Modern.az

Baş redaktor: “AzVision-da hər kəs ailə üzvüm, bacım, qardaşımdır” - MÜSAHİBƏ

Baş redaktor: “AzVision-da hər kəs ailə üzvüm, bacım, qardaşımdır” - MÜSAHİBƏ

1 Oktyabr 2018, 13:41

Bu gün AzVision.az saytının yaradılmasından 6 il ötür.

Saytın baş redaktoru Vüsal Məmmədov bu münasibətlə təəssüratlarını Modern.az-la bölüşüb.

Vüsal bəy, Azvision.az kollektivi ilə birlikdə bu günü necə qeyd edəcəksiniz?

- İndiyə kimi ad günlərimizi hər il kollektivlə birlikdə qeyd etmişik. Amma bu gün üçün hələlik konkret planımız yoxdur. Hərçənd, öz adımdan danışsam, sevimli kollektivimlə keçirdiyim hər gün mənə bayramdır. Bunu tamamilə pafossuz, dəbdəbəsiz, ürəkdən deyirəm. Mən bizim saytlar qrupunda çalışan hər bir insanı ailə üzvüm, bacım, qardaşım, ən azı, yaxın dostum kimi sevirəm. Bu insanları hər gün görmək, onlarla danışmaq, işləmək, zarafatlaşmaq mənim üçün həyatın ən böyük lütfüdür, xoşbəxtliyin özüdür. Başqa heç bir şeyə ehtiyac da hiss eləmirəm.


- Hazırda saytın çalışmasında, inkişafında çətinliklər, problemlər varmı?

- Çətinlik və problem ancaq yaradıcı xarakterli olur ki, onları da həll etmək böyük bir zövqdür, peşəkarlıq müstəvisində irili-xırdalı qələbələrdir. Ümumiyyətlə, geniş mənada həyat, dar mənada isə peşəkar fəaliyyət - problemlərin həlli ardıcıllığı deməkdir. Bundan çəkinmək lazım deyil. Çətinliklər də bizim işimizin və həyatımızın tam hüquqlu mərhələləridirlər.


- Gələcək planlarınız nədir? Yeni layihələr olacaqmı?


- Jurnalistika - yaradıcılıqdır, yaradıcılıq isə planı sevmir. Yaradıcılıq - həmişə axtarışdır və sən axtardığını nə vaxt tapacağını heç vaxt qabaqcadan tam planlaşdıra bilməzsən. Bir də görürsən, axtardığın, istədiyin heç gözləmədiyin, ummadığın bir vaxtda alınır. Sən ancaq hansı istiqamətdə getməyi - axtarmağı seçə bilərsən. Əlbəttə, çox yeniliklər olacaq, bəzi şeyləri dəyişəcəyik, bəzi işləri yenidən, başqa şəkildə görəcəyik. Zatən irəliyə hərəkət indiyə qədər heç vaxt dayanmayıb, bundan sonra da mütləq olacaq, başqa cür mümkün deyil.


Modern.az saytı olaraq AzVision.az kollektivini gözəl gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.


Aysel Aslan

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir