Modern.az

Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiyası keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiyası keçirilib

Mədəni̇yyət

8 Dekabr 2009, 10:11

Abşeron rayon İcra Hakimiyyətinin konfrans salonunda respublika Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib. İclasda Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin, habelə Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyəti hmüzakirə olunub. Kollegiya iclasında Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və Abşeron rayon İcra hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.
Kollegiyanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. Nazir qeyd edib ki, nazirliyin səyyar kollegiyalarının keçirilməsi yaxşı bir ənənəyə çevrilib. İndiyə qədər ölkənin 8 rayonunda səyyar kollegiyalar keçirildiyini bildirən nazir qeyd edib ki, xalqın mənəvi dəyərlərinin daşıyıcısı olan mədəniyyət və onun mühüm tərkib hissəsi olan turizm ölkənin çoxşaxəli palitrasını nümayiş etdirir, Azərbaycanın dünya birliyinə fəal inteqrasiya etməsinə şərait yaradır.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyəti sayəsində Azərbaycan YUNESKO-da və İSESKO-da layiqincə təmsil olunub. Son bir neçə ildə Azərbaycan mədəniyyətinin inciləri sayılan “Qobustan” və “İçərişəhər” qoruqları, muğam sənəti, aşıq musiqisi və Novruz bayramının YUNESKO-nun tərtib etdiyi bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi buna əyani sübutdur. İndi Azərbaycan müxtəlif festivallarda və baxışlarda fəal iştirak etməklə yanaşı, tez-tez beynəlxalq sərgilərin və tədbirlərin keçirildiyi ölkə kimi də çıxış edir.
Nazirliyin regionlarla iş rektorunun müdiri Azər Əhmədzadə Sumqayıtın və Abşeron rayonunun mədəniyyət və turizm qurumlarının fəaliyyəti haqqında xüsusi komissiya tərəfindən hazırlanmış arayış təqdim edib. Arayışda işdə yol verilmiş bəzi nöqsanlar da yer alıb.
Kollegiya iclasında Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qafarov, Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov da çıxış edib. Onlar təmsil etdikləri qurumların fəaliyyətində müsbət dəyişiklikləri qeyd etməklə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş bir sıra mühüm məsələlər qaldırıblar.
Tədbirdə bildirilib ki, Abşeron rayon İcra Hakimiyyəti 2010-cu ili mədəniyyət ili elan edib. Bununla əlaqədar müvafiq tədbirlər keçirilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə Qobu kəndində respublika etnoqrafiya muzeyi yaradılacaq.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və Abşeron rayonunun rəhbəri Zakir Fərəcov respublikada həyata keçirilən mədəniiyyət siyasətinin məqsədləri, vəzifələri və prinsipləri barədə məlumat verərək ölkənin mədəni-maarif sisteminin inkişafında dövlətin rolunu vurğulayıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konstruktiv və işgüzar şəraitdə keçən kollegiya iclasına yekun vuraraq konkret tapşırıqlar verib, ixtisasartırma kurslarının işinə, musiqi məktəblərinin audiotexnika ilə təchiz edilməsi, muzeylərin fondlarının yaxşılaşdırılması və genişləndirilməsi, respublikada turizm infrastrukturunun inkişafı barədə müvafiq şöbə və bölmələrə tövsiyələr verib.
Kollegiya iclasının sonunda Sumqayıtın 60 illiyi ilə əlaqədar şəhərin mədəniyyət müəssisələrinin işçilərinin böyük bir qrupu respublika Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanları və pul mükafatları ilə təltif edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir