Modern.az

Azərbaycanın antiterror siyahısına daha bir təşkilatın adı əlavə edildi

Azərbaycanın antiterror siyahısına daha bir təşkilatın adı əlavə edildi

6 Oktyabr 2018, 14:19

Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti sanksiya tətbiq edəcəyi şəxslərin siyahısına yeni adlar və təşkilatlar əlavə edib.

 

Modern.az Palatanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun Maliyyə Monitorinq Xidməti “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısı”nı BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 23 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yeniləyib.

 

“Qara siyahı”ya “Jama'a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) təşkilatının adı salınıb. Bu təşkilatın “Əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olduğu bildirilir. JNIM-in öz fəaliyyətini Mali və Burkina-Fasoda həyata keçirdiyi bildirilir.

 

Qeyd edilir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

 

Siyahını hazırlayan Maliyyə Monitorinqi Xidməti ölkə prezidentinin 2009-cu il 23 fevral tarixli, 66 nömrəli fərmanı ilə yaradılıb.

 

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən orqandır.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində öz səlahiyyətlərini Maliyyə Monitorinqi Xidməti vasitəsilə həyata keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir