Modern.az

Hansı dövlət universitetinin mətbuat xidməti yaxşı işləyir?

Hansı dövlət universitetinin mətbuat xidməti yaxşı işləyir?

8 Dekabr 2009, 11:06

“İnformasiya əldə etmək haqqında” qanunda göstərilir ki, Azərbaycanda hər bir dövlət qurumu öz daxilində ictimaiyyətlə əlaqələr şöbəsi yaratmalıdır. Təəssüf ki, hələ də bəzi qurumlar qanunun tələblərindən irəli gələn vəzifəni icra etmir, ictimaiyyətlə əlaqələrə maraq göstərmir. Bəs ölkədə fəaliyyət göstərərn dövlət ali məktəblərinin ictimaiyyətlə əlaqələri hansı səviyyədədir, onların mətbuat xidmətləri varmı? Mövcud tələblərə görə, hər bir universitetin mətbuat xidməti olmalı, öz internet saytı yaradılmalı və onlar inkişaf etdirməlidir. Araşdırmalar göstərir ki, bəzi dövlət ali məkltəblərinin mətbuat xidmətləri yaradılsa da, onlar adi informasiyanı hazırlamaq iqtidarında deyil, ictimaiyyətlə, o cümlədən KİV-lə əlaqələri zəifdir. Modern.az bu istiqamətdə sorğu keçirib. Məlum olub ki, universitetlərin bəzilərində mətbuat xidməti fəaliyyət göstərsə də, bir çoxlarının ictimaiyyətlə əlaqələr işini rektor köməkçiləri, dekanlar və ya prorektorlardan biri həyata keçirir.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsi fəaliyyət göstərir. Rəhbəri Şərəf Cəlillidir. Ancaq bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd göstərsək də, yerində tapa bilmədik. BDU-nun internet saytı və “Bakı universiteti” adlı qəzeti də var.

Azərbaycan Dillər Universitetində (ADU) mətbuat xidməti 2008-ci ilin dekabrında yaradılıb. Rəhbəri Zeynəb Kazımovadır. Z.Kazımova bildirdi ki, mətbuatla əlaqələri intensivləşdirməyə çalışırlar: “ Universitetdə keçirilən tədbirləri və digər mühüm layihələrimizi hər zaman mətbuatda işıqlandırırıq. ADU-nun özünün “Poliqlot” adlı qəzeti də fəaliyyət göstərir. Tələbələrimiz də bu qəzetlə əməkdaşlıq edir”.

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidməti 2005-ci ilin may ayında yaradılıb. Rəhbəri Adil Əliyevdir. A.Əliyev bildirdi ki, universitetdə gedən bütün prosesləri mətbuatda işıqlandırmağa çalışırlar: “Bizim normal şəbəkəmiz var. Universitetlərdə mətbuat xidmətlərinin yaradılması vacibdir. Çünki onlar daim ictimaiyyətlə əlaqələr yaratmalıdırlar. BSU-nun nəzdində “Tələbə dünyası” adlı qəzet də fəaliyyət göstərir”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidməti 2007-ci il mayın 15-də yaradılıb. Rəhbəri İntiqam Mehdizadədir. İ. Mehdizadənin sözlərinə görə, mətbuatla əlaqələri çox yaxşıdır: “Mütəmadi olaraq bizim yazılarımızı verən mətbuat orqanları ilə əlaqə saxlayırıq. Əsasən də hər zaman bizim yazıları işıqlandıran “525”-ci qəzetlə əməkdaşlıq edirik. Universitetimizin mətbu orqanı olan “Mədəniyyət və sənət” jurnalı da fəaliyyət göstərir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsi 2006-cı il oktyabrın 5-də yaradılıb. Rəhbəri Mansur İbrahimovdur. M.İbrahimov dedi ki, mətbuatla münasibətləri normaldır: ”Universitetdə keçirilən mədəni-kütləvi tədbirlərin mətbuat və televiziyada işıqlandırılması mətbuat və informasiya şöbəsinin xətti ilə həyata keçirilir. Şöbənin tərkibində nəşr olunan  “Gənc müəllim” qəzeti təhsil, tədris və ictimai həyatı həmişə işıqlandırır”.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ayrıca mətbuat xidməti yoxdur. Ancaq bu işi dekan və media təmsilçisi Elxan Axundov icra edir. E.Axundov bildirdi ki, ADNA mətbuatla geniş əlaqə qura bilib: “Akadimiyanın müəllim və tələbələri “Azərbaycan müəllimi”, “Azad Azərbaycan”, və “Vışka” qəzetləri ilə əməkdaşlıq edir. Mətbuatla əlaqələrimiz isə normal səviyyədədir”.

Azərbaycan Texniki Universitetinin (ATU) də ayrıca mətbuat xidməti yaradılmayıb. Ancaq həmin xidmətin səlahiyyətinə daxil olan işləri ATU-nun nəzdində dərc edilən “Ziya” qəzetinin redaktoru Müşfiq Çobanlı icra edir. O, mətbuatla geniş əlaqələr yaratdıqlarını dedi.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti yoxdur. Bu işlərə

prorektor Zəfər Bayramov baxır.

Azərbaycan Müəllimlər Institutunun da  mətbuat xidməti yaradılmayıb. 

  

Günay MUSAYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir