Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

8 Dekabr 2009, 12:00

«Media əhvalatları» rubrikasının növbəti iştirakçıları həmkarlarımız Elbrus Seyfullayev, Vüsalə Rüstəmova, Zabil Müqabiloğlu və Fikrət Hüseynlidir. 

 

 

Elbrus Seyfullayev, Azəri Press Agentliyinin (APA) müxbiri

 

«Yalansa, Kəbə sənin belini qırsın»

 

- Təxminən 2 il əvvəl xalq şairi Bəxtiyar Vahabzadədən müsahibə almışdım. Rəhmətlik müsahibəsində belə bir cümlə işlətmişdi: «Mən bu xalqa lazım deyiləm». Mən də bu cümləni təbii ki, deyildiyi kimi yazmışdım. Qəzetlər də müsahibəni səhifələrində yerləşdirdilər. Yazı çıxan gün Bəxtiyar Vahabzadə mənə zəng edib müsahibə verəndə elə bir cümlə işlətmədiyini bildirdi. Mən and-aman elədim ki, demisiz, o, təkzib elədi. O vaxt da Həcc ziyarətindən təzə gəlmişdim. Gördüm ki, Bəxtiyar müəllimi heç cür inandıra bilmirəm, qayıtdım ki, «Bəxtiyar müəllim, getdiyim Kəbə haqqı, siz elə demisiniz». Bəxtiyar müəllim də acıqla «yalansa, Kəbə sənin belini qırsın», cavabını verdi.

Həmişə Bəxtiyar Vahabzadənin bu sözlərini xoş bir hadisə kimi xatırlayıram. Onu da qeyd edim ki, sonradan diktafonu da götürüb Bəxtiyar müəllimgimlə getdim və müsahibə zamanı dediyi həmin cümləni xatırlatdım.

 

«Qurban olduğum özü bilən məsləhətdir»

 

- Vaxtilə APA-da işləyən həmkarım Qurbanın yazısında redaktor Nurşən Quliyev çoxlu səhv tapar və Qurbanı çağırıb danlayardı. Qurban artıq hər yazısından sonra redaktorun onu yanına çağırmasına öyrəncəli olmuşdu. Buna görə də informasiyanı redaktorun kompüterinə göndərən kimi onun otağının qapısının yaxınlığında durub gözləyirdi ki, çağırılan kimi otağa daxil olsun. Bir dəfə yenə yazısını verib qapının arxasında durub gözləyirmiş. Nurşən Quliyev də kiminləsə söhbət edirmiş və söhbət əsnasında Allahı nəzərdə tutaraq «Qurban olduğum, özü bilən məsləhətdir» deyir. Bu dəm çağırıldığını güman edən Qurban özünü içəri atır ki, «bəli, Nurşən müəllim, eşidirəm».

  

Vüsalə Rüstəmova, «Bizim yol» qəzetinin əməkdaşı

 

İki il əvvəl ölən adamdan müsahibə

 

- «Bakı Xəbər» qəzetində işlədiyim vaxtlar idi. Planlaşdırmada qəzetin baş redaktoru Aydın Quliyev mənə mövzu verdi ki, Dövlət Sularda Xilasəetmə Xidməti (DSXX) ilə əlaqə saxlayıb onların hansı işlər gördüklərini, yeni avadanlıqlar alıb-almadıqlarını və s. öyrənim. Bilirdim ki, DSXX-yə zəng etsəm, süründürməçilik edəcəklər, axırda da məlumatı vermək üçün məni ofisə dəvət edəcəklər. Özü də isti yay günü idi. Bir sözlə, ərincəklik etdim. Üç-dörd gün əvvəl agentliklərin birində bu barədə informasiya getmişdi. Həmin informasiyanı götürdüm, ancaq mənbəni dəyişdim. İnformasiyanı DSXX-nin rəis müavini Sahib İsmayılova istinadən yazdım. Yazı çıxan günü səhər uşaqlar mənə zəng etdilər ki, bəs, sənin informasiya aldığın mənbə 2 ildir ölüb. Bu gün həmin idarədən zəng edib baş redaktorla danışıblar. Aydın müəllim bərk əsəbidi, hazırlıqlı gəl. Mən də təbii ki, gəlib səhvimi boynuma ala bilməzdim. Aydın müəllim məndən əsəbi şəkildə niyə belə bir səhvə yol verdiyimi soruşanda, özümü təmizə çıxarmaq üçün dirəndim ki, həmin adamla danışmışam. Amma bu hadisə mənə görk oldu. Ondan sonra tövbə etmişəm və çalışıram ki, mənbələrlə özüm danışmamış informasiyanı verməyim.

 

 

Zabil Müqabiloğlu, «Yeni Müsavat» qəzetinin redaktoru

Xalq yazıçısı Seymur Baycan

 

- Bir dəfə Gürcüstanda beynəlxalq tədbirdə gördüm ki, ermənilər bizim jurnalist Seymur Baycanın başına, saqqalına, üstünə SSRİ yazılan köynəyinə çox maraqla baxırlar. Tədbirdə fasilə yaranan kimi erməni jurnalistlərinə dedim ki, bu adam Azərbaycanın xalq yazıçısı, xalq şairi və xalq artistidi, cavan görünməyinə baxmayın Matevosyanla (ermənilərin məşhur yazıçısı) bərk dost olub. Bunu eşidən erməni jurnalistləri Seymurdan müsahibə almaq üçün az qala növbəyə durdular. 

«Heç bilirsən kimin qızına zəng eləmisən?»

 

- «525-ci qəzet»də işlədiyim vaxtlar idi. Könlümdən fotoqrafımız Rahimlə zarafat etmək keçdi. Öz nömrəmdən ona vızov atdım. Üstündən  bir az keçmiş Rahim zəng etdi. Telefonu həmkarım Sevda Sultanovaya verdim. Sevda rus dilində və naz-qəmzə ilə danışdı. Dedi ki, «çəkdiyiniz fotoların, özününzün heyranıyam. Sizə vurlmuşam, istəsəniz görüşərik». Axşamüstü saat 7-yə «Gənclik» mehmanxanasının qarşısnda görüş təyin etdilər. Sevda özünü Günel xanım kimi təqdim etmişdi. Saat 8-ə 2-3 dəqiqə işləmiş fotoqrafımız Rahim mənim nömrəmə zəng elədi və Günel xanımı soruşdu. Bir az qalın səslə Günel xanımın gözəllik salonunda olduğunu, mənim isə onun mühafizəçisi olduğunu söylədim. Bu minvalla Rahim təxminən 3 dəfə mənə zəng elədi. Sonuncu dəfə Rahimin üstünə qışqırdım və dedim ki, «heç sən bilirsən kimin qızına zəng eləmisən? Başına oyun açacağıq».

Fotoqraf bir də zəng etmədi. Bunun ardınca redaksiyadan ona zəng edib dedilər ki, filan məmur səni axtarır, nəsə telefon söhbətidi. Sonra da fotoqrafın evinə zəng vurub dedik ki, gələndə təcili filan nömrəyə zəng vursun. Təsəvvür edin, Rahim təxminən bir aya yaxın işə gəlmədi və telefonunu söndürüb şəkilləri redaksiyaya başqa yerdən göndərdi. Bizim xahişimizlə «Yeni Müsavat»ın fotomüxbiri də Rahimi aldatmışdı ki, bəs üç nəfər idmançı Bakı Mətbuat Klubuna gələrək onu axtarıblar. Bunu eşidən kimi Rahim tədbiri yarımçıq qoyub qaçmışdı. Bir müddət tədbirlərə də getmədi.

 

 

Fikrət Hüseynli, "Azadlıq" qəzetinin mühacirətdə olan müxbiri

«Siyasi meyitlər dirilir»

 

- «P.S.» qəzetində işlədiyim vaxt redaksiyamıza xəbər daxil oldu ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyev millət vəkilliyinə namizədliyini irəli sürmək istəyir. Bu informasiya əsasında «Siyasi meyitlər dirilir, Tahir Əliyev siyasətə qayıdır» başlıqlı məqalə yazdım. Yazının çapından sonra Tahir Əliyev hay-küylə redaksiyaya gəlib təkzib tələb etdi. Özü də dedi ki, təkzibi mütləq manşetə verməlisiniz. Mən də soruşdum ki, «Tahir müəllim, təkzibdə  nə yazaq? Yazaq ki, siyasi meyitlər dirilmir və Tahir Əliyev siyasətə qayıtmır?».

Tahir Əliyev də bir az fikirləşib «doğrudan da bunun təkzibi lap pis çıxır ki...» deyib bizim yaxamıxdan əl çəkdi.

 

Hazırladı: Lalə MUSAQIZI

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir