Modern.az

İbad Hüseynov Xocavəndin işğalından DANIŞDI: “Azərbaycan əhalisinin 20 faizi döyüşsəydi...”

İbad Hüseynov Xocavəndin işğalından DANIŞDI: “Azərbaycan əhalisinin 20 faizi döyüşsəydi...”

2 Oktyabr 2018, 14:21

Bu gün Xocavəndin işğalından 26 il keçir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistanın işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolu, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulan maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.


26 ildir düşmən tapdağı altında qalmış Xocavəndi “əsirlik”dən necə azad edə bilərik?

 

“Azərbaycan bayrağı” ordenli keşçmiş döyüşçü İbad Hüseynov Modern.az-a deyib ki, Xocavənd işğal edilən vaxtlarda Azərbaycanın Ermənistanla döyüşlərin dayandırılması barədə  müqaviləsi var idi:

“Həmin dövrdə döyüşlər dayandırılmışdı, danışıqlar aparılırdı. O söhbətlər gedən vaxt ermənilər hiylə işlədərək Xocavəndi işğal etdilər”.

 

İ.Hüseynov bildirib ki, əgər Azərbaycan əhalisinin 20 faizi döyüşsəydi, torpaqlarımızın 20 faizi işğal olunmazdı:

“Belə olardısa, əvvəllər itirdiyimiz torpaqları da işğaldan azad edərdik. Mən bu sözləri Moskvada Dumada da demişəm. Mən orada “Biz 70 il ruslarla bir olduq, onlara xidmət etdik, amma sonra Rusiyanın Ermənistana yardımı ilə bizim torpaqlarımız işğal olundu” dedim. Biz o vaxt torpaqlarımızı işğaldan azad edəcəyik ki, millət, xalq olaraq bir nöqtəyə vuracağıq. Erməni bizi bizdən yaxşı tanıyır. Erməni biləndə ki, biz bir millət, xalq kimi Qarabağı işğaldan azad etməyə hazırıq, o zaman özləri yalvarıb gedəcəklər”.

 

İ.Hüseynov deyib ki, o, Xocavənd ərazisində gedən döyüşlər zamanı Ermənistanın bir neçə yüksək rütbəli komandirini məhv edib.  

“Ermənilərin ən strateji mövqelərini ələ keçirdim. Mən kəşfiyyatın komandiri idim. Ermənilərin bir bazası, postu qalmadı ki, vurmayaq. Tanklarını, hərbi maşınlarını partladırdıq. Ermənilər qorxularından yola maşın çıxara bilmirdilər. Düşmən də çox gözəl bilir ki, biz onları bir andaca məhv etmək gücündəyik. Ermənilər döyüşən xalq deyil, onlar himayədarlarının hesabına bizim torpaqları işğal etdilər”.

 

İbad Hüseynovun sözlərinə görə, Azərbaycan əsgəri müharibə zamanı Ermənistan hərbçiləri kimi qəddarlıqlar etməyib.

“Biz heç bir zaman əliyalın, qadın, uşaq, yaşlılara atəş açmadıq. Dəfələrlə kəşfiyyat vaxtı erməni qadınlar, uşaqlar qarşımıza çıxdı, amma heç vaxt silahımızı onlara tuşlamadıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?