Modern.az

Milyonların qəlbini fəth edən türk qadın

Milyonların qəlbini fəth edən türk qadın

18 Oktyabr 2011, 12:37

Onu ictimaiyyət arasında görərsək, sıradan bir qadın olduğunu düşünərik. Təvazökar görünüşü, sadə saç və geyim tərzi olduğundan onu milyonların qəlbinə yol tapan biri kimi təsəvvür etmək olmur. Elə sadə danışığı və davranışı da sanki görünüşü ilə paralel ölçülüb. Yaşı çox olmasa da, yaşından böyük uğurlara imza atan dünya şöhrətli türk yazıçısı Elif Şəfəqdir yazımın qəhrəmanı. 1971-ci ildə Strasburqda anadan olan Elif Şəfəq ilk romanını 1997-ci ildə qələmə alıb. Yazıçı, 15 illik yaradıcılıq həyatının ən qiymətli nümunələri olan “Qara süd”, “Bit Palas”, “Eşq”, “İsgəndər” adlı romanları ilə təkcə türklərin deyil, əcnəbi oxucuların da diqqətini cəlb edib. İngiliscə qələmə aldığı qalmaqallı “Ata və Bic” romanında türk-erməni əlaqələrindən bəhs edir. Bu romana görə, yazıçı dəfələrlə məhkəmə qarşısına çıxıb, ittihamlarla üzləşib. Elif Şəfəqin məşhur “Eşq” romanı isə ən az müddətdə ən çox satılan türk romanı kimi rekord göstərici əldə edib. Əsərlərində yaşamı, insanlığı, mövcud problemləri, xəyanəti, sevgini tərənnüm edən yazıçı özünün yazı dəsti-xətti ilə dünyada ən geniş oxucu auditoriyasına sahib olan yazıçılardan biridir.

Türk qadının düşüncə süzgəcindən keçən, istedadının məhsulu olan əsərlərin Qərb oxucuları tərəfindən bəyənilməsi, sevilməsi türk ədəbiyyatının ən böyük uğuru hesab olunmalıdır.

Seçdiyi mövzularla, yaratdığı obrazlarla yadelli oxucuları təsirləndimək, onların maraq dairəsinə düşmək Elif Şəfəqin təkcə yazarlıq qabiliyyətinin bəhrəsi deyil. O, həm də oxucuların dilini bilən, onların mənəvi aləminə baş vurmağın yollarını hərtərəfli şəkildə ölçüb-biçən bir psixoloqdur.

Elif Şəfəq “Türkiyədə yazar olmaq ...” adlı köşə yazısında qeyd edir ki, ədəbiyyatsevər gənclər tez-tez ona “Yazıçı olmaq necə hissdir” sualını ünvanlayırlar. Daha sonra suala verdiyi özünəməxsus cavabı yazıya əlavə edir: “Hərfləri və sözləri həddindən artıq sevmək, bir cümlə üçün bəzən bir saat düşünmək, ciddi araşdırmalar aparmaq, detallara vurğun olmaq deməkdir”  Yazıçılığı iynəylə quyu qazmağa bənzədən Elif Şəfəqin qənaətincə, bu işin 15 faizi istedada dayanırsa, 85 faizi gərgin əmək tələb edir.  

Elif Şəfəqin yaradıcılığını araşdırarkən sosial şəbəkələrdən birində yazdığı fikirlər diqqətimi çəkdi: “Hər gün qəzetləri narahatlıqla oxuyuruq, ürəyimiz ağzımızda. Bir ölkədə dinclik və tolerantlıq olmasa, nə sənət çiçəklənər, nə ədəbiyyat, nə də ümid ....
 
“İnsanın işi öyrənməkdir” deyən yazıçı daha bir fikrini belə ifadə edir: “Yazarlar bir-birilərinin kitablarını çox da oxumazlar, oxusalar da, oxumamış kimi göstərərlər. Amma “oxucu” olmadan “yazar” olmaq olmur.
 Sözə ən çox yazarlar, şairlər qiymət verərlər. Onlar sözü yalnız hərif düzümündən ibarət bir məfhum hesab etməzlər. Elif Şəfəq də sözə necə dəyər verdiyini belə qeyd edir: “Hər kəlimənin bir ruhu var. Gizli bir ruhu. Bəzən o sözlərinə dərinliyinə vara bilirik, bəzən isə anlamadan toxunub keçirik”.

ABŞ-ın müxtəlif nüfuzlu universitetlərində dərslər vermiş Elif Şəfəq həm də köşə yazarı kimi tanınmışdır. Onun köşə yazıları dünyanın məşhur “ The Guardian” qəzeti ilə yanaşı, Türkiyənin bir çox gündəlik və aylıq nəşrlərində də dərc olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir