Modern.az

Azay Quliyev: “ Azərbaycan dəfələrlə deyib ki, Tatarıstan modeli...”

Azay Quliyev: “ Azərbaycan dəfələrlə deyib ki, Tatarıstan modeli...”

Müsahibə

17 Oktyabr 2011, 15:08

Azərbaycanın Avrpopada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quluyev Modern.az saytına müsahibə verib.

- Azay müəllim, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı həmsədrlər ortaya üç məsələ qoyub. Güc tətbiq etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi...? Bu, nə qədər məqbuldur?

- Qeyd etdiyiniz hər üç məsələnin birgə qəbul edilməsi və tətbiqi haqqında bəzi dairələr, xüsusilə ermənilər bilərəkdən  yanlış məlumatlar və təhrif olunmuş şərhlər verməyə çalışırlar. Məsələ burasındadır ki, hər üç prinsip heç bir halda biri-birinə qarşı ziddiyyət təşkil etmir və onların qəbulu Azərbaycanın milli maraqlarına əks deyil. Birinci məsələ, bəli, Azərbaycan dəfələrlə çıxış edib ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Biz müharibənin tərəfdarı deyilik. Buna mane olan yeganə ölkə Ermənistandır. O, konstruktivlik nümayiş etdirərək yenilənmiş Madrid prinsipləri çərçivəsində məsələnin həllinə razılıq versə, məsələ həllini tapar. Tam əksinə,  hazırkı vəziyyətin yaranmasına səbəb Ermənistanın  güc tətbiq etməsi və ölkəmizin ərazisini işğal etməsidir. O ki qaldı dediyiniz digər məsələyə, ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmə prinsipinin eyni vaxtda tətbiqinə, burada heç bir ziddiyyətli məqam yoxdur. Ərazi bütövlüyünün qorunması və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin pozulmaması- bu, norma olaraq hər bir münaqişədə tətbiq olunur və yetər ki, sərhədlərin dəyişdirilməsinə hər iki tərəf razılıq verməsin. Buna görə də Azərbaycanın mövqeyi birmənalıdır, onun ərazi bütövlüyü pozula bilməz, münaqişəyə və təcavüzə uğramış dövlət kimi Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə israrlıdır və gec-tez bu baş verəcək. O ki qaldı ki, özünün müqəddəratını təyin etmə məsələsinə, ermənilər bilərəkdən bunu təhrif edirlər. Özünü müqəddaratını təyin etmə məsələsi heç də ərazi bütövlüyünün pozulması anlamına gəlib çıxmır. Özünü təyinetmə məsələsi hər bir dövlətin suverinliyi, ərazi bütövlüyü, ərazilərin toxunalmazlığı prinsipi çərçivəsində öz əksini tapmalıdır. Yəni indiki halda Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanın ərazi bütövlüyü çərvisəində özünün idarəetmə formasını müəyyənləşdirməlidir. Amma bu o demək deyil ki, mütləq şəkildə bunu etmək üçün Azərbaycan ərazi bütövlüyü pozulmalı və yaxud Dağlıq Qarabağ Azərbaycandan qoparılmalıdır. Burada biri-birinə zidd olan məqam yoxdur. Ona görə də Azərbaycan dövləti, cənab Prezident Helsinki yekun aktını bu prinsiplərini qəbul edib. Bu baxımdan da bundan sonra referundum, yaxud sorğu keçirilsə bunların hamısı yalnız öz müqəddəratını təyinetmək üçün, özünü idarə etmə formasını seçən zaman yalnız və yalnız bu prinsiplərə hörmət etmə şərti ilə həyata keçirilə bilər. Heç vaxt nə referundumda, nə də hər hansı bir sorğuda Dağlıq Qarabağın Azərbaycandan kənar müstəqilliyindən, Azərbaycandan ayrılmasından, Ermənistana birləşməsindən söz açıla  bilməz. Azərbaycanın tərkib hissəsində hansı model ola bilər? Azərbaycan dəfələrlə deyib ki, Tatarıstan modeli...Tatarıstanın müstəqilliyi kifayət qədərdir. Aland adaları modeli...Aland çox gözəl bir nümunədir. Burada demək olar ki, əhalinin əksəriyyəti isveçli olan Aland adaları Finlandiyanın tərkibində kifayət qədər muxtariyyata malikdir. Yəni bu məsələ Finlandiyanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə öz həllini tapıb. Artıq Avropanın  belə təcrübəsi var. Ona görə də bir daha demək istəyirəm ki, burada öz müqəddaratını təyin etmə məsələsi yalnız və yalnız ertmənilər tərəfindən yanlış şərh edilən yanaşmadır. Heç bir halda o prinsiplər biri-birinə ziddiyət təşkil etmir.

- Bəs Kosova?

- Kosova ilə Dağlıq Qarabağ tam fərqli məsələlərdir. Bu münaqişələr arasında istər tarixilik, istərsə mahiyyət baxımından paralelik aparmaq mümkün deyilr.  Ona görə ki, birinci Serbiya Kosovada etnik təmizləmə siyasəti həyata keçirdi. Amma Dağlıq Qarabağda azərbaycanlılar və Azərbaycan özü  etnik təmizlmə siyasətinə məruz qalıb. İkincisi, 1997-ci ildə Kosova Serbiyanın tərkibində yüksək muxtariyyat almaq şərtilə qalmağa razılıq versə də, Serbiyanın o vaxtkı hakimiyyəti bu təklifi rədd etdi. Dağlıq Qarabağda isə əksinə 1989-cu ildə Ermənistan Parlamentinin qanunsuz qərarı ilə Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Göründüyü kimi Serbiyadan  fərqli olaraq Azərbaycan rəsmi olaraq digər bir müstəqil dövlət, yəni  Ermənistan tərəfindən ərazi iddiası ilə üz-üzə qaldı. Üçüncüsü, Serbiyanın etnik təmizləmə və işğalçılıq siyasətini durdurmaq üçün BMT-nin Təhslükəsizlik Şurasının 1244 saylı qətnaməsi qəbul edildi və 1999-cu ildə NATO bölgəyə hərbi müdaxilə etdi. Bundan sonra  Kosovonun idarə olunması BMT-yə həvalə olundu. Dağlıq Qarabağda isə əksinə BMT-nin Təhslükəsizlik Şurası qəbul etdiyi 4 qətnamə ilə Ermənistanın təcavüzkarlığını pislədi və Dağlıq Qarabağ və ətraf rayonların dərhal azad olunmasını tələb etdir.
Onu da qeyd edim ki, hazırda 2 milyon əhalisi olan Kosovada 15 faiz serb yaşadığı halda, 100 minə yaxın əhalisi olan Daglıq Qarabağda 1 nəfər də olsun azərbaycanlı yaşamır. Bu isə bir daha məsələnin mahiyyətinin nədən ibarət olduğunu əyani şəkildə göstərir.
Əlbəttə bu məqamları davam etmək olar, məncə qeyd etdiklərim  tam kifayət edər ki, hər iki münaqişənin nə qədər fərqli olduğunu qəbul edək.

- Sülhməramlı qüvvələrlə bağlı mübahisəli məqamların olduğu söylənilir...


- Bu məsələnin detalları ilə bağlı məndə məlumat yoxdur, yəni sülhməramlı qüvvələrin tərkibində kimlər ola bilər və s. Burada iki variant var. Birinci variant idur ki, sülhməramlı qüvvələrin tərkibində ümumiyyətlə həmsədr ölkələrin heç birinin təmsilçiliyi olmur. İkincisi isə odur ki, region dövlətlərinin burada iştirak etməsi yasaqlanır. Məncə bunların ikisi də maraqlı təklifdir. Sülhməramlı qüvvələr çox mühüm mandatdır. Bunlar kifayət qədər obyektiv və tərəfsiz olmalıdırlar. O baxımdan mən düşünürəm ki, həmsədr ölkələrin doğrudan da burada təmsil olunması o qədər də arzu olunan deyil.  Həm də ola bilsin ki, region dövlətlərinin burada müəyyən maraqları olsun. Ona görə də bu məsələdə neytral, kifayət qədər baxışı obyektiv olan dövlətlərin iştirakı mümkündür. Amma bu sülhməramlı qüvvə nə vaxt gələcək, bu məsələ önəmlidir. Sülhməramlı qüvvələr o vaxt gələr ki, artıq hər iki ölkə arasında sülh sazişi imzalansın, o sazişə əsasən ermənilər Azərbaycanın Dağlıq Qarabağın ətrafından 7 bölgəsindən çıxsınlar, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz evlərinə qayıtsınlar, xüsusilə də ətraf rayonlara, kəndlərə qayıtsınlar və ondan sonra kommunikasiya açılandan sonra hər iki icmanın təhlükəsizliyini qorumaq üçün ora sülhməramlı qüvvələr yerləşdirilə bilər. Bu dövrdə isə Dağlıq Qarabağın aralıq statusu müəyyənləşəcək. Bu aralıq statusu o deməkdir ki, sülhməramlı qüvvələrin nəzarətilə aralıq statusunda Dağlıq Qarabağ idarə olunur. Bundan sonra  hər iki icmanın yaxından iştirakı və bərabər şəkildə rəyi nəzərə alınmaqla  Dağlıq Qarabağın yekun hüququ statusu müəyyənləşir. Bu status isə  Azərbaycan ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinə zidd ola bilməz.

-  ATƏT PA-nın son sessiyasının Azərbaycan üçün uğurlu keçməsini nə ilə əlaqələndrirsiniz?

-  Birinci ona görə ki, haqq-ədalət, beynəlxalq hüquq, obyektivlik bizim tərəfimizdə idi. İkinci ona görə ki, Azərbaycan 15-20 il bundan əvvəlki ölkə deyil. Artıq Azərbaycanı hamı tanıyır və ona hörmətlə yanaşır. Uzun illər layiqli və dünyəvi dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin gördüyü işlər və bu işlərin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi bu kimi tale yüklü məsələlərdə öz müsbət nəticəsini verir. Təsadüfi deyildi ki, sessiyada çıxış edən aparıcı Avropa dövlətlərinin nümayəndələrinin əksəriyyəti Azərbaycanda olmuş, buradakı hər-tərəfli inkişafı və tolerantlığı  öz gözlərilə görmüşlər. Azərbaycan haqqında obyektiv və müsbət fikrin yaranmasında bu faktın böyük rolu var. Nəhayət, Milli Məclisin, ATƏT PA-da nümayəndə heyətimizin son illər apardığı sistemli və ardıcıl iş də öz bəhrəsini verdi. Bu baxımdan çıxış edən natiqlərin heç biri Ermənistanın işğal faktına haqq qazandırmadı, əksinə onu çox ciddi qınayanlar oldu. Bu sessiya Dağlıq Qarabağ probleminin əsl mahiyyətini və Azərbaycanın  obyektiv mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından çox mühüm bir hadisə oldu.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir