Modern.az

“Murtuz Ələsgərovla tez-tez məsləhətləşirdik” - Ziyad Səmədzadə

“Murtuz Ələsgərovla tez-tez məsləhətləşirdik” - Ziyad Səmədzadə

Aktual

2 Oktyabr 2018, 17:21

Bakı Dövlət Universitetində Azərbaycan Milli Məclisi, Yeni Azərbaycan Partiyası və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib.

 

Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-a açıqlamasında deyib ki, Müstəqil Azərbaycan dövlətinin formalaşmasında, onun qanunvericilik bazasının möhkəmləndirilməsində Murtuz Ələsgərovun böyük əməyi var.

 

“Ümumiyyətlə, Azərbaycanda tarixən hüquqşünas  alimlər az olub. Murtuz müəllim Azərbaycan elminin XXI əsrdə yetişdirdiyi ən nadir hüquqşünaslardan biri idi. Hesab edirəm ki, onun 90 illik yubileyinin bu cür təntənəli şəkildə qeyd edilməsi obyektiv bir zərurətdən irəli gəlir. Çünki Murtuz müəllim ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olub. O, hər zaman ümummilli liderin yanında olub. Onunla birlikdə tövsiyələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətçilik bazasının yaranmasında müstəsna rol oynayıb”.

 

Ziyad Səmədzadə bildirib ki, zamanında tez-tez Murtuz Ələsgərovla məsləhətlər aparıb.

 

“Murtuz Ələsgərov Azərbaycan dövlətçiliyinin  müstəqilliyinin əldə olunması üçün çox fəal iştirak edirdi. 1991-ci ilin sentyabr aylarını çox yaxşı xatırlayıram. O  zaman Ali Sovet sədrinin birinci müavini idim. Azərbaycan Müstəqillik Aktının qəbul edilməsi ilə əlaqədar olaraq tez-tez Murtuz müəllimlə məsləhətləşirdik.

 

Bu məsələlərdə o çox fəal iştirak edirdi. Murtuz müəllimin Azərbaycan dövlətinin hüquqi bazasının yaradılmasında bir alim kimi müstəsna xidmətləri olub. Azərbaycanda ilk parlament seçkiləri keçiriləndən sonra o, bütün varlığı ilə görkəmli hüquqşünas alim kimi respublikada hüquqi qanunların hazırlanmasında bilavasitə iştirak edirdi. Onun məsləhətləri əsas verirdi ki, Azərbaycanın qəbul etdiyi qanunlar beynəlxalq standartlara uyğun olsun və Azərbaycanın milli maraqlarına cavab versin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir