Modern.az

Nizami Cəfərov yeni Orfoqrafiya qaydalarına etirazları ŞƏRH ETDİ

Nizami Cəfərov yeni Orfoqrafiya qaydalarına etirazları ŞƏRH ETDİ

2 Oktyabr 2018, 15:16

“Yeni Orfoqrafiya qaydaları ilə bağlı müxtəlif mülahizələr söylənildi. Onların bir hissəsi qəbul olundu.  Təbii ki, qaydalara Nazirlər Kabineti baxmalıdır. Ən çox müzakirə olunan məsələlərdən biri də qoşa “y” samiti ilə bağlı idi. O, qəbul olunmadı. Yerdə qalan sözlərdə isə mübahisəli məqamlar var. Düşünürəm ki, bir çox sözlərdə çox da dəyişiklik etmək lazım deyil. Bəlkə  heç buna ehtiyac da yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov Orfoqrafiya Komissiyası tərəfindən müzakirəyə çıxarılan məsələyə münasibət bildirərkən deyib.

 Deputat bildirib ki, bəzi sözlər lazımi şəkildə cəmiyyətə təqdim olunmur:

“Əsas dəyişiklik bizdə Orfoqrafiya qaydaları ilə bağlıdır. Orfoqrafiya qaydalarını cəmiyyətə sistemli şəkildə təqdim etməyi bacarmalıyıq. Onsuz da qaydalar bizə məlumdur. Sadəcə olaraq o lazımi şəkildə cəmiyyətə təqdim olunmur. Çox vaxt yazı əhli qaydalara düzgün riayət etmir. Bir-iki mübahisəli məsələ var ki, o da düzələcək. Çünki bu işlə mütəxəssislər məşğuldur. Onlar da bunu çox yaxşı bilirlər”.

Nizami Cəfərov Orfoqrafiya Komissiyasının gördüyü işlərə ictimaiyyətdən gələn  etirazlara da toxunub.

“Elə məsələlər var ki, onu ictimaiyyətlə müzakirə etməyə ehtiyac yoxdur. O cür məsələləri peşəkarlar müzakirəyə çıxarmalı  və peşəkarlar da həll etməlidir. Düşünürəm ki, o da olacaq”.

Xatırladaq ki, Orfoqrafiya Komissiyasının 13 sentyabr tarixli yekun iclasının sonunda aşağıdakı maddələr qəbul edilməyib:

 - Maddə 34: Ərəb mənşəli –iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa y samitlərindən birinin düşməsi.

Mövcud variant: ədəbiyyat, riyaziyyat, davamiyyət və s.

Təklif olunan variant: ədəbiyat, riyaziyat, mədəniyət, davamiyət, cərahiyyə, maliyyə və s.

- Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa m hərflərindən birinin düşməsi:

Mövcud variant: qrammatika, kommersiya, kommutator, kommensal, kommentari, kommentator, kommersant, simmetriya, kommunist, meqommetr, lemma (riyaz.), lemminq (-lər) (zool.) və s.

Təklif olunan variant: qramatika, komersiya, komutator, komensal, komentari, komentator, komersant, simetriya, komunist, meqometr, lema (riyaz.), leminq (-lər) (zool.) və s.

 - Apostrofun ləğvindən sonra sözlərdə heca yerinin dəyişməsi. 

Mövcud variant: sür′-ət, cür′-ət, məş′əl, Kən′-an və s. 

Təklif olunan variant: sü-rət, cü-rət, mə-şəl, Kə-nan və s.


Qəbul edilən yeni maddələr isə bunlardır:

- Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: ssenari, ssuda.

Təklif olunan variant: senari, suda.

- Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.

Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.

Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

- Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

 Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.

- Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa,ümum-Bakı, ümum-Rusiya və s.

- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

- Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi.

- Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir