Modern.az

“Saakaşvili seçkidən öncə Gürcüstana gələ bilər” - Deputat eks-prezidentin komandasından DANIŞDI

“Saakaşvili seçkidən öncə Gürcüstana gələ bilər” - Deputat eks-prezidentin komandasından DANIŞDI

Aktual

30 Sentyabr 2018, 11:00

Oktyabrın 28-də Gürcüstanda  prezident seçkiləri keçiriləcək. Seçkilərdə 25 namizəd iştirak edəcək. Onlardan 19-u siyasi partiyaları, 6-sı isə təşəbbüs qruplarını təmsil edir.

Hazırda dünyanın diqqəti Gürcüstanda keçiriləcək seçkilərə yönəlib. Çünki Gürcüstanın sabiq prezidenti, hazırda Hollandiyada yaşayan Mixail Saakaşvilinin ölkəyə qayıda bilməsi diqqət mərkəzindədir.

Bir neçə gün bundan qabaq Gürcüstanda yaşayan azərbaycanlı deputat Azər Süleymanov sosial şəbəkədə Saakaşvili ilə birgə fotosunu paylaşıb.

Bununla bağlı Modern.az-a açıqlama verən Azər Süleymanov Saakaşvili ilə çəkilən şəklinin yeni olduğunu bildirib. Azərbaycanlı deputat Saakaşvilinin Gürcüstana yaxın zamanlarda qayıdacağından da söz açıb:

“Foto bu günlərdə Hollandiyada çəkilib. Bildiyiniz kimi, Saakaşvili hələ ki, Gürcüstana gələ bilmir. Amma Saakaşvilinin Gürcüstana gəlməsinə çox az qalıb. Ola bilsin bir, ya da 2 aya onun vətəninə gəlməsi reallaşsın. Amma bu, mütləq olacaq. Hazırda partiyamızın namizədi Amerikadadır. Xaricdə yaşayan immiqrantlarla görüşlər keçirir. Amerikadakı exit-pollun knəticəsinə görə, hakim partiyanın dəstəklədiyi namizəd Salome Zuravişvili ən son yerlərdə qərarlaşıb. Bir namizədə ki, pravoslov kilsəsi, yerli əhali qırmızı kart göstərsin, o, hansı səsvermədə yüksək nəticədən danışa bilər?!  
Əgər bu gün seçki keçirilsə, Qriqol Vaşadze hər namizəddən 15-20 % artıq səs toplayıb irəlidə olacaq. Bu da onun göstəricisidir ki, Saakaşvilinin komandasının uğuru qaçılmazdır.  Bu, onu göstərir ki, Saakaşvili seçkidən öncə də Gürcüstana gələ bilər. Bu məsələni gündəmdən çıxarmaq olmaz. Saakaşvili sabah da gələ bilər”.

Azərbaycanlı deputat artıq Gürcüstanda mövcud inqilabın yetişdiyini də söyləyib.

“Bugünkü  hakim “Gürcü arzusu” partiyası qorxu altındadır. Bunu tam məsuliyyətimlə deyirəm. Ona görə ki, 6 il ərzində insanlara verilən vədlərin biri də yerinə yetirilmədi. Çörəkdən tutmuş hər şeyin qiyməti bahadır. Ən pisi də odur ki, insanların sabahkı günə ümidi itib. Yeganə çalışan bəzi müəssisələr İvanaşvilinin banklarıdır. Başqa heç nə... Demək olar ki, artıq Gürcüstanda inqilab dövrünü yaşayırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir