranmışdı, Murtuz müəllim də partiyanın sədr müavini kimi təşkilatlanma işində, rayon şöbələrinin yaranmasında fəal iştirak edirdi. Hakimiyyətdə olan cəbhəçi və müsavatçılar hədə, zor, qorxutmaq yolu ilə partiya fəallarını tutduqları Heydər Əliyev yolundan çəkindirə bilmədiklərini görüb açıq-aşkar fiziki terror yolunu seçmişdilər. Bir neçə dəfə partiyanın qərargahına hücumlar olmuş, Siyavuş Novruzova fiziki təzyiq göstərmiş, Ağabəy Əsgərovu MTN-ə çağırıb hədələmişdilər. İndi demokratiyadan, insan haqlarından, vicdan və söz azadlıqlarından dəm vuran cəbhəçilərin növbəti cinayətləri YAP sədrinin müavini Murtuz Ələsgərova sui-qəsd oldu: ağsaqqal professoru, tanınmış ictimai xadimi cəbhəçi quldurlar evinin yaxınlığında vəhşicəsinə döydülər. Ağır xəsarətlər alan Murtuz müəllim uzun müddət müalicə almalı oldu.

 

O zaman mən Yasamal rayonundakı 3 nömrəli poliklinikada yerləşən Həkim Əmək Ekspert Komissiyasında ekspert nevropatoloq işləyirdim. Günlərin birində Murtuz müəllimin həyat yoldaşı, o vaxtın səhiyyə sistemində xüsusi hörməti və nüfuzu olan tanınmış həkim və səhiyyə təşkilatçısı Nabat xanım professorun sənədlərini ekspertiza üçün komissiyaya gətirdi. İndiki kimi yadımdadır; Nabat xanım çox əsəbi idi, poliklinikada HƏEK-ə göndəriş verməkdə onu çək-çevirə salmışdılar. Çox güman ki, nazirlikdən tapşırıq verilmişdi ki, Murtuz müəllimin sağlamlığını və əmək qabiliyyətini uzun müddət itirdiyinə dair sənəd verilməsin. Amma fakt-faktlığında qalırdı. Elə buna görə də Nabat xanım otağa girən kimi: -Murtuz müəllimə əlillik dərəcəsi vermək lazım deyil, müalicə müddətini (bülleteni) uzatmaq barədə qərar versəniz kifayətdir, o sağalıb işə çıxmaq istəyir, - dedi. Elə bil ki, Komissiya sədrinin  üstündən dağ götürüldü (sonra bildik ki, sədrə də belə bir tapşırıq verilib ki, cəbhəçi cinayətkarların günahını ağırlaşdıracaq əlillik sənədi verilməsin).

 

Ekspertiza qaydalarına görə həkim-ekspert şəxsi əyani müayinə etməmiş qərar verə bilməz. Bu səbəbi əsas gətirərək evlərinə getmək və Murtuz müəllimlə şəxsən tanış olmaq istəyi ürəyimdən keçsə də, həkim həmkarımız Nabat xanıma olan hörmətimiz və əqidəsi uğrunda mübarizə yolunda ağır xəsarət almış professora əziyyət verməmək səbəbindən evdə müayinə aparmaq fikrindən daşındıq və qiyabi olaraq müalicəni daha 2 ay uzatmaq barədə qərar qəbul etdik.

 

Təxminən 5-6 ay çəkən müalicədən sonra Murtuz müəllim sağlamlığını bərpa edərək Universitetdəki işinə və YAP-dakı fəaliyyətinə davam etdi.

Çox sonralar Fransada səfərdə olarkən mən bu hadisəni Murtuz müəllimə danışanda o özünə məxsus bir mehribanlıqla: - gərək gələrdin, tanış olardıq, bir stəkan çayımızı da içərdin. – söylədi.

Mən Murtuz müəllimin necə böyük bir insan, dərin bilikli alim, rəhbərinə, millətinə, dövlətinə sədaqətli və ürəkdən bağlı bir dövlət xadimi olduğunu 2000-ci ildə YAP-ın proporsional siyahısı ilə Milli Məclisin deputatı seçiləndən sonra gördüm.

 

Qanun yaradıcılığı yolunda

 

Murtuz müəllim Ümummilli Lider Heydər Əliyevə,onun siyasi kursuna ürəkdən bağlı və sədaqətli dövlət xadimi idi. Bir hüquq professoru kimi, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlətin yaradılmasının vacibliyini müstəqil dövlətimizin sağlam təməllər üzərində qurulmasının başlıca şərti olduğunu söyləyir və öz əməli fəaliyyətində bu siyasətin təmin olunmasında yorulmadan çalışırdı. Həyatımızın bir çox sahələrini əhatə edən baza qanunları məhz Murtuz Ələsgərovun sədrliyi dövründə Milli Məclis tərəfindən qəbul edilmişdir.

 

Murtuz müəllim həm də çox səriştəli, hazırlıqlı, cəsarətli, təmkinli və prinsipial bir sədr və moderator kimi yadımda qalmışdır. Birinci və ikinci çağırış Milli Məclisdə adətənmüzakirələr, müxalifətin radikal qanadı ilə çox ciddi və sərt debatlar şəklində aparılır, bəzən emosiyalar həddini aşır, hətta qarşılıqlı təhqirlərə də yol verilirdi. Belə iclasları qanun və demokratik tələblər çərçivəsində idarə etmək heç də asan deyildi və spikerdən xüsusi ustalıq tələb edirdi. Vəziyyəti nəzarətdə saxlamaq və lazım olan məcraya yönəltmək üçün Murtuz müəllimin dərin savadı, geniş dünyagörüşü, möhkəm məntiqi, müəllimlik təcrübəsi, ağsaqqal müdrikliyi, bəzən isə incə yumoru köməyə çatırdı.

 

16 oktyabr 1996-cı il tarixli Milli Məclisin I çağırış V sessiyası. İclasda Prezident Heydər Əliyev də iştirak edir. Gündəlikdə bir məsələ var: Azərbaycan Respublikası Milli Məclisinin sədrinin seçilməsi. YAP-çı deputatlar Murtuz Ələsgərovun namizədliyini irəli sürüb müdafiə edirlər. Gizli səsvermədə namizədin sədr seçilməsi üçün iqtidar deputatların səsi yetərlidir, müxalifət hamısı əleyhinə səs versə də, öz niyyətinə çatmayacaq. Bunu dərk etdiklərindən müxalifətçi deputatlar namizədin nə lehinə, nə də əleyhinə fikir bildirmirlər.

Yalnız Etibar Məmmədov Murtuz müəllimə sual verir:

 

-Sizdən əvvəlki spiker ürəyində olan problemlər səbəbindən istefa verdi. Sizin ürəyinizdə bir problem yoxdur ki?Təbii ki, xoş məramlı, namizədin sağlamlığına qayğıdan doğan sual deyil.

 

Murtuz müəllim özünəməxsus incə yumor ilə həm suala cavab, həm də sual verənə dərs verir:

 

-Etibar müəllim, mən Sizə minnətdaram ki, Siz mənim səhhətimin qayğısına qalırsınız. Siz heç narahat olmayın, mənim ürəyimdə yaxşı işləyir, digər orqanlarım da! (Milli Məclisin stenoqramı, 1996-cı il, 7-ci cild, səh.330)

 

Murtuz müəllimin çox maraqlı iclas aparmaq stili var idi; danışanın heç zaman sözünü kəsməz, debat diskussiya üçün geniş şərait yaradar, özü müdaxilə edərək müzakirələrə istiqamət verər, bəzən isə YAP-çı deputatları, xüsusilə, təzə seçilənləri danışmağa təhrik edirdi. Bu da onun müəllimlik peşəsindən irəli gələn öyrətmək istəyindən qaynaqlanırdı.

 

Olduqca obyektiv və ədalətli adam idi. Milli Məclisə yenicə seçilmişdim, məni kabinetinə dəvət etdi, təbrik elədi, tövsiyələrini söylədi, sonra əlavə etdi ki, Ermənistandakı dədə-baba torpaqlarımız, xalqımızın başına gətirilən erməni zülmləri, deportasiyalar haqqında məqalələrini oxumuşam, xoşuma gəlib. İstəyirəm ki, səni də ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edək. (Məlumatı olmayan oxucular üçün bildirim ki, ATƏT PA dünyada ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir).

 

Murtuz müəllim olduqca diqqətli və qayğıkeş bir rəhbər idi. “Zəngəzur” kitabım təzəcə çapdan çıxmışdı. İlk nüsxələrindən birini avtoqraf yazıb spikerə apardım. Yanında xaricdən gəlmiş nümayəndə heyəti var idi. Başqa bir tədbirə gecikdiyimdən gözləyə bilmədim. Kitabı köməkçiyə verib sədrə çatdırmağını xahiş etdim. Axşam mobil telefonuma zəng gəldi. Murtuz müəllim idi. Köməkçisi vasitəsilə deyil, özü birbaşa zəng vurmuşdu. Bu cür doğma münasibət onun sadəliyi və səmimiliyi ilə yanaşı, sözə, kitaba, elmi-tədqiqat işinə bir dünyagörmüş alim kimi hörmətinin, cavan həmkarına qayğısının ifadəsi idi. Bir xeyli məni təriflədi, kitabı bəyəndiyini söylədi, bu sahədə araşdırmalarımı davam etdirməyi tövsiyə etdi.

 

Versalda Qarabağ müzakirələri, yaxud fransızlara Marsel dərsi

 

Qarabağ məsələsi, torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması Murtuz müəllimi çox narahat edirdi. O demək olar ki, qəbul etdiyi bütün xarici qonaqlarla bu problemi müzakirə edir, özü xaricdə səfərdə olarkən mütləq bu barədə çıxışlar edir, torpaqlarımızın qaytarılmasının vacibliyini vurğulayır, BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsini tələb edirdi. Nümayəndə heyətimiz hər dəfə ATƏT Parlament Assambleyasının iclasına gedəndə, səfər öncəsi bizi qəbul edir, tövsiyələrini verir, Qarabağ problemini mütləq gündəmdə saxlamağı tapşırırdı.

 

O bir hüquq professoru, beynəlxalq hüquq sahəsində nüfuzlu alim kimi çox gözəl bilirdi ki, problemin beynəlxalq müstəvidə həllini yaxınlaşdırmaq üçün daim çevik hücum mövqeyində olmaq, düşməni iqtisadi, hərbi, siyasi təzyiq altında saxlamaq lazımdır.

 

2000-ci illərin əvvəllərində Qərb dairələri Qarabağ münaqişəsinin həllinin yaxınlaşması, erməni və Azərbaycan xalqlarını guya sülhə hazırlamaq məqsədi ilə bir “xalq diplomatiyası” oyununu ortaya atmışdı. Avropa birliyinin tövsiyəsi ilə Fransa senatı Qafqazda sülh və əməkdaşlıq mövzusunda müzakirələr aparmaq üçün Azərbaycan, Gürcüstan və Ermənistan parlamentlərinin sədrlərini və hər ölkədən 2 deputatı Parisə dəvət etmişdi.

 

Murtuz müəllim məni və millət vəkili Nizami Cəfərovu yanına çağıraraq məsələnin məğzini izah etdi: mənə Qafqazda turizm imkanları, Nizami müəllimə isə mədəni əlaqələrin genişləndirilməsi mövzusunda məruzə hazırlamağı tapşırdı. Xüsusi olaraq vurğuladı ki, hər ikiniz Qarabağ məsələsini qabardın və bu problem həll olunmayınca, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə heç bir əməkdaşlığın mümkün olmayacağını diqqətə çatdırın. Bacardıqca faktlarla və kəskin danışın, lazım olsa mən söhbəti yumşaldaram.

 

Məşhur Versal sarayında başlayan “Qafqazda sülh və əməkdaşlıq” mövzusunda konfransda üç Cənubi Qafqaz respublikalarının nümayəndələri ilə yanaşı Fransa senatının və Avropa Parlamentinin deputatları da iştirak edirdi.

 

Azərbaycanın fransadakı səfiri Eleonora Hüseynova bizi məlumatlandırmışdı ki,  konfrans Fransa Senatının təşəbbüsü ilə keçirilsə də, əslində təklif ermənilərdən gəlib və müzakirələrin məqsədi Ermənistanı Avropa Birliyinə “sülh göyərçini” kimi təqdim etməkdir.

 

Müzakirələr başlandı. İclası Fransa Senatının sədri Kristian Ponselye aparırdı. Gürcüstan nümayəndə heyəti çıxış edəndən sonra söz bizə verildi. Əvvəl Nizami Cəfərov, sonra da mən çox kəskin çıxış edərək faktlarla, sübutlarla ermənilərin vəhşi, qaniçən, vandal, terrorçu, mədəniyyət abidələrini dağıdan, məbədləri yandıran, uşaq qatili olduqlarını göstərdik. Nizami müəllimin çıxışı zamanı narahat olan, yerində qurcalanan Kristian Ponselye mənim çıxışımda artıq dözmədi, 2 dəfə məni dayandıraraq keçənləri unutmağa, irəli baxmağa, barış yolları axtarmağa dəvət etdi. Ponselye məni 2-ci dəfə dayandıranda Murtuz müəllim gülümsünərək astaca dedi:

 

-Deyəsən barıtını çox eləmisiniz, çıxışını yekunlaşdır, mən özüm bunların dərsini verəcəm.

 

Mənim çıxışıma guya ki, barışdırıcı, əslində isə erməniyönlü şərh verən Fransa Senatının sədri söylədi ki, beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi ilə yanaşı, xalqların öz müqəddəratını təyin etmə hüququ da vardır və Azərbaycan tərəfi Qarabağ ermənilərinin bu hüquqdan istifadə etmək niyyətini anlayışla qarşılamalıdır.

 

Söz alan Murtuz müəllim təkcə ermənilərə və Fransa Senatına deyil, bütün Avropa Birliyi deputatlarına idman dili ilə desək əsl “master class” dərsləri verdi. O görkəmli hüquq professoru və təcrübəli siyasi xadim kimi insan haqları, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, millətlərin öz müqəddəratını təyin etmə hüququ haqda beynəlxalq qanun və normaları xatırlatdı, üstün hüquqları nəzərə çatdırdı, zorla sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini vurğuladı, Qarabağ münaqişəsi ilə bağlı BMT-nin, ATƏT-in, Avropa Şurasının qərar və qətnamələrini xatırlatdı, bu qərarların indiyədək niyə icra edilməməsinin səbəbini soruşdu. Sonra isə çox maraqlı bir müqayisəni diqqətə çatdıraraq senat sədrinə sual verdi:

 

-Cənab Ponselye, Dağlıq Qarabağda separatçılıq hərəkatı başlayanda Azərbaycanın o vilayətində 100 minə yaxın erməni yaşayırdı. İndi sizin Marsel şəhərində 500 min erməni yaşayır. Marsel erməniləri mitinq eləyib müstəqillik, yaxud Marsel şəhərini Fransadan ayırıb Ermənistana birləşdirilməsini tələb etsələr Fransa xalqı buna necə reaksiya verər?

 

Çıxış o qədər effektli olmuşdu ki, gürcü deputatlar əl çaldılar. Sual fransızcaya tərcümə edilən kimi, Kristian Ponselye çiyinlərini çəkərək təəccüblə: - Bu ola bilməz, Marseli Fransadan necə ayırmaq olar? – söylədi.

 

Murtuz müəllim isə qalib qrossmeyster kimi son gedişini etdi:

 

-Marseli Fransadan ayırmaq olmazsa, bilin ki, Qarabağı Azərbaycandan heç ayırmaq olmaz!

 

Tənəffüsdə Ermənistan parlamentinin təzəcə seçilmiş,gənc adam olan sədri Artur Bağdasaryan bizə yaxınlaşıb, dünyada ermənilərin hər kəsdən yaxşı bacardıqları peşəkar bir yaltaqlıqla Murtuz müəllimə müraciət etdi:

 

-Ağsaqqal, biz qonşuyuq, iki xalq əbədi düşmən ola bilməz, barışıq üçün yollar axtarmalıyıq, iqtisadi, mədəni əlaqələr qurmalıyıq. Siz isə xoş niyyət göstərmirsiniz.

 

Murtuz müəllim özünə məxsus təmkin və müdrikliklə:

 

-Bizim erməni xalqı ilə düşmənçiliyimiz yoxdur, biz həmişə onlara da, Azərbaycanda yaşayan 50-dən artıq xalq və etnosun digər nümayəndələrinə də xoş münasibət bəsləmişik. Bizim davamız sadə ermənilərlə deyil, başkəsən, cəllad ermənilərlə, hər iki xalqa bəlalar gətirən erməni siyasətçiləri və hərbçiləri ilədir. Torpaqlarımızı işğaldan azad edin, ondan sonra əməkdaşlıqdan danışa bilərik, sizin də regional layihələrə qoşulmaq məsələnizi müzakirə edərik. Əməkdaşlığın yolu Dağlıq Qarabağdan keçir.

 

Bu zaman erməni spiker elə bir etiraf etdi ki, bu açıqlamasına görə bəlkə də onu Ermənistanda “xalq düşməni” elan etmək olardı:

 

-Вы помогите нам, вместе выгоним этих Карабахских ишаков из власти, а потом сможем решать все проблемы справедливо и объективно.(Siz bizə kömək eləyin bu Qarabağ eşşəklərini hakimiyyətdən qovaq, sonra bütün problemləri obyektiv və ədalətli həll edə bilərik).

 

Əslində İrəvan  ermənisi və biznesmen olan Artur Bağdasaryan Köçəryan-Sarkisyan klanının Dağlıq Qarabağ probleminin həllində maraqlı olmamasını doğru olaraq vurğulayırdı.

 

Erməni spikerin yarızarafat, yarıciddi dediyi, əslində ikrah doğuran “müttəfiqlik” təklifinə Murtuz müəllim tövrünü pozmadan, özünəməxsus bir arxayınlıqla:

 

-Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, biz hansı vasitə ilə olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyik, - deyərək söhbətə nöqtə qoydu.

 

Fransa səfərindən danışarkən başqa bir maraqlı hadisəni də qeyd etmək yerinə düşərdi.

 

Axşam bütün işlərimizi qurtarıb Parisdə qaldığımız otelin foyesində kofe içə-içə Murtuz müəllimin maraqlı gənclik xatirələrini dinləyirdik. Milli Məclisin İşlər İdarəsinin müdiri, olduqca mədəni və təvazökar insan Firudin Hacıyevdə bizimlə idi. Söhbətin şirin yerində Ermənistanın spikeri və bir deputatı arvadları da yanlarında bizim masaya yaxınlaşdılar. Versal sarayındakı Marsel dərsinin acığı canından çıxmayan Artur Bağdasaryan Murtuz müəllimə replika atdı:

 

-Ağsaqqal (o həmişə “ağsaqqal” sözünü azərbaycanca deyirdi), bizimlə yola getmirsiniz, getməyin, heç olmasa bu gözəl xanımlara diqqət göstərin.

Murtuz müəllimin anidən verdiyi cavabı onun nə qədər yüksək siyasi və diplomatik zirvədə olduğunu təsdiq etdi:

 

-Mənim Türkiyə səfiri ilə görüşüm var, getməliyəm, bizim işlər müdiri Firudin müəllimə tapşırarıq sizin xanımlara necə lazımdır, diqqət göstərər.

 

Ermənilər kişili-qadınlı abırsızcasına gülüşdülər, onların yerinə isə, məncə, Firudin müəllim utandı...

 

Yol yoldaşı

 

Murtuz müəllimi tanıyan hər kəs təsdiq edə bilər ki, onun çox gözəl yol yoldaşlığı var idi. Universitetdə, Milli Məclisdə nə qədər rəsmi, tələbkar, ciddi və bəzən hətta sərt idisə, səfərdə Murtuz müəllim tamamilə başqa adam olurdu: mehriban, deyib-gülən, zarafatcıl, qayğıkeş.

Tutduğu vəzifələrdən dolayı nə qədər rəsmi şəxs təsiri  bağışlayırdısa da, Murtuz müəllim təbiətən azad insan idi. Mən Murtuz müəllimin rəhbərlik etdiyi nümayəndə heyətinə qatıldığım zaman dəfələrlə bunu müşahidə eləmişəm. Səfərlər zamanı rəsmi görüş və tədbirlər bitəndən sonra mütləq bir şəhər gəzintisi, vaxt olanda turistik yerlərə ekskursiya təşkil etdirər, yemək və çay süfrəsi açdırardı. Elə şərait yaradardı ki, yolçular arasında rütbə, yaş, imtiyaz fərqləri hiss olunmasın, hər kəs sərbəst olsun, dincələ bilsin. O, olduqca şən, həyat sevər, optimist insan idi. Eşitdiyi, oxuduğu maraqlı hadisələri, öz başına gələnləri elə şövqlə və şirin danışardı ki, dinləməkdən doymaq olmazdı.

 

Sen Klu məzarlığını ziyarət

 

Paris səfərimizin sonuncu gününə mədəni proqram nəzərdə tutulmuşdu. Proqrama görə günün birinci yarısı şəhərin görməli yerlərini gəzib, günorta yeməyindən sonra Fransanın şimalında Normandiya vilayətində kurort şəhəri olan Dovil şəhərinə gedəcəkdik. Axşam Murtuz müəllim nümayəndə heyətini sabahkı günün proqramını müzakirə etmək üçün öz otağına dəvət etdi:

 

-Biz Parisi, onun muzey və məbədlərini, meşə və xiyabanlarını, Zəfər tağını, Eyfel qülləsini sonrakı səfərimizdə gedib görərik. İndi daha vacib bir ziyarət var: sabah tezdən Sen Klu məzarlığına gedib Demokratik Azərbaycan Cümhuriyyətinin qurucularından biri, 1918-20-ci illərdə Milli Məclisin sədri olmuş Əlimərdan bəy Topçubaşovun və o zamanda parlamentin orqanı olmuş “Azərbaycan” qəzetinin redaktoru Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edəcəyik.

 

Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynovaya və Milli Məclisin İşlər müdiri Firudin Hacıyevə tapşırıq verdi ki, əklil və qızılgül dəstələri alıb hazırlasınlar.

 

Təklif hamımızın ürəyincə oldu. Cümhuriyyət tarixini gözəl bilən Murtuz müəllim o axşam Şərqin ilk Demokratik Respublikasından, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun gənc respublikanın müstəqil dövlət kimi tanınmasında göstərdiyi xidmətlərdən və çəkdiyi əziyyətlərdən maraqlı söhbətlər etdi. Söhbətin sonunda bir daha vurğuladı ki, müstəqilliyin əldə edilməsində iki vacib şərt olmalıdır: tarixi şərait və Lider. Əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik əzmi və iradəsi olmasa idi əsrin sonundakı müstəqilliyimizində taleyi acı ola bilərdi.

 

Səhər saat 10:00-da Fransa Senatının nümayəndəsinin də qatıldığı dəstəmiz Parisin Sen Klu məzarlığına gəldik. Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəyovlinin məzarlarını ziyarət etdik, əklil və gül dəstələri qoyduq, fatihə verib cümhuriyyət qurucularına rəhmət dilədik.

 

Ənənə və varislik

 

Bu il bayramlar, yubileylər, təntənələr ilidir. Cənab Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etmişdir. Azərbaycan dövləti ADR-in siyasi varisi olaraq Şərqdə ilk Demokratik Respublikanın qurulmasının 100 illik yubileyini müxtəlif tədbirlərlə təntənə ilə qeyd etmişdir və yubiley tədbirləri bu gündə davam edir.

 

Bu ilin iyun ayında Milli Ordunun yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir. Nuru paşanın komandanlığı altında Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinin təntənəli şəkildə qeyd olunması, bu hərbi paradda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk silahlı qüvvələrinin iştirakı Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının ifadəsi olmaqla yanaşı, həm də dövlətimizin qüdrətinin nümayişi olmuşdur.

 

2018-ci il sentyabrın 21-də Azərbaycan Respublikasının Milli Məclisində milli parlamentimizin yaradılmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Parlamentin təntənəli iclasında 45 ölkədən və  9 beynəlxalq təşkilatdan gəlmiş 300 nümayəndə iştirak etmişdir. Bu böyük bayram münasibətilə deputatları və qonaqları təbrik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev parlamentin müstəqil Azərbaycanın həyatında rolunu yüksək qiymətləndirərək demişdir: “Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyev dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz tövhəsini verir.”

 

Bu il həm dəÜmummilli Lider Heydər Əliyevin ən yaxın, sədaqətli silahdaşlarından, “Əlincə” cəmiyyətinin, 91-lər hərəkatının ən fəal üzvlərindən biri, YAP sədr müavini, I və II çağırış Milli Məclisin sədri olmuş professor Murtuz Ələsgərovun 90 illik yubileyidir. Şübhəsiz ki, bu yubiley də ölkəmizin elm ictimaiyyəti,  hökumət və Milli Məclis tərəfindən layiqincə qeyd olunacaqdır.

 

Amma mənim düşüncəm və arzum ondan ibarətdir ki, dövlətçilik və parlamentarizmdə varislik ənənəsi daim yaşasın, nəsildən nəsilə ötürülsün. Dövlətimizin qurulmasında, möhkəmləndirilməsində əməyi olan professor Murtuz Ələsgərov kimi kişilərin xatirəsi yüz il bundan sonra da əziz tutulsun. Mən buna inanıram. Çünki biz dövlətçilik ənənəsi və milli yaddaşı olan xalqıq, dünəni unudanlardan deyilik. Həm də ona görə inanıram ki, bu gün Heydər Əliyev Azərbaycanın sükanı arxasında işıqlı sabahlarımızın təminatçısı, qədirbilən Prezidentimiz cənab İlham Əliyev dayanır.

 

Musa URUD,
Millət vəkili
 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi